Dünyada belə insanlar da var - senator Con Makkeyn kimi. Prinsipial, qətiyyətli, açıq sözlü, mübariz, ardıcıl. Adam canlı əfsanədir. Macəralarla dolu həyat yolu keçib. Mətləbə keçməzdən öncə onun ömür yolundan bir neçə sətir yazmaq faydalı olar.
Makkeyn atası kimi hərbi dənizçi olub. Onu Vyetnam müharibəsinə yollayıblar. Xidmət yoldaşlarını daşıyan təyyarəni rus-sovet raketi ilə vurublar. Təyyarənin quyruq tərəfində olan desant Con paraşütlə tullanıb və sağ qalıb. Həmin təyyarədəki 135 nəfər həlak olub. Makkeyn əsir düşüb - 5 il 6 ay ərzində ruslarla vyetnamlı kommunistlərin əlində əsir qalıb. İlk bir il ərzində ona ağır işgəncələr veriblər. 1973-cü ildə o, azadlığa çıxıb ölkəsinə qayıdanda prezident Riçard Nikson onu aeroportda şəxsən qarşılayıb. Elə o vaxtdan Con Makkeyni bütün Amerika tanıyır.
O, 1982-ci ildən etibarən xalqdan səs alaraq senator mandatı qazanır. Bir dəfə öz partiyasında prezidentliyə namizədlik üzrə ilkin seçkiləri Corc Buşa, ikinci dəfə seçkidə Barak Obamaya uduzub.
Amerikada bir qəribə ənənə var: prezidentliyə iki namizəddən hansı rəqibindən cavandırsa, məhz o seçilir. Bir də rəqibindən daha hündür olanlar. Amerikalılar yaşlı və bəstəboy prezident istəmirlər. 2008-ci ildə isə Con Makkeyn rəqibi Obamadan qat-qat zəngin tərcümeyi-hala, ciddi siyasi təcrübəyə, geniş populyarlığa malik olsa da, seçicilər Obamaya üstünlük verdilər.
Söz yox, bu seçimdə Makkeynin və Obamanın ritorikası da öz mühüm rolunu oynamışdı. Obama sülhdən daha çox danışırdısa, Makkeyn yenidən dünyaya diş qıcayan Rusiyanı yerində oturtmaqdan danışırdı.
Amerikalılar sülhə səs verdilər, Obama hətta Nobel sülh mükafatı da aldı, amma bu gün dünyada sülhdən əsər-əlamət yoxdur, İraq, Əfqanıstan, Pakistan, Suriya, Misir, Liviya, Qəzza və sair ölkələr müxtəlif səciyyəli müharibələrin məngənəsindədir. Üstəlik, Makkeynin Rusiya barədə verdiyi proqnoz yüzdəyüz doğrulub.
O, hələ illər öncə deyirdi ki, Rusiyanın belə sakit, fağır göründüyünə baxmayın, bir az özünə gələrsə, dünyaya meydan oxuyacaq, ilk növbədə qonşu dövlətlərə qarşı təcavüzkarlıq edəcək, imperiya ambisiyaları sərgiləyəcək və s.
Gün Makkeynin dediyi gündür. Son illərdə Rusiya müxtəlif zorakılıq və hiylələrlə SSRİ-ni yeni adla bərpa etmək istəyir. Hələlik bu dövlət postsovet məkanında ciddi müqavimətlə üzləşib və o müqavimətin sərhədi Ukraynadan, Kiyevdən, Müstəqillik meydanından - Maydandan keçir.
O gün Makkeyn də ordaydı. Onun sinninin bu çağında, 77 yaşında durub Kiyevə gəlməsi əbəs deyil. Makkeyn Avropaya inteqrasiya edərək mədəni, demokratik ölkə olmaq istəyən Ukrayna xalqına dəstək verməyə gəlib. Bu gün o, Avropanın azadlığı üçün əsir.
Onunla Müsavat başqanı İsa Qəmbərin yolunun ikinci dəfə Kiyevdə kəsişməsi də təsadüfi deyil. 20 Yanvar faciəsindən keçən 24 il ərzində İsa Qəmbərin Kremlin siyasətinə münasibəti Makkeyninkindən çox da fərqlənməyib və o da bu dövlətin bitib-tükənməyən, zaman-zaman qabaran imperiya ambisiyalarını dünyada gedən demokratikləşmə prosesinə təhlükə və əyləc sayır.
2008-ci ildə Makkeyn prezident seçilsəydi, bəlkə də, müasir dünya xeyli fərqli olardı.
Düzdür, deyilənə görə, ABŞ və Rusiya kimi dövlətləri xüsusi beyin mərkəzləri, “dərin dövlət”lər idarə edir, amma hiss olunur ki, bu qənaət xeyli dərəcədə şişirdilib. Adi bir misal. Prezident Putinin ikinci dəfə (üçüncü müddətə) dövlət başına gəlməsindən sonra Rusiyanın qonşularına qarşı təzyiqləri danılması mümkün olmayan şəkildə artıb. Medvedyevin vaxtında Rusiya daha mötədil təsir bağışlayırdı. Hiss olunur ki, Avrasiya İttifaqı da, Gömrük İttifaqı da Putinin xüsusi önəm verdiyi layihələrdir.
Bu baxımdan ABŞ kimi dünya hegemonu olan dövlətin başında daha qətiyyətli, daha prinsipial, dünyanın hər üzünü görmüş bir siyasətçi dursaydı, şimal qonşumuz qüdrətli dövlət olmağın yolunu kiçik qonşularını öz nüfuzu altına almaqda yox, öz daxilində axtarardı.
P.S. Makkeyn haqqında daha bir maraqlı detal. Onun 7 övladı var, 6-sının bioloji atası özüdür, 7-ci övladını isə Banqladeşdə kimsəsiz uşaqlar evindən götürüb.