Medianews.az
Üç ildir bu uğursuzluğa səbəb nədir? - <span style=color:red>Xalq artistləri açıqlama verdilər
195 baxış

Üç ildir bu uğursuzluğa səbəb nədir? - Xalq artistləri açıqlama verdilər

Ardıcıl üç ildir Azərbaycan təmsilçiləri “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində uğursuzluqla üzləşir. 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov yarımfinalda ələnmişdilər. İsveçrənin Bazel şəhərində keçirilən “Avroviziya 2025”dəki təmsilçi - “Mamaqama” qrupu da yarımfinalı keçə bilmədi. 2018-ci ilin yarışındakı nümayəndə - Aysel Məmmədova da yarımfinalda dayanmalı olmuşdu. Medianews.az bildirir ki, Azərbaycan təmsilçiləri qatıldıqları yarışların 13-də finala çıxa biliblər. Ən böyük uğuru 2011-ci ildə Nigar Camal və Eldar Qasımov qalib olmaqla əldə ediblər və 2012-ci ilin “Avroviziya”sı Azərbaycan paytaxtında keçirilib. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub. Son üç ildə Azərbaycan təmsilçilərinin “Avroviziya”da yarımfinalı keçə bilməməsinin əsas səbəbləri nədir? Medianews.az bu sualla tanınmış bəstəkarlara müraciət edib. Xalq artisti, bəstəkar Faiq Sücəddinov Medianews.az-a deyib ki, “Mamaqama” qrupunun “Avroviziya 2025”dəki çıxışı onun çox xoşuna gəlib: “Bildiyiniz kimi, qrup vokalist Asəf Mişiyev, gitaraçı Həsən Heydər və zərb alətləri ifaçısı Arif İmanovdan ibarətdir. Asəf Mişiyev sənətə tarzən kimi başlayıb. “Avroviziya 2025”in səhnəsində həm çox gözəl oxudu, həm də gözəl saz çaldı. Ümumiyyətlə dünyada məşhur oxuyanların əksəri vaxtilə musiqiçi olub. “Mamaqama” qrupunun səhnə mədəniyyətini, musiqisini, təqdimat tərzini, ifasını – bir sözlə, qrupun çıxışını çox bəyəndim, şəxsən mənə olduqca xoş təsir bağışladı. Nəticəyə, qrupun yarımfinalı keçə bilməməsinə gəlincə, burada yarış iştirakçılarının qiymətləndirilməsi metodologiyasına nəzər yetirməliyik. İştirakçıları həm münsiflər, həm də avropalı tamaşaçılar səsvermə ilə dəyərləndirirlər. Onların meyarlarında isə ifanın səviyyəsindən önə keçən məqamlar var. Hətta kimsə ifaçıları köklüyünə, arıqlığına, cinsinə, öz doğmalarına bənzətdiyinə görə qiymətləndirə bilər. Yəni təkcə sənət meyarları ilə Avropa ölkələrinin səsini qazanmaq çətindir. Reallıq budur”. Xalq artisti, bəstəkar Eldar Mansurov Medianews.az-a açıqlamasında qeyd edib ki, son zamanlar “Avroviziya” ilə bağlı prosesləri davamlı izləyə bilmir, ona görə uğursuzluqların məntiqini anlamaqda bir qədər çətinlik çəkir: “Amma vaxtilə bu yarışda uğur qazanmış, ön yerləri tutmuş təmsilçilərimiz olub, bir dəfə yarışın qalibi də olmuşuq. Bəzən ümumən uğursuz dönəmlər baş qaldırır, son üç ili də yəqin ki, bu dönəmdən saymaq gərəkdir. Ancaq dilxor olmaq, ruhdan düşmək lazım deyil. Vaxt gələcək yeni ifaçılar, yarışa yeni münasibət olacaq. Gələcəyə ümidlə baxmaq lazımdır”. Xatırladaq ki, ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun