Dünənki yazımda oxuculara söz vermişdim, sözümün üstündə dururam, heyrətamiz hadisələrin davamını yazıram. Qoy o kəslər ki, mənim yazımı oxumayıb başqa yazıları axtardılar, onlar peşman olsunlar. Onlar cəhənnəm odunda yanacaqlar.
Bu yaxında Zəlimxan Yaquba Nazim Hikmət mükafatı verildi, Zəlimxan müəllim bir saray şairi, Nazim isə ömrünü zindan və sürgünlərdə keçirtmiş bir dahi idi. Moskvadan gələnlər deyirlər ki, Nazimin Novodeviçye qəbiristanlığındakı məzarında böyük bir çat yaranıbdır.
Ancaq Cəlal Əliyevə Həsən bəy Zərdabinin adını daşıyan mükafatın verilməsi göstərdi ki, Nazim Hikmət əslində canını yaxşı qurtarmışdır. Yanlış oxumadınız, doğrudan da Azərbaycan Milli Elmlər Akademiyası bugünlərdə toplaşıb, cənab prezidentin əmisi Cəlal Əliyevə belənçik bir ödül vermişdir.
Əlbəttə, Zərdabi də Cəlal əmi kimi əkin-biçin, kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur, ancaq bu məntiqlə adama mükafat verilirsə onda gərək Daxili İşlər Nazirliyinin əməkdaşlarına Miçurin adına mükafat verilsin. Çünki bunlar da adamları bağlayırlar, müxtəlif şər-xatanı insanlara calaq eləyib “məhsul” alırlar.
Vəziyyəti tragikomik edən odur ki, Cəlal Əliyev Azərbaycanda həmişə jurnalistləri məhkəməyə verən, tutduran, söyən (Google-da ayrıca “Cəlal Əliyev və Mirşahin” serveri vardır) bir şəxs kimi tanınmışdır, Həsən bəy Zərdabi isə Azərbaycan mətbuatının, jurnalistikasının banisi sayılır, bizim qəzetçiliyimiz məhz onun “Əkinçi” qəzetindən başlayır, kaş heç başlamayaydı.
Yəni Cəlal Əliyevə “Zərdabi” ödülü vermək Sumqayıt polisi Süleyman Nemətova “İvan Miçurin” ödülü verməkdən də gülməlidir, bu, təxminən AYB sədri Anara “Seymur Baycan” adına mükafat vermək kimi bir şeydir.
Heyrətlənməyə davam etmək istəyirsinizsə, sizə kimdən deyim, kimdən yazım, təzə təhsil nazirimiz Mikayıl Cabbarovdan. Dünən onun kadr islahatları haqda oxudum, çox sevindim ki, uca millətimizin zombiləşdirilməsi istiqamətində uğurlar davam edəcəkdir, məktəb adı gələndə zəhmətkeşlərimiz “eyləməyin dəngəsər, oxutmuram, əl çəkin” söyləyəcəkdir.
Demək, Mikayıl müəllim nazir qoyulmazdan qabaq İçərişəhər qoruğunun müdiri idi. Orda bunun bir “JEK” rəisi var imiş, indi həmin rəisi gətirib nazirliyin informasiya idarəsinə rəis, eyni zamanda Bakı Təhsil İdarəsinə rəis müavini qoyubdur. Rəisin atasını isə təcili Rabitə Kollecinə direktor təyin ediblər. Nazirin müavinlərindən biri onun tələbə yoldaşı, həmin tələbə yoldaşının arvadı da N saylı məktəbə (ermənilər oxumasın deyə bizdə məktəblərin nömrəsi hərbi sirr sayılır) direktor qoyulmuşdur. Daha sonra nazirin bacanağı texnikum müdiri, həmin müdirin əmisi arvadının xalası isə dərslik şurasına rəhbər edilmişdir.
Həmin dərslikləri qiymətləndirmə şurasının rəhbərini sən demə qabaqlar Misir müəllim (hətta o da dözməyib!) işdən qovubmuş, çünki bunun qiymət qoyub məktəbə göndərdiyi bütün dərslikləri TQDK zibil qutusuna atırmış. (Ah, qadın rəqabəti...) İndi heç kim başa düşmür ki, Mikayıl müəllim bunu təzədən niyə qaytarıbdır.
Niyə başa düşmürlər, çünki mənim yazılarımı oxumurlar! Oxusalar görərdilər ki, Cəlal əminin rahatca Zərdabi ödülü alması üçün məmləkətin dərsliyini məhz Elmina Kazımzadə qiymətləndirməlidir. Neçə illərdir olduğu kimi. Bu minvalla beş-on il də davam etsələr orta məktəblərin darvazasından həyata “Abır-valq! Hau-hau! Zprt-tsss! Şvbnmhndtıs-bass-hoss!!!” səsləri çıxardan kütlənin atılacağı xoşbəxt gün uzaqda deyildir.
Prinsipcə, bizə elə bu qədər də bəsdir, artığını neyləyirik, gözümüzə soxmayacağıq ki? Zprtt!!!
