Medianews.az
“Münasibətimiz olmasa da Şəfiqə xanımla salamlaşaram, birlikdə filmə də çəkilərəm”-ÖZƏL+FOTO
227 baxış

“Münasibətimiz olmasa da Şəfiqə xanımla salamlaşaram, birlikdə filmə də çəkilərəm”-ÖZƏL+FOTO

“Ölən insanın arxasınca danışmaq doğru deyil. Danışanda da ancaq yaxşı xasiyyətindən danışmaq lazımdır və rəhmət oxumaq vacibdir. Mənim yanımda heç bir sənət yoldaşımın arxasınca danışa bilməzlər. Cəhd ediblər, amma o dəqiqə qarşısını almışam. Demişəm ki, özü burada yoxdur, xahiş edirəm yanımda belə şeylər danışmayın. Sənət aləmində dedi-qodular çoxdur. Bildilər-bilmədilər danışırlar. Mən öz işimlə məşğulam. Paxıllıqlar da çoxdur. O, başa düşmür ki, sən mənim paxıllığımı çəksən də mən öz yolumla gedəcəm. Elə bilirsiniz ki, bizim teatrda mənim paxıllığımı çəkənlər yox idi? Əlbəttə ki, var idi. Üzümə də deyirdilər ki, sənin paxıllığını çəkirik” Bunu Medianews.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib. Tariyel Qasımov xalq artisti Əli Nurun gündəm olan açıqlamaları haqda suala isə belə cavab verib: “Mən bilirsiniz ki, hər zaman bu qalmaqallardan uzaq olmuşam. Xahiş edirəm məni belə mövzulara qatmayın. Bircə onu deyə bilərəm ki, Ramizi çox istəyirdim, mənimlə yaxın idi, böyük də sənətkar idi. Çox gözəl də insan olub. Mən onu belə tanımışam. Allah ona rəhmət eləsin! Yəqin ki, Ramiz Novruzun oğlu Əli Nura nəsə deyib ki, o da danışıb. Belə mövzuları gündəmə gətirmək olmaz”. Aktyor bildirib ki, konkret qonorarı yoxdur: “ “Xosrov və Şirin” serialı çəkiləndə məni də dəvət etdilər. Rejissor dedi ki, Tariyel müəllim, sizə nə qədər qonorar ödəyək ki, siz bizim serialda çəkiləsiz? Dedim ki, birincisi mən pulsuz çəkilirəm. İkincisi də sizin imkanınız nə qədərdirsə, o qədər də verin. Mən rol oynayan vaxtı heç vaxt pul haqqı-hesabı etməmişəm. Təki baş rol, yaxşı obraz olsun. Mən rolumu canfəşanlıqla oynayıram, məşqlərə, çəkilişlərə gecikmirəm. Bunu bütün rejissorlar bilir. Heç vaxt qiymət danışıb çəkilməmişəm. Həmişə də aldığım qonorarlardan razı qalmışam”. Xalq artisti “Bir müddət əvvəl qalmaqal yaşadığınız, sərt tənqid etdiyiniz xanım sənətkarımız Şəfiqə Məmmədova ilə bir filmdə çəkilmək təklifi gəlsə razılıq verərsiniz?” sualına belə cavab verib: “Şəfiqə xanımla eyni tamaşada da oynayaram, filmə də çəkilərəm. Bunun şəxsiyyətə aidiyyatı yoxdur. Aktyora hansı rol verilirsə oynamalıdır. Onun tərəf müqabili düşməni də olsa oynamalıdır. Münasibəti sənətə, səhnəyə qatmaq olmaz. Əgər tamaşaçı hiss edərsə bu insanların bir-biri ilə münasibəti yoxdur, demək ki, bu aktyorların ikisi də zəifdir. Mən bilmirəm Şəfiqə xanım buna razılıq verər ya yox? Çünki mən onun ürəyini bilmirəm. Münasibətimiz yoxdur, sözün düzü o söz-söhbətdən sonra üz-üzə gəlməmişik. Üz-üzə gəlsək hər halda mən kişiyəm, o qadındır. Birinci mən ona salam verərəm”. Əli Əsgər Medianews.az

Bizə qoşulun