Medianews.az
 İbrahimbəyov Rasim Balayevə niyə rol vermir?
450 baxış

İbrahimbəyov Rasim Balayevə niyə rol vermir?

Seçkidən sonra Milli Şura fəaliyyətini dayandırdığını elan etsəydi, daha yaxşısı olardı. Bu, ən azı adıçəkilən qurumun daha urvatlı tale yaşaması, yaddaşlarda daha müsbət notlarla qalması baxımından faydalı olardı. Reallıq budur ki, seçki başa çatıb, beynəlxalq təşkilatlar, böyüklü-kiçikli Qərb dövlətləri nəticələri tanıyıb, Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etməyi “səbirsizliklə gözlədiklərini” bəyan ediblər. Deməli, Milli Şuranın tarixin təkərini geri qaytarması, nəticələrin ləğv etdirib təkrar seçki keçirməsi qeyri-real və Azərbaycan təcrübəsindən yanaşsaq, mümkünsüzdür. 

Normal halda Milli Şura bundan sonrakı dönəmdə də fəaliyyətini davam etdirə, müxalifətin güc mərkəzi kimi söz sahibi funksiyasını daşıya bilərdi. Ancaq əgər qurum daxilində qovğa, qarşılıqlı ittihamlar, küsüşmələr, istefalar olmasaydı. Milli Şurada heç zaman görünməyən Lalə Şövkətin rəhbərlik etdiyi partiya ilə qurumdan getdi. Ardınca seçkiyə iki ay qalmış Milli Şuranı, onun namizədini aşağılayan Rəsul Quliyev, digər bir sıra şəxslərin getməsindən sonra da təşkilatda sağlam ab-hava yaranmayıbsa, iş hətta əlbəyaxa dava səviyyəsinə çıxırsa, deməli, “stop” deməyin zamanıdır. 

Təbii ki, mübarizəyə yox, sadəcə bu çətir altında davam etməyə. Hakimiyyətə “Bəsdir!” deyən düşərgə gərək bu xırda mübahisələrə də “Bəsdir!” deməyi bacarsın. Əgər əlində iynə tutan biriləri güclü yağışın altında qurulmuş bu çətiri deşik-deşik etməkdən zövq alırlarsa, onun altında, bir yerdə dayanmaq əzabına son vermək lazımdır. Süni birlik görüntüsü yaratmaq axı nəyə lazımıdır? 

Bu qurumda real düşünməyi bacarmayan bir çoxları var. Elələri var ki, Müsavat Məclisinin seçkilərdə öz namizədi ilə iştirak qərarını “iqtidarın seçki imitasiyası yaratma ssenarisində” iştirak kimi qiymətləndirmişdi. Burada elə şəxslər var ki, 28 mayda Rəsulzadənin abidəsi qarşısında təşkilatın elan olunmasına imkan vermədi, Milli Şuranın məramnaməsində Avrointeqrasiya ilə bağlı müddəanın salınmasına etiraz etdikləri üçün. Bir çoxları İsa Qəmbərin ehtiyat namizəd təşəbbüsünü də qılınclayırdı. Əgər bir təşkilatda bəziləri heç bir qüvvəyə malik olmadığı halda yalnız ağıllı təşəbbüslərin boğulması prosesində iştirak missiyasını üzərinə götürübsə, deməli, onlarla yola davamın mənası qalmır. İsa Qəmbəri son müsahibəsində açıq danışmağa vadar edən digər ciddi səbəblər də var təbii ki. 

Bu günlərdə ukraynalılar dünyanın gözü qarşısında Maydanda tarix yazır. Saakaşvilisi prezident postunu, İvanişvilisi hökuməti təhvil verib kənara çəkildi. Bizdə nə iqtidar iddialarından kənara çəkilir, nə də örnək olmalı olan müxalifət... Təfriqələr meydanına çevrilmiş bir qurumun fəxri sədrinin olması çoxmu lazım imiş? Rüstəm İbrahimbəyov böyük sənətkardır, müxalifətə gözəl ideya verib. Ancaq bu, ən azı Avropa Birliyi, yoxsa Gömrük İttifaqı seçimi qarşısında qaldığımız dönəmdə fəxri sədr seçilməsinə gərək birinci Rusiya vətəndaşının özü razı olmayayadı. Cəmi iki illik prezidentliyə hazır olduğunu bəyan edən Rüstəm bəy nədən fəxri sədrliyə bu qədər iddialıdır? Sadəcə fəxri üzv seçilsə, daha yaxşı olmazdımı? 

Necə olur ki, biriləri Azərbaycan vətəndaşı olduğu halda belorus general Vasyakın Müdafiə Nazirliyinə qaytarılmasını Rusiyanın mövqelərinin möhkəmələnməsi kimi yozur, amma Rusiya vətəndaşı İbrahimbəyovun Milli Şuraya fəxri sədr seçilməsinin Rusiyaya dəxli olmadığını iddia edirlər? Əgər Rüstəm bəy prinsiplərinə sadiq qalıb Rusiya vətəndaşlığından imtina etsəydi, bu, başa məsələ. İndi müxalifət Avrointeqarasiya tərəfdarı olduğunu necə sübut edə bilər? Bu mənada Müsavatın bu qurumdan getməsi tam məntiqli görünərdi. Mən dəyərli Cəmil müəllimin də bu qalmaqallar içərisində qızıl vaxtını itirməsini istəməzdim... 

...Böyük sənətkarımız Rasim Balayevi ürək ağrısı ilə dinlədim. Uğurlu ssenari axtarır ki, rola çəkilsin. Aktyoru rolsuz, balığı susuz qoy, fərqi yoxdur. Rasim bəylə Rüstəm bəy neçə illər birgə yol gəliblər, yaxın münasibətləri olub. Bildiyimə görə hətta seçkinin qızğın dövründə də Rüstəm bəy kinolar çəkirdi. Heç olmasa o, baş qəhrəmanı Rasim Balayev olan bir ssenari yazaydı. Bu, Azərbaycan kinosu üçün də faydalı olardı. Bu ki, siyasət deyil. Bunun üçün də Rusiya vətəndaşlığından imtina lazım deyil. Bəlkə hər kəs öz işi ilə məşğul olsun, bəylər... 

Bizə qoşulun