Medianews.az
 Evimizin sakinləri
538 baxış

Evimizin sakinləri

zamin haci hc
Əgər dövlətçiliyə xidmət baxımından respublikada yaşayan insanların fəaliyyəti yoxlanılsa birinci yeri şübhəsiz nəqliyyat naziri Ziya Məmmədovun ailəsi tutar. Bunlar o qədər çoxşaxəli, rəngarəng, cahanşümul fəaliyyət göstərir ki, hətta 20 illik jurnalistika fəaliyyətimdə mən də beləsini görməmişəm. Ziya müəllimlə bəlkə ASAN-xidmət mərkəzləri az-maz rəqabət aparmaq gücündədir.
Özünüz baxın, heyrətə gəlin: Ziya müəllim nəqliyyat naziridir, oğlu isə avtobusları sürür. Bir qardaşı avtovağzalı işlədir, o biri qardaşı yol çəkir. Daha doğrusu, çəkirdi. Təzəlikcə deyirlər Ziya müəllim qardaşını işdən çıxardıb - yolları pis çəkdiyi üçün. Zarafat edirəm, səbəbi bilinmir. Ancaq işsiz də qoymamışdır, nəqliyyat sistemində nəsə başqa, hələlik sirli və elmə məlum olmayan vəzifə vermişdir.
Nazirin qardaşı oğlu isə deputatxanada xarici maşın kolleksiyası işlərinə baxırmış. Hansı deputata babat maşın lazım olsa bu oğul fəaliyyət göstərirmiş.
Yenə yazıram, bunlar hələ elmə məlum olanlardır. Şeytan bilir, nəqliyyat nazirinin fəaliyyət dairəsində daha nələr vardır. Bu baxımdan, vətəndaşlarımız Ziya müəllimə böyük rəğbət bəsləməkdə, gizli iqtisadiyyatla məşğul olan “xalturşik” sürücülər isə onun müfəttişlərindən it kimi qorxmaqda haqlıdırlar.
ASAN-xidmətə gələndə, hazırda bu qurumun fəaliyyəti daha da gepnişlənmişdir. İki gün qabaq dövlət başçısı qurumun xalqa göstərdiyi xidmətləri sərəncamla artırmışdır. Məsələn, indi ev mülk kağızını (qədim dilimizdə desək kupça) ASAN-dan almaq mümkündür. Əhsən! Bircə ekskavatorla ev uçurtmağı və yerində maşın dayanacağı düzəltməyi də ASAN mərkəzlərinə tapşırsaydılar komplektin başı tam bağlanardı, dövlətçilik dairəsi qapanardı. Sadəcə, adam heyrətə gəlir ki, əgər beş-on cavan uşaq bu işləri belə gözəl və asanlıqla yerinə yetirə bilirdisə Əmlak Məsələləri Komitəsini, polisin pasport-masa xidmətlərini, saysız-hesabsız başqa bürokratik aparatı nə üçün saxlayırlar. O cümlədən yol polisini.
Yeri gəlmişkən, bu yaxında mən çox biabırçı bir mənzərə gördüm, yol polisinin yerinə utandım. Biləcəri ərazisində hərbi hissədəki uşaqlarına baş çəkməyə gələn valideynlər yol tıxacı yaratmışdılar. Birdən uzaqdan yol polisi avtomobili göründü, sevindik ki, indi tıxacı açacaqlar. Ancaq polis gəlib tıxaca çatanda geri döndü, heç nə olmamış kimi çıxıb getdi. Biz də bunun arxasınca getdik, məlum oldu hardasa 1 kilometr aralıdakı döngədə düz 3 polis avtomobili dayanıb, tıxacdan qurtulub sürətlə gələn sürücüləri soymaqla məşğuldurlar.
Söz düşmüşkən, Rəsulzadə qəsəbəsinin içində, Azadlıq prospektindəki parkda birbaşa yola açılan qapıda dayanıb piyadaları cərimələyən polislər başqa bir biabırçılıqdır. Normal dövlətdə icra qurumları həmin mənasız qapını bağlayar, ancaq bizdə adam ovlamaq üçün tələ kimi saxlayırlar. O qapı Azərbaycandakı quldur sistemin kiçik modelidir. Kim görməyibsə yolunu salıb tamaşa eləsin, “dövlətçilikdən” həzz alsın.
Əlbəttə, elə çıxmasın bunlarda da Ziya müəllim suçludur. Qətiyyən. Biz insanları şərləyə bilmərik. Şərləsək qarşımızda hüquq-mühafizə orqanlarını görərik. Dünən internetdə bunun hətta şəkil formasında hazırlanmış qaydasını da gördüm: polis evinizə gəlsə nə etməlisiniz, hüquqlarınız nədir və sairə hap-gop... Məsələn, orda bir maddə lap gülməli idi. Sən demə, bizim qanunlara görə “evdə axtarış ancaq ev yiyəsinin gözü qabağında aparılmalıdır”.
Rəhmətliyin uşağı, elə problem də bu yiyə məsələsidir da bə! Sən polisə necə sübut edə bilərsən ki, bu evin yiyəsi sənsən? Mümkün deyil. Tarixi təcrübə göstərir ki, Azərbaycanda hər bir evin yiyəsi həm də Hacıbala müəllimin ekskavatorçusudur. Ziya müəllimin qardaşı oğludur. ASAN-xidmətin əməkdaşıdır. Yol polisidir. Heydər Əliyev Fondunun mətbuat xidmətinin rəhbəridir. Şəki Ağır Cinayət Məhkəməsinin hakimi Fırtışqulu müəllimdir. Və sairə və ilaxır.
Biz bunlarla bir yerdə yaşayırıq.
 

Bizə qoşulun