Medianews.az
"Atası hələ də vicdan əzabı çəkir ki, <span style=color:red>o vaxt niyə Larisanı özümlə apardım?" - FOTO
470 baxış

"Atası hələ də vicdan əzabı çəkir ki, o vaxt niyə Larisanı özümlə apardım?" - FOTO

“19 yanvar tarixində ailəlikcə evdə oturmuşduq. Hiss edirdim ki, şəhərdə sakitlik hökm sürür. Sükutun sonu yaxşı bitmir. Sovet imperiyasının əsgərlərini və tanklarını görürdüm. Biz çölə çıxmadıq. Larisanın 13 yaşı var idi. Larisa mənə yalvardı ki, ay ana, uşaqlar oradadır, gedək onlara isti yemək verək. Dedim ki, istəyirsənsə apar onlara yemək ver. Axşam saat 5 radələri olardı. Mənim o biri qızım Nərmin də 4 aylıq idi. Dedi ki, ana, Nərmini büküb bir az çöldə gəzdirək. Dedim ki, yaxşı. Nərmini ədyala büküb çölə çıxdıq. Biz harada yaşayırdıqsa həmin binanı 3 dəfə dövrə vurub evə gəldik. Evə gəlib bir az uzandıq. Larisa da yanıma gəldi. Dedi ki, ay ana, bilmirəm nədəndir, gəzməyə də çıxdım, amma nədənsə mənim üçün çox ağırdır. Dedi ki, ürəyim sıxılır, nəsə pisəm, elə bil ki, nəsə baş verəcək. Dedim ki, Larisa, sənə nə olub? Yemək istəyirsənsə verim? Dedi ki, yox ay ana! Bir balaca uzandıq. Axşam saat 9-da gördüm ki, yoldaşım gəldi. O da dedi ki, “Azneft” meydanında mitinq var, oraya gedirəm. Larisa dedi ki, ata, mən də səninlə gedirəm. Larisa evdən çıxanda təzə paltarlarını geyindi. Kim bilərdi ki, bir də o geyimləri geyinə bilməyəcək? Hava sakit idi, amma şaxta var idi. Dedim ki, Larisa, bəlkə getməyəsən? Dedi ki, yox, mən ata ilə gedəcəyəm. Mənə dedi ki, sən qal evdə, Nərmin balacadır, ona bax” Bunu Medianews.az-a açıqlamasında 20 Yanvar şəhidi Larisa Məmmədovanın anası Qalina Məmmədova deyib. O daha sonra əlavə edib: “Onlar gedəndən sonra məndə narahatlıq başladı. Uşağı qoydum yatmağa, özüm çölə çıxdım. Bizim qonşularımız o tərəfə, bu tərəfə qaçırdılar. Məndən soruşdular ki, Fərman, Larisa hardadır? Dedim ki, şəhərə çıxıblar. Dedilər ki, sən nə danışırsan? Nəsə səs-küy səsləri eşidilirdi. Avtomatın səslərini eşitməyə başladım. Narahat oldum, çölə çıxdım. Xəstələri “Semaşko” xəstəxanasına aparırdılar. İnsanların səsləri gəlirdi ki, “kömək edin, pambıq lazımdır”. Bütün bunlara şahid ola-ola özümdə təskinlik tapırdım ki, Larisa atası ilə gedib də, nə olacaq ki? Deməli onlar gəliblər meydana, avtobusa miniblər, gediblər insanlara kömək etməyə. “Tbilisi” prospektində başlayıblar atmağa, avtobus sürücüsü ölüb, maşın divara çırpınıb və Larisa da ölüb. Fərman sonradan danışırdı ki, bizə kömək etməyə gəliblər, məni ayrı, Larisanı ayrı maşına qoyub aparıblar. Onları “Semaşko” xəstəxanasına gətiriblər. Xəstəxanadan mənə zəng etdilər, dedilər ki, həyat yoldaşınız xəstəxanadadır. Soruşdum ki, bəs qızım Larisa? Dedilər bilmirik! O vaxtı bilmirəm necə olmuşam, hansı əhvalda olmuşam yadıma gəlmir. Qonşular məni “Semaşko” xəstəxanasına aparıblar. Xəstəxanaya çatar-çatmaz Larisanı soruşdum? Fərman dedi ki, qızı itirdim (ağlayır). Bu sözləri deyir və ağlayırdı”. Q.Məmmədova deyib ki, Larisanın cansız bədənini qonşular tapıb gətiriblər: “Mənə heç nə demədilər.. Bircə onu dedilər ki, gedək evə. Evə gələndə gördüm ki, adam çoxdur. Larisanın gödəkçəsini soyunduranda gördüm ki, güllə yarası var. Ayaqqabısının içində də şüşə qırıntıları var idi. Üzündə də yara.. Yaxınlaşıb Larisaya dedim ki, axı sənə demişdim heç yerə getmə! İndi mən sənsiz necə yaşayacam? 2 gün evdə saxladıq.. Sonra aparıb dəfn etdik. Hökümət evinin yanından apardıq Şəhidlər Xiyabanına.. Mən orada gördüm ki, ölən çoxdur. Heç bilmirdim ki, bu qədər şəhid var. Larisanı, ən sadiq köməkçimi itirdim. Mənim anam, atam Ukraynada idi. Larisanın sayəsində təkliyi hiss etmirdim. O qədər mənə kömək edirdi ki..” Şəhid anası söyləyib ki, qızı larisa məktəbdə də nümunəvi şagird olub: “Məktəbdə də çox nümunəvi şagird idi. Qızlar danışırdı ki, heç kimlə dalaşmırdı, sinifdə də şakitlik yaradırdı. Deyirdi ki, biz bir ailəyik. Bir qız var idi, həmişə ondan soruşurdu ki, Larisa, sənə niyə rus adı qoyublar? O da deyirmiş ki, sən narahat olma, şəxsiyyət vəsiqəsi alanda adımı Leyla etdirəcəm. Biz şəhərə çıxırdıq. Larisa hər yerə baxıb deyirdi ki, Bakımız nə gözəldir, ay ana! Mən də deyirdim ki, hə, Lariçka! Çox yaxşı şəkil çəkirdi, piano ifa edirdi. Larisanı itirəndən sonra hər gün qapıdan onun içəri girəcəyini gözləyirdim. Artıq üstündən 35 il ötüb. Yenə də gözləyirəm. Qızım Nərminin 35, o biri övladımın isə 40 yaşı tamam olacaq. Larisa yaşasaydı 48 yaşı tamam olacaqdı. Biz həmişə Larisadan söhbət edirik, onu yadımıza salırıq. Çox çətindir. 20 Yanvar yarası daim ürəyimdə qalıb. Həyat yoldaşım Fərman da ikinci qrup əlildir. O da vicdan əzabı çəkir ki, mən o vaxt nahaq Larisanı özümlə apardım". Əli ƏSGƏR

Bizə qoşulun