Medianews.az
Havayı şeyin qənimləri
468 baxış

Havayı şeyin qənimləri

samir sari kose 1
Sumqayıtda baş verən hadisənin - havayı telefon aksessuarı üstündə düşən davanın, çıxan qarğaşanın, futbol terminləri ilə desək, karamboyun mediada işıqlandırılması etirazlara səbəb olub.
Bu, təbiidir. Çünki söhbət şəhərin reputasiyasından gedir. Aydın məsələdir ki, həmin çaxnaşmada heç də Sumqayıt əhalisinin hamısı, hətta yarısı, lap hətta 1 faizi belə iştirak etməyib. O itələşmədə, təpikləşmədə olsa-olsa 50-60 sumqayıtlı iştirak edib. Hələ bəlkə də onların içində Coratdan, Saraydan, Tağıyev qəsəbəsindən olanlar da varmış.
Belədirsə, necə demək olar ki, “Sumqayıtlılar müftə mal üstündə qırğına çıxdılar”? Düzgün deyil.
Həm də bu artıq üçüncü, ya dördüncü bənzər olaydır - yəni mediada Sumqayıt haqqında ümumi fikirlərin işlədilməsi...
Xatırlayırsınızsa, ötən il dekabrın üçüncü ongünlüyünün ortalarında da Sumqayıt camaatının şəhərin baş meydanında müftə tort üstündə çaxnaşma törətdiyi yazılırdı. Sonradan məlum oldu ki, həmin gün şəhərdə heç bir iğtişaş-zad baş verməyib, sadəcə bir neçə min adam növbəyə durub öz tort paylarını alıb, nuş ediblər.
Sumqayıtda isə 325 min (2013 statistikasına görə) sakindən ibarət əhali yaşayır. İndi biz bu 325 mindən 5 min tortsevəri çıxsaq, yerdə qalır 320 min. Bu da o deməkdir ki, 320 min sumqayıtlı Eldar Əzizovun 52 metrlik tortundan dadmaq üçün növbəyə durmayıbmış. Demək, “sumqayıtlılar tort üstündə dava saldı” yazmaq da düzgün deyildi.
Hiss olunur ki, belə xəbərlər gələndə insanlar məsələyə məşhur zərbül-məsəldəki hikmətin prizmasından yanaşırlar. Lətifəsi heç kəsə dəyməsin, o ki deyirlər ha, bir dana bir naxırın adını batırar, bax, həmin iş baş verir. Üç-beş müftəxorun, nəxunəyin hesabına 325 min nəfərlik şəhərin adına söz gəlir.
Həm də heç kəs deməsin ki, bu cür haqq-hesablar bizim qəsəbəmizdə, şəhərimizdə baş verə bilməz. Bal kimi də baş verər. İmtahan üçün ən gözütox əhaliyə malik şəhərin mərkəzində müftə nəsə paylasınlar və siz tamaşaya durun, görün o müftə şeydən (lap belə adama bir dəst corab olsun) ötrü yüzlərlə insan necə dava salır.
Bu, bəşəri problemdir, qardaşlar, insanın alt şüuruna bağlıdır. İl olub 2014, insan oğlu burdan durub Amerika ilə görüntülü-görüntülü danışa bilir, amma şüuru qalıb eramızdan əvvəldə, ibtidai icma quruluşunda, çalaya salınıb öldürülmüş mamontun tikələrə parçalanması prosedurunda.
Elm bu fenomeni izah edə bilmir. Bir Hollivud filmi var, şəhərin elektriki bir axşam qəfildən kəsilir, bütün şəhər dəyir bir-birinə, supermarketlərdən oğurluq edən kim, bir-birinin üstünə tüfəng çəkən kim, bir kanistr benzindən ötrü başqasını girov götürən kim... Məlum olur ki, bütün bu gözütoxluğun, firavanlığın cəmi bir saatlıq ömrü var - bir saatın içində hər şey dağılıb gedə bilər.
İndi qısa şəkildə sizə 1986-cı ildə öz kəndimizdə şahidi olduğum bir hadisəni danışım. Bir gün parkdan evə qayıdanda gördüm ki, Nazimin mağazasına bir “ZİL” dolusu un kisələri gətiriblər. Kim nə dedi, bilmirəm, bir də onu gördüm ki, dükana yaxın məhəllənin qıvraq kişiləri böyük bir panika içində kuzova dırmaşdılar. Yuxarıdakılar un kisələrini yerə atır, aşağıdakılar daşıyıb bir küncdə üst-üstə yığırdı. Aləm bir-birinə qarışmışdı. Hay-küy, qara-qışqırıq, itələşmə, süpürləşmə... Nazim əlindəki dəftərə kimin neçə kisə qamarladığını qeyd edirdi. “ZİL” sürücüsünün gözü böyümüşdü. Un üstündə dava salanların hamısının üst-başı ağappaq idi. Nəhayət, maşın tam boşaldı. Ara sakitləşdi. Məlum oldu ki, un üstündə mücadilə verənlərin ən az qamarlayanı 5 kisə götürüb. 10 kisəyə əl qoyanlar da vardı. Sürücü başını bulaya-bulaya getdi. Nazim sırayla un götürənlərə yaxınlaşdı. Bu əsnada ortaya çıxdı ki, əslində heç kəsə 5, 7, 10 kisə un lazım deyil, çoxuna cəmi bir kisə lazımdır, bəzisinə - iki. Adamlar öz kisələrinin pulu verdilər və kisələrini unlu çiyinlərinə götürüb getdilər. Mağazanın qarşısında 70-dən artıq un kisəsi qaldı.
Bax, panika, hissə qapılmaq belə şeydir. İnsan bir andaca qafanı qapdıra, özünü karamboya sala bilər. Buna yaşayış uğrunda mübarizənin tətiklədiyi psixoloji qısaqapanma deyək. Və bu, təkcə sumqayıtlılara xas deyil. Müftə və qıt şeylər uğrunda həmişə dava düşür.
 

Bizə qoşulun