Medianews.az
“Döyüş yoldaşlarım deyirdi ki, sən geri qayıt, qadınsan” - <span style=color:red>Bədənində 100-ə yaxın qəlpəsi olan xalq artisti - FOTO
336 baxış

“Döyüş yoldaşlarım deyirdi ki, sən geri qayıt, qadınsan” - Bədənində 100-ə yaxın qəlpəsi olan xalq artisti - FOTO

“Yenidən Şuşaya qayıtmağı, oradakı qaynar həyata atılmağı, yaradıcı mühitə uyğunlaşmağı böyük səbirsizliklə gözləyirəm. Şuşanın yaradıcı mühitində yenidən xidmətlərimin olmasını istəyirəm. Bilirsiniz ki, bizim teatrımız tarixən Şuşada fəaliyyət göstərib. Teatrımızın binası tikiləndən sonra biz də köçüb orada yaşayıb, fəaliyyət göstərə biləcəyik. O günləri böyük səbirsizliklə gözləyirik. Hətta Şuşa alınanda teatrımızın direktoru, çox hörmətli Yadigar Muradov bildirmişdi ki, öz evini müvəqqəti olaraq aktyorlarımızın yerləşməsi üçün verməyə hazırdır. Bu gözəl və böyük təşəbbüsdür. Yadigar müəllim böyük ürək sahibidir. Mən inanıram ki, dövlətimiz orada gözəl bir teatr binası inşa edəcək. Şuşa alınandan sonra orada tamaşa oynamağın ayrıca bir gözəlliyi, özəlliyi var. Şuşa işğaldan azad olunanda darmadağın idi. Bu gün isə Şuşada gecə-gündüz iş gedir. O qədər gözəl binalar tikilir ki.. Şuşa əvvəlkindən də gözəl olacaq” Bu sözləri Medianews.az-a açıqlamasında xalq artisti, Şuşa Dövlət Musiqili Dram teatrının aktrisası Şükufə Musayeva deyib. Aktrisa bildirib ki, bu gün filmlərə onu dəvət etmirlər: “Şəxsən son 4-5 ildə mənə dəvətlər gəlməyib. Bu da bir monopoliyadır. Öz adamlarını, yaxınlarını çəkirlər. Pis yaxud yaxşı çəkirlər də... Küçədə yol gedəni də seriala çəkirlər, amma peşəkar aktyorlar kənarda qalır. Bir də bizim film və seriallarda çatışmayan nədir? Filmə dəvət edəndə deyir ki, öz geyiminlə çəkiləcəksən. Bəlkə mən elə zövqsüzəm? Hər bir obraza görə geyim seçilməlidir, qrim olunmalıdır. Heç kimi tənqid etmək fikrim yoxdur. Tarixi əsərlərə, filmlərə çəkilmək istərdim. Türklər tarixi mövzuları o qədər gözəl işləyirlər ki. Biz Şah İsmayıl Xətai haqda film çəkə bilmərik ki? Bütün şəhidlərimizin həyatı elə bir filmdir də. Ssenariləri kim yazırsa bu nüansları nəzərə almalıdır”. Aktrisa bildirib ki, dövlətin qayğısını hər zaman hiss edib: “Bu günlərdə də mükafatlandırıldım. Düzdür, sənət yolunda əziyyət, zəhmət çəkmişik, amma insan qiymət görəndə, qayğını hiss edəndə sevinir, dünyalar onun olur. Hər kəs belədir. Tarixən belə olub ki, sənətkarın, aktyorun, aktrisanın yaşayışı hər zaman orta olub. O qədər çətin günlərim olub ki. Məcburi köçkünlük dövründə o qədər əziyyətlər çəkmişik ki. Hər zaman qiymətləndirilmək adamı daha da ruhlandırır”. Şükufə Musayeva deyir ki, Birinci Qarabağ müharibəsində yaralanmasının fəsadları bu gün də özünü biruzə verir: “Birinci Qarabağ müharibəsində böyük döyüş yolu keçmişəm. Milli Qəhrəmanlarımız Vəzir Orucov və Ramiz Qəmbərov da həmin döyüşlərdə idi. Döyüş yoldaşlarımın çoxu istəmirdi ki, mən cəbhədə döyüşüm. Deyirdilər ki, sən qadınsan, geri qayıt. Təkidlə deyirdim ki, xeyr, mən də döyüşmək istəyirəm. Bəs bu hərbi geyimi niyə geyinmişəm?! Üzümdə, bədənimdə o qədər qəlpələr var ki. Bəzən özümlə təkbaşına qalanda güzgüyə baxıram. Bu zaman alnımdakı və bədənimdəki qəlpə, tikiş izlərinə nəzər yetirirəm. Hər döyüş anı yadıma düşür, o illərə gedib çıxıram. Bu gün o qəlpələrin bir çoxu bədənimdən çıxarılmayıb. Səhhətimə də təsir edir. Boğaz damarımda da qəlpə var. Onu həkim çıxarmağı məsləhət görmədi. Bu qəlpəni çıxarsaydılar mən ömürlük səsimi itirə bilərdim. Aktrisa olduğum üçün səs mənim üçün çox vacibdir”. Əli Əssgər Medianews.az

Bizə qoşulun