Medianews.az
Zülmə tamaşaçı ola bilməyən aktyor
509 baxış

Zülmə tamaşaçı ola bilməyən aktyor

xalid kazimli kose 1
Zəmanə, dövran, dəyərlər çox dəyişib. Uzun illər öncə bu ölkədə ziyalıya, aktyora kobudluq etməzdilər. Onlara polis də hörmət edərdi, bürokrat da, sıravi insanlar da. Hamısını küçədə tanıyar, köhnə tanışlarıymışlar kimi salam verər, bir-birinə göstərərdilər.
İndi aktyora qarşı avtovağzalda qabalıq edirlər. İndi aktyoru küçədə tanımırlar. Çünki dəyərlərlə yanaşı, frekanslar da dəyişib. Artıq aktyorun göstərildiyi telekanallara baxan azdır, aktyorun çəkildiyi tamaşalara baxanlar isə yox dərəcəsindədir. Ona görə də hazırda illərdən bəri səhnədə can qoyan ciddi aktyorları tanımırlar. Tanınanlar isə özləri barədə şou-qalmaqallar törədənlərdir.
20 ilin aktyoru İlqar Cahangirin avtovağzalda Nəqliyyat Nazirliyinin müfəttişlərinin qabalığı ilə üzləşməsinin bir səbəbi məhz budur: onların onu tanımaması. Tanısaydılar, onun əslində tanınmış biri olduğunu bilsəydilər, bəlkə də elə etməzdilər.
Ancaq bir iş də var ki, aktyor öz hərəkəti ilə toreadorun korridada öküzə qırmızı yaylıq göstərməsinə bərabər bir hərəkət edib, müfəttişlərin bir binəva sürücünü döymələrini telefonla videolentə almaq istəyib, onlar isə sürücünü buraxır, onun üstünə düşürlər (videosu var).
Qırılma nöqtəsi budur. Müfəttişlərin hərəkətinin lentə alınması, başqa sözlə, sənədləşdirilməsi onsuz da öz qəzəbli tövrləri ilə tanınan bu kiçik məmurları öz təbii məcralarından çıxarıb.
Müfəttişlər “icazəsiz çəkiliş” aparanlara qarşı çox dözümsüzdürlər və bu hərəkəti edən hər kəsi - aktyoru, müəllimi, həkimi, hətta əsas peşəsi şəkil çəkmək olan fotoreportyorları da döyə bilərlər.
Bu üzdən mediada hələ 4-5 il öncədən “qoçu” ünvanı almış şəxslərin “sən kimsən əə” deyə aktyorun üstünə yeriməsi təbiidir. Onlar onu döyə də bilərdilər. Həm də tanıyaraq. Çünki bu şəxs onları çəkir, sabah bu çəkiliş onların karyerasına son qoya bilər. Demək, onların çörəyi ilə oynayan hər bir şəxs cəzalandırılmalıdır.
Sual yarana bilər: bəs aktyorun nə borcuna qalmışdı ki, müfəttişlərin sürücünü döyməsi aktını lentə alsın?
İlqar Cahangiri şəxsən tanıdığım üçün əminliklə deyə bilərəm ki, o, həmin zülm epizodunda sadəcə susa, ətrafdakı onlarla tamaşaçıdan biri ola bilməyib. İşi insanlara tamaşa göstərməkdən ibarət olan bu ziyalı-vətəndaş özünə göstərilən realiti-tamaşanı seyr etməkdən imtina edərək, onun bir hissəsinə çevrilib və zərərçəkənə dönüb.
Bəlkə də biriləri İlqar Cahangirin bu hərəkəti şou yaratmaq məqsədi ilə etdiyini iddia edəcək, amma illərlə çalışdığı iş yerindən sırf haqq-ədalət tərəfdarı olduğu, şüurlu vətəndaş olaraq düzgün mövqe sərgilədiyi üçün ayrılan adama qarşı belə bir iddia səsləndirmək absurd və alçaqlıq olar.
Əsas məsələ budur ki, artıq illərdir Nəqliyyat Nazirliyinin müfəttişləri sürücüləri və onların haraylarına yetişənləri cəzasız bir şəkildə döyür, əzişdirir, söyür, təhqir edirlər.
Bu xüsusda onlar bütün güc strukturlarının əməkdaşları ilə müqayisədə çox fərqlənirlər. MTN-in, DİN-in, Ədliyyə Nazirliyinin, FHN-nin əməkdaşları bunca qanun-qaydasız, özbaşına hərəkət edə, vətəndaşları ictimaiyyətin gözü qarşısında şapalaqlaya, döyə bilməzlər.
Nəqliyyat müfəttişləri isə istisnadır. Sanki onlara belə bir imtiyaz tanınıb və bu “qoçular” insanları məhz camaatın gözü qarşısında döymək səlahiyyətinə malikdirlər.
Bu günə qədər yüzlərlə bənzər hadisə baş verib, baxaq görək, bir müfəttiş cəzalandırılbmı? Medianın xəbəri yoxdur.
Görünür, onlar öz rəislərini, rəislər naziri, nazir isə dövlət rəhbərliyini inandırıb ki, taksi və yük maşınlarının sürücülərini qanunlara riayət etdirmək, onlardan vergi almaq üçün yeganə yol hər birini vaxtaşırı döymək, döyə-döyə başa salmaqdır.
Araşdırma aparsaq, məlum olacaq ki, paytaxtda döyülməyən taksi sürücüsü qalmayıb. Qalıbsa da, bunlar həmkarlarının döyüldüyünü görən və döyülməmək üçün “qoçular”ın bütün qanuni və qanunsuz tələblərinə itaət edənlərdir.
Başqa sözlə, müfəttişlərin bu qədər əmin-arxayın qoçuluq etmələrinin qaynağı onları şəxsi xarakterləri ilə, aqressiv xislətləri ilə bağlı deyil, arxalarında duran rəhbərlərin “qorxmayın, heç kim sizə heç nə edə bilməz” deyə onları ürəkləndirmələri ilə bağlıdır.
Təsadüfə baxın, bu yaxınlarda İlqar Cahangir “Səncə, döyəcəklər” adlı bir tamaşada baş rolu oynayırdı və döyülürdü. Məncə, gələn dəfə döyəcəklər, İlqar bəy, ehtiyatlı ol.

Bizə qoşulun