Medianews.az
Azərbaycanda ictimai infrastrukturun kibermüdafiəsi <span style=color:red>gücləndirilir
166 baxış

Azərbaycanda ictimai infrastrukturun kibermüdafiəsi gücləndirilir

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının rəhbərliyində və tərkibində mühüm institusional dəyişikliklər həyata keçirilib. Artıq Komissiyanın sədri kimi rəqəmsal inkişaf və nəqliyyat naziri müəyyən edilib. Bu addım koordinasiya funksiyalarının mülki və texnologiya yönümlü strateji idarəetmə modeli üzərində qurulduğunu göstərir. Əvvəllər hərbi profilli qurumun nəzarətində olan bu struktur indi rəqəmsal strategiyaya əsaslanan, çevik və texnoloji fəlsəfəyə malik bir yanaşma ilə əvəz edilib. Bu, təkcə struktur dəyişikliyi deyil – dövlətin informasiya təhlükəsizliyinə münasibətində fəlsəfi və idarəetmə baxımından keyfiyyət dəyişikliyidir. Dəyişikliklərin əsas məqsədi — ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına qarşı kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş və operativ tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Hesab edirəm ki, burada əsas hədəf – kritik infrastrukturun informasiya sistemlərinə yönəlmiş hücumlara qarşı sürətli koordinasiya və nəticəyönümlü əks tədbirlərin həyata keçirilməsidir. Əsas dəyişikliklərdən biri Komissiyanın rəhbərliyinin hərbi-idarəetmə modelindən çıxarılaraq texnoloji-strateji qərarvermə orqanına həvalə edilməsidir. Bununla yanaşı, Elektron Təhlükəsizlik Xidməti, Elm və Təhsil Nazirliyi və digər texnoloji institutların koordinasiyadakı rolu gücləndirilib. Komissiyanın yeni tərkibi daha çox əməliyyat yönümlü, qərarverici və tətbiq yönümlü strukturlardan ibarətdir. Yeni yanaşma beynəlxalq təcrübələrə uyğun olaraq dövlət-özəl sektor sinerjisini, kritik infrastrukturlarda preventiv müdafiəni və proaktiv kiberdayanıqlılığı ön plana çıxarır. Mövcud irəliləyişlərin davamı olaraq, son illər ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti ilə koordinasiya çərçivəsində kritik informasiya infrastrukturunun qurulması istiqamətində mühüm nəticələr əldə olunmuşdu. Yeni mərhələ bu irəliləyişlərin genişləndirilməsini və xüsusilə qeyri-dövlət sektorunun informasiya təhlükəsizliyi sistemlərinə inteqrasiyasını prioritetə çevirir. Bu yanaşma qeyri-dövlət sektorunda təhlükəsizlik mədəniyyətinin formalaşmasına əhəmiyyətli töhfə verəcəkdir. Nəticə etibarilə, bu islahat dövlətin informasiya təhlükəsizliyi sistemini yalnız qoruma vasitəsi deyil, inkişaf və davamlılıq aləti kimi mövqeləndirir. Azərbaycan rəqəmsal dövrdə kibertəhlükəsizliyi müasir idarəetmənin və dayanıqlı inkişafın əsas sütunlarından biri kimi yenidən müəyyənləşdirir. Elvin Abbasov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri

Bizə qoşulun