Medianews.az
Müasir dünyanın ayrılmaz hissəsi: <span style=color:red>Texnoloji sahədə İNQİLAB - FOTOLAR
225 baxış

Müasir dünyanın ayrılmaz hissəsi: Texnoloji sahədə İNQİLAB - FOTOLAR

Texnologiyanın sürətli inkişafı nəticəsində pilotsuz uçuş aparatları (PUA) müasir dünyanın ayrılmaz hissəsinə çevrilmişdir. Bu cihazlar təkcə hərbi sahədə deyil, həm də kommersiya, səhiyyə və logistika kimi mülki sektorlarda geniş istifadə olunur. İlk olaraq hərbi məqsədlər üçün yaradılan PUA-lar bu gün daha geniş əhatəli imkanlar təqdim edir. Lakin onların istifadəsi müsbət və mənfi təsirlərlə müşayiət olunur. Qeyd edək ki, PUA-ların ilk genişmiqyaslı tətbiqi 1990-cı illərdə keçmiş Yuqoslaviyada baş verən münaqişələr zamanı olmuşdur. ABŞ tərəfindən istehsal edilən "MQ-1 Predator" həmin dövrdə kəşfiyyat məqsədilə istifadə olunmuş, daha sonra döyüş əməliyyatlarında effektivliyini sübut etmişdir. Bu uçuş aparatları NATO qüvvələrinin kəşfiyyat əməliyyatlarında iştirak etmiş və döyüş zonalarından canlı video ötürülməsi ilə əməliyyatların effektivliyini artırmışdır. Sonralar "MQ-1 Predator"un daha təkmil versiyası ABŞ-nin "General Atomics Aeronautical Systems" şirkəti tərəfindən istehsal edilmiş və 1995-ci ildə ilk dəfə istifadəyə verilmiş orta yüksəkliyə və uzun müddətli uçuşa malik kəşfiyyat PUA-ları olmuşdur. "Predator" həm kəşfiyyat, həm də döyüş əməliyyatları üçün nəzərdə tutulmuşdur və pilotsuz uçuş texnologiyasında mühüm inqilaba səbəb olmuşdur. "Predator" Əfqanıstan və İraq müharibələrində istifadə edilmişdir. Hər iki bölgədə həm kəşfiyyat, həm də hava hücum əməliyyatlarında böyük rol oynamışdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmiz dünyada PUA-lardan hərbi məqsədlər üçün istifadəsində diqqətəlayiq təcrübə qazanmış ölkələrdən biridir. Xüsusilə, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı PUA-ların rolu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş marağa səbəb olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu müasir texnologiyaları uğurla tətbiq edərək pilotsuz uçuş aparatlarından istifadə ilə müharibə strategiyalarını tamamilə dəyişmiş, Ermənistan üzərində qəti qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etmişdir. Ölkəmiz PUA sahəsində İsrail və Türkiyə ilə əməkdaşlıq etmişdir. İsrailin xüsusilə, “Harop” kamikadze dronları, “Orbiter”, və “Heron” kimi modelləri ölkəmizin müdafiə sistemində böyük önəm daşıyır. Eyni zamanda Türkiyənin "Bayraktar TB2" PUA-ları da Azərbaycanın hərbi gücünün daha da artmasında böyük rol oynamışdır. Ölkəmiz həm də öz pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışdır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi "İti Qovan" adlı kamikadze dronlarını təqdim edərək bu sahədə yerli imkanlarını genişləndirmişdir. Bu dronlar kiçik ölçülü hədəfləri vurmaq üçün idealdır və kəşfiyyat işlərində də istifadə olunur. PUA-larin sırasına başqa texnoloji uçuş aparatlarını da nümunə göstərək bilərik. Belə ki, müasir dövrdə "Switchblade" ABŞ-nin "AeroVironment" şirkəti tərəfindən istehsal edilən və kamikadze dron kimi tanınan kiçik, daşınması asan və partlayıcı başlıqlı pilotsuz uçuş aparatıdır. "Switchblade" müasir döyüş texnologiyasında inqilabi yenilik hesab olunur və daha çox yüksək dəqiqlikli taktiki hücumlar üçün istifadə edilir. "Switchblade 300" ilk dəfə ABŞ hərbi qüvvələri tərəfindən Əfqanıstan müharibəsində istifadə edilmişdir. Onun yüksək effektivliyi sayəsində ABŞ və digər ölkələr bu dronların istehsalına və istifadəsinə böyük sərmayə yatırmağa başlamışdır. Ukrayna müharibəsində də "Switchblade" PUA-larından istifadə olunmuşdur ki, bu da dronların müasir münaqişələrdə rolunun artdığını göstərir. "Switchblade" döyüş meydanında əsgərlərə yeni imkanlar təqdim edir və kiçik ölçüsünə baxmayaraq, böyük strateji üstünlüklər təmin edir. Bu gün dünya təcrübəsində PUA-lardan təkcə hərbi məqsədlər üçün istifadə olunmur. Təsadüfi deyil ki, mülki istifadədə "Amazon Air" və "Google Wing" kimi layihələr dronların logistikadakı potensialını da uğurla nümayiş etdirməkdədir. "Amazon Air", əvvəllər "Amazon Prime Air" olaraq tanınan, dünyanın ən böyük onlayn pərakəndə satış şirkətlərindən biri olan "Amazon"un pilotsuz uçuş aparatları və hava daşımacılığı xidmətidir. Bu xidmət əsasən müştərilərə sifarişlərin sürətli və effektiv çatdırılmasını təmin etmək məqsədilə inkişaf etdirilmişdir. "Amazon Air" həm pilotsuz uçuş aparatları (dronlar), həm də ənənəvi yük təyyarələri ilə fəaliyyət göstərir. "Amazon Prime Air" proqramı ilk dəfə 2013-cü ildə şirkətin qurucusu və CEO-su Jeff Bezos tərəfindən elan edilmişdir. Məqsəd sifarişləri 30 dəqiqə və ya daha az müddətdə çatdırmaq idi. Proqramın əsas xüsusiyyəti, kiçik və yüngül paketlərin müştərilərin qapısına pilotsuz uçuş aparatları vasitəsilə çatdırılmasını təmin etməkdir. Xatırladaq ki, 2016-cı ildə "Amazon" İngiltərədə ilk dron çatdırılmasını həyata keçirmiş, dron məhsulu 13 dəqiqə ərzində müştərinin ünvanına təhvil verilmişdir. "Google Wing" isə "Alphabet Inc."in ("Google"un ana şirkəti) bir alt şirkəti olan "Wing Aviation" tərəfindən inkişaf etdirilən və idarə olunan pilotsuz uçuş aparatları (dronlar) ilə çatdırılma xidmətidir. "Wing" dron texnologiyasını istifadə edərək sürətli və effektiv şəkildə məhsul və paketləri müştərilərə çatdırmaq üçün nəzərdə tutulmuşdur. "Wing" proqramı ilk dəfə 2014-cü ildə "Google X" ("Alphabet"in tədqiqat və inkişaf laboratoriyası) tərəfindən başlanmışdır. Məqsəd dünyada dronlarla çatdırılma xidmətlərinin inkişaf etdirilməsi və bu texnologiyanın kommersiya məqsədli istifadəyə uyğunlaşdırılmasıdır. "Wing" öz xidmətini əvvəllər Avstraliya və ABŞ kimi ölkələrdə sınaqdan keçirmişdir. O, bu günə qədər bir çox müştəriyə xidmət təklif edir. "Wing"in dronları 12 km-ə qədər uçuş məsafəsi ilə təchiz olunub və maksimal sürətləri 120 km/saat-ə qədərdir. Bu dronlar  1.5 kq-a qədər olan yüngül paketləri daşıya bilir. Bu, adətən, kiçik əşyalar, qida məhsulları, dərmanlar və s. üçün nəzərdə tutulub. "Wing" öz dronlarını ilk dəfə Avstraliyada sınaqdan keçirmişdir. Bu proqram 2014-cü ildən başlamış və 2019-cu ildə Avstraliya hökuməti ilə əməkdaşlıq edərək rəsmi şəkildə kommersiya istifadəsinə verilmişdir. "Wing" Queensland bölgəsində məhsul çatdırılmasına başlamış və bu sınaqlar müsbət nəticələr vermişdir. "Wing" ABŞ-da da Virginia və Texas kimi bölgələrdə pilot proqramlara başlamışdır. Bu, şirkətə həmçinin texnologiyasını daha da inkişaf etdirmək və qanuni çərçivəyə uyğunlaşdırmaq imkanı vermişdir. Bu sahədə ixtisaslaşan bir sıra şirkətlər fəaliyyət göstərir ki, onlardan ən məşhurlarından biri "Matternet" şirkətidir. Hazırda bu şirkət dron texnologiyaları və PUA-lar vasitəsilə məhsul və təcili çatdırılma xidmətləri təqdim edən qabaqcıl bir şirkətdir. "Matternet" xüsusilə səhiyyə, qida, və e-ticarət sahələrində dron çatdırılma texnologiyasını inkişaf etdirir. Bu şirkət, PUA (dronlar) ilə çatdırılma xidmətlərinin təklif olunduğu sahədəki öncüllərdən biridir və onun fəaliyyəti hələ erkən mərhələlərdə olsa da, dünyada ilk lisenziyalı dron şirkəti olaraq tanınır. "Matternet" şirkəti 2011-ci ildə Geoffrey Johnson və Andreas Raptopoulos tərəfindən qurulmuşdur. Şirkət, ilk dövrlərdə yalnız hava daşıma şəbəkələri və dronların çatdırılma texnologiyaları üzərində tədqiqatlar aparırdı. "Matternet"in məqsədi xüsusən, inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan regionlarda dronlar vasitəsilə sürətli, effektiv və ekoloji təmiz çatdırılma sistemləri yaratmaqdır. Bu şirkət Cənubi Afrika, İsveçrə, Hindistan, Filippinlər və digər ölkələrdə səhiyyə müəssisələri ilə əməkdaşlıq edir. Şirkət, xüsusən dərman çatdırılma və təcili tibbi yardım üçün xüsusi layihələrə dəstək verir. Şirkət həmçinin İsveçrə və ABŞ-da çoxsaylı sınaq proqramları keçirmiş və bu ölkələrdə, xüsusilə, şəhər daxilində qısa məsafələrə çatdırılma xidmətini inkişaf etdirmişdir. Bundan başqa, "Matternet" UPS ilə əməkdaşlıq edərək Səhiyyə sektorunda çatdırılma layihələrinə dəstək verir. "UPS" ilə bu əməkdaşlıqda "Matternet" dronları istifadə edərək təcili dərman və tibbi təchizatların çatdırılmasını təmin edir. Ümumilikdə götürdükdə, PUA-lardan istifadənin bir sıra müsbət tərəfləri vardır. Hər şeydən əvvəl logistik və çatdırılma sahələrində pilotsuz uçuş aparatları sürəti və əməliyyat effektivliyini artırır. İnsan həyatını riski azaltmaq üçün istifadə edilən PUA-lar, xüsusən hərbi əməliyyatlarda və təbii fəlakətlər zamanı xilasedici funksiyalar yerinə yetirir. Elektriklə işləyən dronlar karbohidrat emissiyasını azaltmaqla ekoloji fayda təqdim edir. PUA-lar həmçinin, kənd təsərrüfatında məhsul monitorinqi, tibdə təcili yardım materiallarının daşınması kimi sahələrdə geniş imkanlar açır. Lakin bütün bu üstünlükləri ilə yanaşı, onun bir sıra mənfi tərəfləri də vardır. Onun ən qüsurlu tərəfi məxfilik və təhlükəsizlik riski ilə bağlıdır. Belə ki, PUA-lar məlumat sızması, izləmə və nəzarət üçün istifadə oluna bilər. PUA-ların istifadə qaydalarının beynəlxalq səviyyədə tam tənzimlənməməsi də mübahisələr yaradan digər məsələlərdəndir. Bundan başqa, kütləvi istehsal və istifadə nəticəsində cihazların tullantıları və enerji istehlakı ekoloji təsirlər yarada bilər. Mütəxəssislər hesab edir ki, PUA-lardan istifadənin çoxalması insanlar üçün xüsusən logistika sahəsində iş yerlərinin azalmasına da gətirib çıxara bilər. Avtomatlaşdırma iş yerlərinin azalmasına səbəb ola bilər. Lakin müəyyən çatışmazlıqlarına baxmayaraq, PUA-lar hazırda müasir texnologiyanın mühüm nailiyyətlərindən biridir. Həm hərbi, həm də mülki sahələrdə inqilab yaradan bu cihazlar, həyatımızı asanlaşdırmaqla yanaşı, bir sıra etik və hüquqi problemlər də ortaya qoyur. Gələcəkdə onların inkişafı yalnız texniki deyil, həm də hüquqi və sosial yanaşmaları tələb edəcəkdir. Təkmilləşmə və balanslı tənzimləmə ilə PUA-lar cəmiyyətə böyük fayda verə bilər. Yunis Xəlilov Naxçıvan Dövlət Universitetinin "Ümumi Hüquq" kafedrasının müəllimi, hüquqşünas

Bizə qoşulun