Məhəmməd Əsədullazadə,
siyasi ekspert
05.05.2025, 11:36
180 baxış
Azad
Ermənistan müxalifəti öz proqramına sülhü yox, müharibəni salıb
Ermənistan baş naziri Nikol Paşinyan regionlarda keçirdiyi görüşlərdə "Tarixi Ermənistan”dan imtina edərək, "Real Ermənistan" proqramını qeyd edir. Mövcud siyasi vəziyyətin Ermənistanın dövlətçiliyi üçün uğurlu olduğunu diqqətə çatdırır.
Erməni əhalisini reallıqları qəbul etməyi və indiki sərhədlər daxilində dövlətçiliyi möhkəmləndirməyin əsaslarını təbliğ edir. Bu proqramla Paşinyan seçkiqabağı müxalifətin onun üzərinə Qarabağ məsələsində gəlməsini neytrallaşdırır.
O, ölkədə müxalifətin Qarabağ məsələsindən istifadə etməsini, real Ermənistan üçün təhlükəli olduğunu bəyan edir. Ermənistanda "Qarabağ hərəkatının" bitdiyini, buna imkan verməyəcəyini bildirib. Bununla N.Paşinyan kifayət qədər Robert Koçaryan və Serj Sarkisyan tandeminin üzərinə gedir.
Müxalifət isə, yenidən ənənəvi Qarabağ məsələsinə qayıdıb. Meydanlara Qarabağdan gedən erməniləri çıxarmaq və onların geri qayıtması məsələsini qabartmaqla N.Paşinyana təzyiq etməyə çalışır. Bu müxalifətin uğursuz və köhnəlmiş metodudur. Məhz keçmiş prezident S.Sarkisyan Yerevanda tələbələrlə görüşündə vaxtı ilə Şuşanın işğal planın xəritəsini təqdim edib. S.Sarkisyan timsalında keçmiş liderlər hələdə öz "qalibiyyətlərinin" kölgəsində gizlənməklə, Ermənistan siyasi cəmiyyətində qələbə axtarır. Amma unudurlar ki, erməni əhalisi onları yenidən Baqramyan küçəsində hökumət evinə gətirməyəcək. S.Sarkisyan tələblərlə görüşündə Qarabağ məsələsini gündəmə gətirməklə, revanşist açıqlamalar verib.
Göründüyü kimi, müxalifət eyni ritorikadadır və seçkiyə Qarabağ məsələsini əllərində şüar tutaraq gedir. Hələ də müxalifət N.Paşinyanı erməni ərazilərini təhvil verməkdə günahlandırır. Paşinyan da onlara cavab olaraq "hansı əraziləri təhvil verdim" deyərək sual verir?! Bir növ N.Paşinyan müxalifəti yenidən Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirməkdə ittiham edərək, onların müharibədə maraqlı olduğunu xalqa çatdırır. Əslində Sarkisyan və Koçaryanın Qarabağ məsələsindən istifadə etməsi Paşinyanın maraqlarına cavab verir. Çünki xalq Qarabağ məsələsini qəbul etmir və yeni müharibəni rədd edir. Bu da müxalifətin seçkidə məğlubiyyəti deməkdir.
Ermənistan müxalifəti Azərbaycanla sülhün əldə edilməsinə olan əngəlli götürməsini N.Paşinyandan tələb etmir. Əslində normal müxalifət Paşinyanı sülh müqaviləsini gecikdirməkdə ittiham etməlidir. Əgər Ermənistanda müxalifət sülh gündəliyini öz proqramına salarsa, seçkilərdə qələbə qazana bilər. Təbii ki, sülh proqramı şüar deyil, konkret əsaslara söykənməli və Azərbaycan da buna etiraz etməməlidir. Amma Ermənistan müxalifəti Paşinyanı müharibə etməməkdə ittiham edir. Belə olan təqdirdə müxalifətin qələbə əldə etməsi mümkün olmayacaq. Ermənistanda hələ ki, reallıqları qəbul edən Paşinyan və onun komandasıdır.
Məhəmməd Əsədullazadə,
siyasi ekspert
Məhəmməd Əsədullazadə,
siyasi ekspert
Paylaş: