Güləş üzrə olimpiya çempionumuz Toğrul Əsgərovun Finladiyadan əli ətəyindən uzun, rüsvayçı məğlubiyyətlə qayıtması ölkənin idmansevərlərinin hiddət vektorunu onun üzərinə tuşlayıb.
Çempionu qınayanlar, onsuz da tatami üzərinə çırpılmış gənci yerdən-yerə vuranlarla yanaşı, müdafiə edənlər, “bu, bir insanlıq halıdır” deyə ona anlayışla yanaşanlar, məğlubiyyətinə səbəb göstərənlər də var.
Bəzən hər iki qütbdə ifrata varanlar olur. Məsələn, onu qınayanların içində hərdən “Haram olsun ona bu ölkənin çörəyi” kimi xoşagəlməz və yolverilməz cümlə quranlar da var, “lap yaxşı eləyir, çempion oldu, indi də öz həyatını yaşayır” kimi səfeh rəy bildirənlər də.
Amma gerçəklik budur ki, bu cür aqibətlə üzləşən ilk idmançımız Toğrul deyil. Barmağınızı qatlayın ki, bir idmançımız iki dəfə dalbadal olimpiadada eyni cür uğurlu nəticə göstərib. Beləsi yoxdur.
Toğrul sadəcə Fərid Mansurov və Elnur Məmmədlinin ardınca getdi. O, idmançı həmkarlarının ən gənci (22) olsa da, artıq karyerasını bitirməkdə olan 35 yaşlı idmançı durumuna gəlib.
Hələ iki il əvvəl Elnur Məmmədli London olimpiadasında uğursuz çıxış edəndə bu, mediada söz-söhbətə, qınaqlara səbəb olmuşdu. O vaxt da Elnuru müdafiə edənlər, onun tezliklə özünü düzəldəcəyinə inananlar vardı. Amma hiss olunur ki, bu idmançı öz formasını Pekində qoyub gəlib. Kimonosunu polis mundirinə dəyişəndən sonra artıq o, həmin idmançı deyil.
“Qızıl oğlan”ların, bir neçə günün içində görünməmiş şöhrət və sərvət qazanan gənclərin sonrakı uğursuzluğuna insanların hiddətlənməsinin səbəbi sadədən də sadədir. Burada şəxsi qısqanclıq, paxıllıq elementləri axtarmaq və tapmaq olar, amma razılaşaq ki, iki (altı) il öncə onlar qələbə qazanandan sonra milli bayrağı çiyninə atıb meydançada dövrə vuranda, daha sonra bütün dünyanın gözü qarşısında canlı yayımlanan mükafatlandırma prosedurunda Azərbaycan bayrağı qaldırılanda, dövlət himnimiz səslənəndə riqqətə gələn, qürur duyan, gözü yaşaran insanların gənc idmançıların məğlubiyyətinə üzülmələri təbii, hiddətləri haqlıdır. O zaman onu tərifləyib göylərə qaldıranlar indi tənqid edərkən heç də qərəzli deyillər.
Sovet dönəmində “müvəffəqiyyətdən başgicəllənməsi” deyilən bir ifadə vardı və olduqca doğru ifadəydi. Bizim ən uğurlu idmançıların bir müddətdən sonra məğlub olmasının əsas səbəbi də elə budur: başgicəllənmə.
Bunun əsas günahı isə hakimiyyətdədir. Ölkənin mədəniyyət, incəsənət və ədəbiyyatına illərini vermiş yaşlı ziyalıların - aktyorların, yazıçıların, alimlərin maddi sıxıntı çəkdiyi bir vaxtda üç günün içində tatami üzərinə çıxaraq üç rəqibini məğlub etmiş 20-li yaşlarda olan gəncə hər şey verilir: ev, torpaq, maşınlar, çoxlu pul, vəzifə və sair. Bir günün içində ən komfortlu evə, ən bahalı maşına sahib olan gənc artıq həyatının məqsədinə yetişdiyini düşünür və o, artıq həyatdan zövq almaq barədə düşünür. O, Messi və ya Ronaldo qafasına malik deyil ki, ildə 10 milyondan artıq pul qazandığı halda öz idmançı karyerasını itirməmək üçün məşqindən qalmasın, özünü əhlikefliyə qoymasın.
Bizimkilərdə bu düşüncə yoxdur. Ev var, maşın var, pul var, ta nə lazımdır - düşüncə budur. Ona bağışlanan 99??999 nömrəli bahalı “Porşe” Toğrulu qaynar su kimi pörşələdi, yandırdı.
Qoy heç kəs nə Toğrulu, nə də ondan əvvəlki “bir atımlıq barıtla” şöhrət və sərvət qazanan, sonra özlərini buraxan idmançıları müdafiə etməyə cəhd göstərməsin.
Elə informasiyalar var ki, hamısını yazsaq, mənzərə tam aydın olar, amma bir qismini yazsaq da kifayətdir.
Məlum olur ki, olimpiya çempionu olduqdan sonra bu idmançılar nəinki məşq etməyi azaldırlar, hətta artıq məşqə gəlməyin arasını kəsirlər, ayda-ildə bir dəfə idman cəmiyyətinə gəlir, görünür, sonra kef məclislərinə, öz iş-güclərinə yollanırlar. Onlara elə gəlir ki, formadadırlar, amma rinqə və ya döşək üzərinə çıxarkən biabırçılıq olur.
Bu, heç də ayrı-ayrı idmançıların problemi deyil, ümumi problemdir. Hələ bir müddət bundan sonrakı idmançılarımız da belə olacaqlar: hərəsi bir dəfə qızıl medal qazanacaq, sonra... yerə çırpılacaqlar.
Ancaq gün gələcək, idmançılarda öz işlərinə peşəkar münasibət formalaşacaq. Şöhrət və sərvət onların həyat və düşüncə tərzini yalnız yaxşılığa doğru dəyişəcək. Haçansa...
