Medianews.az
Yeni Papa seçkisi: <span style=color:red>ilk nəticə belə oldu
172 baxış

Yeni Papa seçkisi: ilk nəticə belə oldu

Mayın 7-də Müqəddəs Taxt-Tacda yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbərinin seçilməsi üçün konklav (seçki) keçirilib. Konklava mərhum Papa Fransiskin rəhbərliyi dövründə Müqəddəs Taxt-Tacın dövlət katibi vəzifəsini icra etmiş italiyalı kardinal Pietro Parolin rəhbərlik edib. Konklav başlayandan sonra izdiham Müqəddəs Pyotr meydanına toplaşaraq Sikstin Kapellasına quraşdırılan bacadan çıxacaq tüstünün rəngini yaxından izləyib. Lakin Medianews.az xəbər verir ki, ilk gündə nəticə əldə olunmayıb: bacadan qara tüstü qalxıb. Qaydaya əsasən, yaşı 80-dən aşağı və seçkiyə qatılmaq hüququ olan 133 kardinal səs verir və verilən hər bir səs yandırılır. Namizəd üçdə iki səs çoxluğu alana qədər kardinallar səs verməlidirlər. Yeni Papanın seçilməsi üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyac var. Dünyaya yeni Papanın seçilib-seçilmədiyini Sikstin Kapellasının damında quraşdırılan bacadan çıxan tüstünün rəngi xəbər verir. Ənənəyə görə, kardinallar səsvermə turunun başa çatıb-çatmadığını dünyaya bildirmək üçün bacadan çıxan tüstüdən istifadə edirlər. Səsvermə qəti nəticə verməsə, bacadan çıxan tüstü qara rəngdə olur. Əgər Papa seçilərsə tüstünün rəngi ağ olacaq və kilsə zəngləri çalınacaq. Kilsə qanunlarına görə, lazımi səs çoxluğuna çatan kardinal bu vəzifəni qəbul edəcəyi təqdirdə katoliklərin yeni ruhani lideri olacaq. Yeni Papa kilsədəki xüsusi otağa aparılacaq və orada onun üçün hazırlanmış paltarları geyinəcək. Daha sonra yeni Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılacaq. Dünyadakı təxminən 1,4 milyard katolik yeni liderin seçilməsini gözləyir. Bu posta əsas namizədlər arasında italiyalı kardinal Pietro Parolin, macar kardinal Peter Erdo, Birləşmiş Ştatlardan kardinal Raymond Leo Burke, italiyalı kardinal Matteo Zuppi, filippinli kardinal Luis Antonio Qokim Taqle, italiyalı kardinal Pierbattista Pizzaballa, qanalı kardinal Piter Turkson, fransız kardinal Jan Mark Avelin, isveçli kardinal Anders Arborelius, qvineyalı kardinal Robert Sarah, maltalı kardinal Mario Qrex, Konqo Demokratik Respublikasından olan kardinal Fridolin Ambonqo Besunqu, ABŞ-dan olan kardinal Timoti Dolan və amerikalı kardinal Robert Frensis Prevostun adı çəkilir. Yeni ruhani liderin kardinallar tərəfindən müəyyən olunması qaydasını Papa II Nikolay 1059-cu ildə tətbiq edib. Katolik kilsəsinin tarixində ən uzun seçki prosesi 1268-1271-ci illər arasında - 1006 gün (2 il 9 ay) baş tutub. Seçki prosesi bu qədər uzun olduğu üçün 1274-cü ildə kardinalların konklav zamanı bir yerdə qalmaları və Papa seçilənə qədər oranı tərk etməmələri qərara alınıb. Tarixdə ən qısamüddətli konklav 1503-cü ildə baş tutub və ümumilikdə 10 saat davam edib. Sikstin Kapellasında ilk konklav isə 1492-ci ildə keçirilib. Xatırladaq ki, katoliklərin ruhani lideri və Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. Mərhum Xorxe Mario Berqolyo Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub. / AZƏRTAC

Bizə qoşulun