Aydın Quliyev,
politoloq
16.04.2025, 12:25
398 baxış
Azad
Paşinyan Qərbi azərbaycanlıların qayıdışını daha ərazi iddiası saymır?..
Ermənistanın baş naziri Paşinyan, nəhayət ki, ATƏT Minsk Qrupunun buraxılması barədə Azərbaycanın tələbinə konstruktiv anlaşma göstərdi. Nə qədər ardıcıl olacağını söyləmək hələlik çətindir. Lakin üzdə olan konstruktivlik budur ki, sülh sazişinin imzalanması ilə eyni gündə Minsk Qrupunun buraxılması barədə bəyanata imza ata biləcəklərini deyib. Mirzoyan bir az da irəli gedərək "hansının əvvəl, hansının sonra olmasının fərqinə varmadan 10 dəqiqə fasilə ilə imzalaya bilərik" deyib...
Azərbaycanın rəsmi olaraq bu yanaşmaya necə münasibət bildirməsi dövlət başçısının işidir...
Lakin hər halda Ermənistan baş nazirinin tam fərqli şeylər dediyi vaxtlar da var idi, məsələn, deyirdi ki, münaqişə hələ bitmədiyi üçün Minsk Qrupunun buraxılmasına ehtiyac yoxdur və Azərbaycan Qərbi Azərbaycan məsələsi altında bizə qarşı ərazi iddialarında olduğu üçün aramızdakı münaqişə hələ bitmiş sayıla bilməz. Bu, ifrat revanşist mövqe idi, baxmayaraq ki, Qərbi azərbaycanlıların vətənlərinə qayıdışı heç bir halda Ermənistandan ərazi iddiası sayıla bilməz, ancaq nə edəsən ki, Ermənistan rəhbərliyi bir son günlərə qədər bunu belə qəbul edirdi...
Bu gün Paşinyanın Minsk Qrupunun buraxılması tələbi ilə razılaşması və "10 dəqiqə fasilə ilə sazişə və Minsk Qrupu haqda bəyanata imza atmağa hazır olması" həm də o deməkdir ki, Ermənistan Qərbi Azərbaycana qayıdışı ərazi iddiası kimi dəyərləndirməkdən geri çəkilir... Bu həqiqətənmi belədir? Ya Paşinyan Qərbi azərbaycanlıların qayıdışını ərazi iddiası kimi yozmaq üçün gələcəkdə başqa arqumentlər axtaracaq? Hələlik bilmirik...
Hər şeyi onun sülh sazişini imzalamağa nə qədər hazır olması göstərəcək. Sazişi imzalamaq üçün hazırlıq deyəndə isə tək Minsk Qrupunun buraxılmasına imza atmaq yetərli deyil. Konstitusiyanı dəyişmək prosesinə başlamaq da vacibdir. Yox, əgər Paşinyan "Sülh sazişi imzalandıqdan sonra konstitusiya dəyişikliyi bizim Konstitusiya Məhkəməsinin qərarından asılı olacaq" mövqeyində qalsa, nə sülh sazişi olacaq, nə də Minsk Qrupunun buraxılmasının bir mənası qalmayacaq...
Aydın Quliyev,
politoloq
Aydın Quliyev,
politoloq
Paylaş: