Prezident Administrasiyasında bugünlərdə çox maraqlı proseslər baş verir. Məsələn, strateji araşdırmalara-filana baxan Elnur Aslanovu işdən çıxartdılar. Bu adam nurçu təriqətinin üzvü imiş. Deyirlər administrasiyada başqa dini və qeyri-dini təmayülləri dəstəkləyənlər də vardır. Bunlardan vahhabiləri, baptistləri, fransiskanları, multanıları, hətta satanistlərin adını çəkə bilərik. Respublikamız dini tolerantlığa həmişə, tarixən böyük önəm vermişdir, sadəcə Elnur Aslanovun aşını bişirən dini təriqət görünür daha güclü olmuşdur. Nə deyə bilərik, başı sağ olsun. Qəzetimiz vasitəsiylə Rəbiyyət xanıma da atəşin ilaxır çərşənbəsi salamları yollayıram, arzu edirəm xalqımızın övladlarına həmişə arzu elədiklərinin on qatı öz uşaqlarının başına gəlsin.
Lakin bu cür tolerantlıq mühitini mənfi qiymətləndirən beynəlxalq təşkilatlar da vardır ki, bunlardan adını çəkə bilərik “Human Rayts Votç”, “Fridom Haus”, “Amnisti interneşnl” və “Transparensi interneşnl” kimi xarici qara qüvvələrin. Bunların işi-gücü ancaq ondan ibarətdir ki, dövlətçiliyimizə qara yaxsınlar, gördüyümüz işləri bəyənməsinlər.
Ona görə də bugünlərdə Prezident Administrasiyasında hüquq şöbəsinin müdiri olan hörmətli Fuad Ələsgərovun açıqlaması zəhmətkeşlərimizi xeyli sevindirdi. Fuad müəllim birbaşa bəyan elədi ki, yuxarıda adlarını çəkdiyimiz 4 təşkilatla əməkdaşlığı dayandıracaqlar.
Düzü, mən bunu oxuyanda bir az gülməyim gəldi, sonra özümü yığışdırdım və gülmədim. Söhbət ondadır ki, Fuad müəllim əməkdaşlıq deyərkən nəyi nəzərdə tuturdu, bunu anlamaq mümkün deyildir. Çünki bu təşkilatları yapokratiya iqtidarında onsuz da adam yerinə qoyan yox idi. Misal üçün, əgər bir müxalifətçini tutub zindana salırlarsa, “Amnisti internəşnl” onu vicdan məhbusu elan edirsə həmin gündən adamın evi yıxılırdı. Əgər hakimlə danışıb 5-10 min manata bəlkə şərti cəzadan-zaddan almaq mümkün idisə, beynəlxalq təşkilat işə qarışandan sonra vəziyyət olurdu quyunun dibində.
Yaxud, “Fridom haus” insan haqlarının pozulduğunu bəyan edirdisə həmin il polislər daha çox adamın belinə minirdilər. Əgər “Human Rayts Votç” bir müxalifətçinin məhkəməsində hüquq pozuntularını qeydə alıb onun dərhal azadlığa buraxılmasını tələb edirdisə hakimiyyət acığa düşüb adama 3 il həbs yerinə 6 il verir. Çünki bizim suveren dövlətçilyimiz, müstəqilliyimiz var, başqalarının sözü ilə oturub-dura bilmərik. Görə-görə gəlmişik, neçə illərdir bu cür davam edir.
Bu baxımdan Fuad müəllimin “əməkdaşlığı dayandıracağıq” deyərkən nəyi nəzərdə tutduğu şəxsən mənə çox qaranlıqdır. Ola bilər ki, bundan sonra həmin təşkilatların Bakıya gələn nümayəndələrinin cibinə aeroportda nəşə atıb tutacaqlar. Otelə girdiyi yerdə boynundan vuracaqlar. Niyə də olmasın? Kimdən artıqdırlar?
Əməkdaşlıq dayandırılmışkən məncə elə hamısını - BMT-filanı, Avropa Şurasını-zadı da gözünə qatmaq, Şimali Koreya Xalq Demokratik Respublikası tipində suveren və müstəqil dövlət qurmalıyıq. Qoy dünya peşman olsun, bizim qədrimizi hələ sonralar biləcəklər.
