Medianews.az
 Hörmətli məktub
534 baxış

Hörmətli məktub

zamin yeni raz
Martın 30-da Nazirlər Kabinetinin qərarı ilə yenidən yay vaxtına keçəcəyik, Artur baba gecə saat 4-də gəlib saatlarımızı 1 saat qabağa çəkəcəkdir. Millət gərək hazır olsun, Artur baba Rasizadə ildə bir dəfə qarlı dağlar aşaraq, çox ellər dolaşaraq gəlib bu müqəddəs işi görür, camaatımızın iylənmiş corablarını da yığıb gedir. Başqa bir işi-gücü yoxdur, kainatda onun da qismətinə bu düşmüşdür. Hətta Qarfild bizim Nazirlər Kabineti şefinin iş rejimi haqda məlumat alandan sonra lazanya tikəsini boğazına basıb intihar eləmişdir, əgər yolda-irizdə ölü pişik görsəniz bilin odur.
 
Şəxsən mən yay vaxtına keçidə çox ciddi hazırlaşıram, indidən çoxlu çimərlik paltarı, rezin ördəklər, yanmaya qarşı kremlər, canım sənə desin, qaynadılmış qarğıdalı və 1 ton günəbaxan tumu simişkası alıb yığmışam. (Vallah, bunun adını öz dilimizdə deməyəndə çırtlamağın ləzzəti də olmur, yoxsa nə günəbaxan tumu? Yox bir, ASAN xidmət!)
Ancaq mən saatı cəmi 1 saat qabağa çəkməyin əleyhinəyəm. Az deyilmi? Bəlkə fırlatmışkən bunu bir neçə saat qabağa eləyək? Ya da 4-5 əsr. Ermənilər ondan sonra ha gücənsinlər, bizim tozanağımıza da çata bilməzlər. 
 
Belə praktika dünyada var. Məsələn, bir çox müsəlman xalqları üçün hələ 14-cü əsrdir. Bizdə 24-cü əsr olsa nəyi pisdir?
 
Özü də saatları qabağa daha çox basmaq üçün bizim iqtisadi, hərbi, siyasi, mənəvi, bioloji, musiqili, idmanlı, muğamlı - hər cürə potensialımız vardır. Bu şəraiti yaratdığı üçün möhtərəm cənab prezidentə Binəqədi rayon sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. 
 
Binəqədi demişkən, bugünlərdə rayonumuzda dinc quruculuq işləri yüksək sürətlə davam edir. Novxanıda oteldə “Binəqədi Gənclərinin Birinci Liderlik Məclisi” keçirilib, rayon icra başçısı Xaləddin müəllim orada dərin məzmunlu çıxış etmişdir. Ümumiyyətlə, Krıma-filana baş qoşmayın, Binəqədi daha maraqlıdır. Xaləddin müəllim gənclərə deyib ki, icra başçıları kabab yeyirlər, maraqsız söhbətlər eləyirlər, ancaq şəxsən ona bu cür tədbirlər daha maraqlıdır. Sitat: “Yaşlı insanlardan nə öyrənəcəyəm? Yenilik siz gənclərdədir və sizlərdən öyrəniləsi çox şeylərimiz var. Bəzi vəzifəlilərimiz kimi, öz yaşıdları ilə oturub-durmaq mənə nə qazandıracaq?” 
 
Düz deyir, ağsaqqalları aparıb Sulutəpədən üzü aşağı dığırlatmaq lazımdır. Ya da Binəqədi qır gölünə atmalıyıq.
 
Ümumiyyətlə, Xaləddin müəllimi mövzuya qatmışkən hörmətli icra başçımıza bəzi şikayət və təkliflərimi vermək istəyərdim. 
 
Xaləddin müəllim, keçən həftə 9-cu mikrorayonda Aqil Xəlil adına parkda əkdiyiniz zeytunlardan bəzilərinə su verilmir.  
 
Sumqayıt yolunun qırağında otluqdan çıxan saatın saniyə əqrəbinin üstündə göyərçin zılı var, lakin təmizlənmir, bu da şəhərimizin qonaqlarına mənfi təsir edir.
Biləcəri tunelinin yanındakı ət dükanının üstünə vurduğunuz salfetka örtüklərdən biri qopub. 
 
Elə həmin yerdə Milli Qəhrəmanlara ucaldılan abidədə avtomat tüfənglərdən birinin lüləyində şompol yoxdur.
 
“Çənlibel” restoranının qabağındakı Binəqədi YAP-ın qərargahını basmış qamışlığı, nəhayət, təmizlədiyiniz üçün 202 saylı avtobusun bütün sərnişinləri adından dəruni minnətdarlığımızı da qəbul edin. 
 
Sonda sizə bir daha həyat və yaradıcılığınızda uğurlar diləyirəm. Rayon sakinlərinin tibbi müayinəsi üçün göstərdiyiniz fantastik uğurlar haqda növbəti yazımda bəhs edərəm. Bir daha sağ olun. Əgər bizim əhvalımızı bilmək istəyirsinizsə, biz yaxşıyıq, Sizin də yaxşı olmağınızı Allahdan arzu edirik. 
 
İndi söz əlaqədar icra başçılarınındır...
 

Bizə qoşulun