Medianews.az
Fikirli rəis
596 baxış

Fikirli rəis

zamin yeni raz
Vaxt var idi bəzi nankorlar dahi rəhbərimizin “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” sözlərini anlamırdılar, bunu ironiya obyektinə çevirirdilər. Lakin çox keçmədi, fikrin nə qədər uzaqgörən, dərin məzmunlu, geopolitik mahiyyətli olduğu üzə çıxdı.
Diqqət edin, hazırda Rusiya-Ukrayna böhranı ilə bağlı Avropa dövlətləri çətinlik yaşayırlar. Qazı Rusiyadan aldıqları üçün Putini çox da sıxışdıra bilmirlər. Bu zaman təbii ki, Azərbaycan, onun qaz ehtiyatları, o cümlədən İran və Türkmənistan qazının nəqli üçün önəmli dəhliz olduğu yada düşür.
Dərhal diplomatik kanallarda qaynaşma başlayır, Türkiyə şefini Azərbaycana, Azərbaycan şefini İrana yollayırlar, Avropadan ölkəmiz haqda yaxşı sözlər danışan adamlar peyda olur. Halbuki bir-iki ay qabaq onlar Azərbaycan rejimini avtoritar adlandırırdılar, didməyə hazır idilər. Necə deyərlər, ziyanın daha azını seçiblər. Doğrudan da, biri var NİDA Vətəndaş Hərəkatının 18-20 yaşlı üzvlərini tutan, döyən rejim ola, biri də var Ukrayna boyda dövləti günün günorta çağı parçalayan rejim. Miqyas ağlagəlməz dərəcədə fərqlidir, mavi yanacağın tərkibi isə eynidir.
Bax, bu zaman həmin müdrik fikir yada düşür. Çünki Günəş də istilik, enerji mənbəyidir və hazırda Azərbaycan dünyanın azı Avropa hissəsinə Günəş kimi doğmaqdadır.
Belə müdrik söhbətlər çoxdur. Məsələn, deputatxananın toyxanaya bənzəyən salonunda divara yazıblar: “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”. Ona görə də bu yaxında deputatlardan biri qaçqınları söyəndə xalq ayağa qalxdı, deputat üzr istəməyə məcbur oldu, dedi, qələt eləmişəm, gərək ağzımı yığışdıraydım.
Ümumiyyətlə, o tip vaxtilə müxalifəti söydüyü üçün qabağına mandat payı qoyulmuşdu, bir gün qızışıb hamını, hətta iqtidarı da söyəcəyinə şübhə yox idi. Ancaq canı cəhənnəmə, əsas odur üzr istədi, uca millətimiz qələbə çaldı, inşallah, bu qələbəni qarşıdan gələn “Gül bayramında” İsa bulağında, Cıdır düzündə xarı bülbül çiçəyi yığmaqla, eşşək qanqalı biçməklə qeyd edərik.
Ancaq spiker Oqtay Əsədovun həmin deputat qırığına dediyi cümlə çox möhtəşəmdir, unudulmazdır: “Sən mətbuatda nə qədər az danışsan o qədər yaxşıdır”. Bu cümləni möhtəşəm və məzəli edən odur ki, həmin tip məhz iqtidar jurnalistikasından deputatxanaya hoppanmışdır. Gərək o vaxtdan bunun ağzını yumaydınız, üfunət hər yanı basmayaydı.
Başqa bir fikir hamımızın azərbaycanlı olması, bunun qürurverici bir şey olması haqdadır: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Doğrudan da, insan ingilis, alman, yapon, rus, fars, buşmen və papuas olması ilə niyə fəxr etsin? Fəxr ediləsi bir şey yoxdur. Azərbaycanlı olmaq - başqa məsələ. Bizim fərqimizi bütün dünya görür, görməyən dünyaların da gözü çıxsın, qarnına şiş batsın. Misal üçün, bu yaxında ABŞ Dövlət Departamenti viza qadağası qoyduğu rusiyalı məmurların siyahısını açıqlayıb. Qürur vericidir ki, həmin siyahıda bir azərbaycanlının da gözəl adı var: Fikrət Həmdulla oğlu Tağıyev. (Üçünü də yazdım ki, azərbaycanlı olmasına qəti şübhə etməyəsiniz, Həmdulla oğlu Fikrət, özü də Tağıyev soyadı ilə, ancaq bizdə var).
Bu Fikrət qardaşımız Moskvadakı tanınmış “Matrosskaya tişina” qazamatının rəisi işləyirmiş, orda saxlanan siyasi məhbusları, Putinin düşmənlərini incitdiyi üçün amerikalıların qəzəbinə gəlibmiş. Afərin, molodes! Sükanı belə saxla, qoy şöhrətimiz dünyaya yayılsın. Azərbaycanlı zindan rəisi də olmayıb klinika müdiri, teleskop işlədən, nə bilim, demokratiya uğrunda mübariz olası deyildi ki?! Atalar demişkən, türməni ver köləyə, özü də xaricdə.
Bir detala da fikir verin, bizim türmə rəislərimiz nədənsə hər yerdə Fikrət adında olur. Fikrət Məmmədov (ədliyyə nazirimiz və əsas qazamat müdirimiz), Fikrət İsmayılov (10 saylı kolonun rəisi idi, indi pensiya yeyir), Fikrət Tağıyev (türmə diasporumuzun rəhbəri, bu yazımızın qəhrəmanı) və sairə. Mənası “fikir, düşüncə” deməkdir axı. Deyir, get otur içəridə, fikirləş gör bu işlərin axırı necə olacaqdır.
Doğrudan, görəsən, bu işlərin axırı necə olacaq?

Bizə qoşulun