11.06.2025, 21:15
149 baxış
Azad
Hava proqnozu: Ölkəmizə Şimal axınları gəlir
“İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” hesabında növbəti hava proqnozu yayılıb.
Medianews.az-ın məlumatına görə, proqnozda deyilir ki, həftə sonuna kimi ölkə ərazisində isti hava şəraiti davam edəcək. Yüksək temperatura baxmayaraq, əsasən dağlıq bölgələrimizdə və onlara yaxın bəzi bölgələrdə qısamüddətli yağışlar davam edəcək.
İyunun 13-də ölkə ərazisinə bir sutkalıq Qara dəniz axını daxil olacaq. Bu axın nəticəsində əsasən Bakı və Abşeronda, eyni zamanda Şimal bölgəsində və bəzi digər bölgələrdə Şimal küləkləri güclənəcək.
İyunun 14-ü axşamdan isə Qütblərdən və Skandinaviya üzərindən gələn Şimal axınları ölkəmizə daxil olacaq.
İyunun 15-dən başlayaraq bu Şimal axınları öz gücünü artıracaq. Paytaxtda və əksər bölgələrimizdə şiddətli küləklər əsəcək.
Yağışlar bəzi bölgələrdə iyunun 14-ü gecədən, bəzi bölgələrdə ayın 15-dən, digər bölgələrdə isə ayın 16-dan başlayacaq.
Temperatur enməsi iyunun 15-dən başlayaraq, 16-da özünü tam bariz şəkildə göstərəcək.
Bölgələrdən asılı olaraq temperatur ümümilikdə 7-10 dərəcə enəcək.
Yeni həftənin əvvəli ölkə ərazisində sərinlik hiss olunacaq.
BAKI və ABŞERONDA
İyunun 12-i arabir Cənub küləyi güclənəcək.
İyunun 13-ü gündüz güclü Şimal küləyi əsəcək. (20-25m/s).
İyunun 14-ü günün ikinci yarısından külək tədricən güclənəcək, ayın 15-də şiddətlənəcək və 16-da davam edəcək.
Yeni həftənin əvvəli temperatur +25 dərəcə olacaq, küləyə görə isə +17+19 dərəcə hiss ediləcək.
Aran bölgəsində temperatur +36 və +37-dən +28/+30-a enəcək.
Dağlıq bölgələrdə isə temperatur +30-dan +20-yə, bəzi dağlıq bölgələrdə isə +32-dən +24-ə düşəcək.
Bir sözlə? yeni həftənin əvvəli iyun ayı üçün komfort sayıla biləcək hava olacaq.
Axın ölkəyə daxil olduqdan sonra temperatur enməsi gözlənildiyindən daha çox ola bilər.
Medianews.az