Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
Bu görüşdə hansı məsələlərin müzakirə olunacağı gözlənilir? Görüşdə ciddi nəticələrin əldə ediləcəyini söyləmək mümkündürmü?
Medianews.az-ın suallarını cavablandıran siyasi şərhçi Elşad Paşasoy deyib ki, bu görüş olduqca mühüm hadisədir: “Əvvəlki görüşlərdən fərqli olaraq indi Ermənistanın qərar verməkdən başqa bir yolunun qalmadığı qənaətindəyəm. Çünki Nikol Paşinyan taleyüklü seçki qarşısındadır. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan bu ərəfədə ölkəsində yaşananların fərqindədir. Radikal müxalifət, kilsə, Rusiyaya bağlı iş adamları Paşinyana qarşı aktiv hərəkətə keçib. Paşinyan da onları cavabsız qoymur, həmin qüvvələrin bəzi nümayəndələri artıq həbsdədir. Paşinyan anlayır ki, sülh prosesinin irəli aparılması onu xilas edə, onun kürsüsünü möhkəmlədə, eyni zamanda Gümrü şəhərində hərbi bazasını gücləndirməkdə olan Moskvanın təzyiqlərinə effektiv bir cavab ola bilər.
Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşəcəyi barədə məlumat ilk öncə Ermənistan mediasında açıqlandı. Çox güman, bundan qabaq Nikol Paşinyanı Türkiyəyə səfər etməyə yönəldən əsas səbəb də özü və komandası ilə bağlı narahatlıqları idi. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi, ardınca Ermənistanın ayrı-ayrı rəsmilərinin davamlı şəkildə Azərbaycanla sülhə hazır olduqlarını ifadə etməsi, sülh sazişi imzalamaq üçün sadəcə günü və yeri müəyyənləşdirmək məsələsinin qaldığını söyləmələri – bütün bunlar maraqlı nüanslar idi. Belə görünür ki, rəsmi İrəvan indiki situasiyada “sülh sənədi” adlı hansısa bir sənədi imzalamaq istəyindədir.
Lakin Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan hesab edir ki, Ermənistanın Konstitusiyasında və normativ hüquqi aktlarında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların hamısı aradan qaldırılmalıdır. Bundan başqa, ATƏT-in Minsk qrupu buraxılmalıdır. Azərbaycan tərəfi daima bəyan edib ki, sülh prosesinə sadiqdir, sadəcə olaraq bu iki şərt yerinə yetirilməlidir.
Elə bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Slovakiya mətbuatına müsahibəsində bildirdiyi kimi, Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh vəziyyəti mövcuddur. Belə bir durumda ABŞ-dən nikbin sülh açıqlamalarının gəlməsi faktorunun özü də prosesin irəliyə doğru aparıldığına ümid yaradır”.

E.Paşasoy ehtimal edir ki, liderlərin görüşündə sülh müqaviləsi ətrafında hərtərəfli müzakirə aparılacaq, hər iki tərəfdən nazirlərin, komissiya rəhbərlərinin və digər nümayəndələrin iştirakı ilə bu müzakirələr dərinləşdiriləcək: “Delimitasiya və demarkasiya prosesinin də nəhayət ki, donmuş nöqtədən irəliyə aparılması gözləniləndir.
Eyni zamanda hesab edirəm ki, danışıqlarda Azərbaycan Prezidentinin xüsusilə önəm verdiyi bir məsələ - qərbi azərbaycanlıların öz yurdlarına qayıtması məsələsi də qaldırılacaq. Fikrimcə, dövlətimizin başçısı bu məsələnin həllini tapmasını, Paşinyanın Qərbi Azərbaycan icmasının təmsilçilərini qəbul edib çözüm yollarını aramasını tələb edəcək”.
E.Paşasoy vurğulayır ki, rəsmi İrəvan konstruktiv mövqe ortaya qoyarsa, indiki məqamda sülh sazişi olmasa da, çərçivə sazişinin imzalanması istiqamətində addım atıla bilər: “Ümid edək ki, nəhayət, Ermənistan rəhbərliyi bu tarixi şansdan yararlanacaq, ayrı-ayrı qüvvələrin təzyiqlərinə, neqativ müdaxilələrinə dirəniş göstərib cəsarət nümayiş etdirəcək, özündə güc, siyasi iradə taparaq konstruktiv mövqe sərgiləyib sülhə doğru real addım atacaq”.
Lamiyə,
Medianews.az