Dünya üzərində illərlə həll olunmayan çoxlu münaqişə ocaqları var. Hamısını saysaq, uzun olar. Qısaca deyək ki, onların sırasına artıq Müsavat-BŞİH münaqişəsi də əlavə olunub.
BŞİH-lə Müsavatın davası zal üstündədir. İxtilafın qısa xülasəsi belədir: partiya qurultay keçirmək istəyir, BŞİH-dən zal istəyir. BŞİH isə gah deyir, mənlik deyil, gah deyir, bu işə baxılır, gah da deyir, belə yer vermirəm, əlimin içindən gəlir, içində bir noxud var...
Müsavat da deyir, elə şey yoxdur, o vədə bu dövləti biz qurmuşuq, bayrağı biz qaldırmışıq, bu günə bu gün 70 ildən sonra dövlət müstəqilliyini biz bərpa etmişik, necə olur, hamıya adətdir, bizə biadət.
Adamın başı üstündə Allah var, gerçəkdən də son illərdə Müsavatın qurultay keçirmək üçün istədiyi zallarda “n” qədər tədbirlər, mərasimlər keçirilib. YAP gəncləri, qadınları, ayrı-ayrı rayon təşkilatları istədikləri vaxt istədikləri zalda toplantı keçirirlər. Amma Müsavata gələndə hökumət deyir, olmaz, zalın kirayəyə götürülməsi üçün filan-filan şərtlər var və ona filan-filan strukturlar baxır.
Bu üzdən partiya illərdir ki, qurultayını keçirə, özünə yeni başqan seçə bilmir.
Hökumət, hakim partiya bu məsələyə özünəməxsus yumorla yanaşır. Məsələn, hakimiyyətin ildə 365 dəfə müsahibə və açıqlama verən sözçüsü Siyavuş Novruzov deyir: “Müsavat qurultayını ona görə keçirmir ki, İsa Qəmbər başqanlıqdan getməsin”.
Müsavatçılar da deyirlər, Novruzov absurd danışır, hökumət yer versin, İsa Qəmbər də başqanlıqdan getsin.
Özünü həm hökumətin, həm də Müsavatın opponenti hesab edən qüvvələr quşqulanırlar ki, burada gizli bir sözləşmə var, əslində mövcud rejim İsa Qəmbərin başqanlıqdan getməsini istəmir, ona görə də qurultay üçün yer ayırmır. Yəni, hakimiyyətə bu cür müxalifət sərf edir.
Bu yerdə hakimiyyətin başqa bir sözçüsü (tutaq ki, Əli Əhmədov, Mübariz Qurbanlı) çıxıb deyir ki, seçkiləri həmişə uduzan müxalifət siyasi arenadan çəkilməlidir, istefa verib təqaüdə çıxmalıdır.
İlk dəfə bu cür iddianı İsa Qəmbərin 36 yaşı olanda eşitmiş müsavatçılar deyirlər, necə olur, sizinkilər 70-75 yaşında siyasi perspektivdən danışır, amma bizimkilər gənc yaşda təqaüdə çıxmalıdır.
Ölkənin siyasi arenasında qabağa çıxmaq istəyənlər deyirlər, bəli, İsa Qəmbər partiya başqanlığından getməlidir, yerini gənclərə verməlidir, nöqtə, bitdi.
İsa Qəmbər özü isə deyir ki, növbəti qurultayda başqanlıqdan mütləq gedəcək və yerini daha gənc bir partiyadaşına verəcək, amma bundan ötrü BŞİH partiyaya zal ayırmalıdır və qurultay keçirilməlidir.
BŞİH də deyir, vaxtı gələndə Müsavatın müraciətinə cavab veriləcək. Amma müraciətə cavab vermə vaxtı keçir, BŞİH cavab vermir, deyir, bizə müraciət-zad daxil olmayıb. Ortaya sənəd, qəbz tökülür, məlum olur ki, müraciət olunub. BŞİH iradları, qınaqları peysərə, Müsavat isə işi məhkəməyə verir.
Əlbəttə, hüquqi dövlətlərdə belə şeylər tez-tez olur. Əsas odur ki, hər şey konstitusiya və qanunçuluq çərçivəsində olsun. Bir də dövlətçilik məsələsi var. Regionun lideri olaraq iqtisadi inkişaf tempizə nəzər salanda, ildən-ilə vüsət alan tikinti-quruculuq işlərinə baxanda hansısa pariyaya zal ayrılmaması, lap elə bir siyasi liderə ümumvətəndaşlıq pasportu verilməməsi xırda şeydir.
Sual yarana bilər ki, yaxşı bunlar xırda şeylərdirsə, niyə illərdir həll olunmur, niyə hökumət bunu İsrai-Fələstin münaqişəsinə çevirir.
Sualın cavabını bilən yoxdur. Cavab verməli olan strukturlara “niyə belə edirsiniz” demək əvəzinə bəzi opponentləri Müsavata rişxənd edirlər: “Neçə ildir qurultay keçirə bilmir, amma hakimiyyətə gəlmək istəyir”.
Müsavatçılar da söz kanıdırlar, bu cür kinayəli qınayıcılara deyirlər, sizinki də yeddi ildir pasport ala bilmir, amma mandat almaq istəyir.
Budur, axır ki, partiyanın öz daxilində də hövsələlər daralıb, başqanın müşaviri deyib ki, yer vermirlər, verməsinlər, çadır quraq, qurultayımızı keçirək.
Əslində, ağıllı təklifdir, ənənələrə söykənir, əcdadlarımız da öz qurultaylarını həmişə çadırda, açıq havada keçiriblər. Problem ondadır ki, BŞİH çadırı qurmağa yer verməyəcək. Şəhərin estetik görünüşünü pozur deyə.
