Medianews.az
İki qütb arasında GƏRGİN MÜBARİZƏ: <span style=color:red>Seçki nəticələrinin dünyaya GÖZLƏNİLƏN TƏSİRİ
77 baxış

İki qütb arasında GƏRGİN MÜBARİZƏ: Seçki nəticələrinin dünyaya GÖZLƏNİLƏN TƏSİRİ

Bu gün ABŞ-də prezident seçkiləridir. ABŞ demokratları və respublikaçıları sözün əsl mənasında yarışırlar. Amerikalılar səsvermədə Kamala Harris və Donald Tramp arasında seçim etməli, ölkənin gələcək idarəçiliyini növbəti dörd il üçün bu iki nəfərdən birinə tapşırmalıdırlar. Dünyanın diqqət mərkəzində olan bu seçki yarışı və mübarizə sadəcə ABŞ demokratları və respublikaçıları arasındadır? Seçkinin nəticələri amerikalıların həyatına, beynəlxalq əlaqələrə, dünyada baş verən proseslərə, xüsusən də münaqişə və müharibələrə necə təsir edəcək? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, bir necə saatdan sonra başlayacaq seçki prosesi ABŞ-nin 30-40 illik tarixində ən kəskin, ziddiyyətli və qütbləşmiş şəraitdə gedən seçkidir. Onun sözlərinə görə, həmin seçki prosesi dünyada baş verən ciddi, geosiyasi inkişaflarla zaman baxımından üst-üstə düşüb: “Digər tərəfdən, ziddiyyət ondan ibarətdir ki, ABŞ-də yazılmamış qanuna görə, bir dəfə seçkini uduzan şəxs yenidən namizədliyini vermir. Amma Donald Tramp bu məsələdə israrlı olaraq və respublikaçıları partiyasının elektoratının böyük bir hissəsinin dəstəyini qazanmaqla ikinci dəfə prezidentliyə namizəd olub. Söhbət ardıcıl ikincici dəfədən getmir. 2020-ci ildə keçirilən ikinci ardıcıl seçkilərdə Donald Tramp Co Baydenə uduzmuşdu. Bu da vəziyyəti bir qədər gərginləşdirir, xüsusilə də respublikaçılar partiyasının daxilində. Respublikaçıların bir çoxu Donald Trampın əleyhinə çıxıb, Harrisə səs verməyə çağırış ediblər. Amma buna baxmayaraq, yarış çox sərt gedir və şanslar da bərabər kimi qiymətləndirilir. Bu, təkcə ABŞ demokratları və respublikaçıları arasında gedən mübarizədirmi? Xeyr, əslində elə deyil. Nəzərə alaq ki, dünyadakı avtoritar, antiqərb mövqelərdə duran dövlətlər məhz Trampın seçilməsində maraqlıdır. Belə olan halda deyə bilərik ki, bu mübarizə dünyanın iki qarşı-qarşıya duran qütbü arasındadır. Mübarizə təkcə iki partiya arasında Ağ Ev uğrunda deyil”. Poliqoloq vurğulayıb ki, bu seçkinin nəticələri özünü bir çox məsələlərdə, o cümlədən Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdəki münaqişədə, dünyanın başqa mübahisəli və gərgin bölgələrində özünü mütləq göstərəcək: “Tramp seçiləcəyi halda ehtimallar bundan ibarətdir ki, Rusiya ilə hansısa sövdələşməyə gedə bilər. Rusiyanın buna gedib getməyəcəyi, hansı şərtləri irəli sürəcəyi və bunun mümkün olub-olmayacağı başqa söhbətdir. Yəqin ki, Yaxın Şərqdə müharibə bir qədər də qızışacaq. Çinlə ABŞ arasında Sakin Okean, Uzaq Şərq hövzəsində münasibətlər gərginləşəcək. Yəni, Trampın bir “sülh göyərçini” kimi təqdim edilməyi, özünün “mən 24 saata hər şeyi dayandıracağam, bütün müharibələri” kimi məsuliyyətsiz bəyanatları, əslində amerikalıların heç də diqqətini çəkmir. Amerikalıları xarici siyasət az maraqlandırır”. Ə.Oruclu söyləyib ki, ABŞ-də prezidentlərin bir-birini əvəz etməsi, respublikaçı və ya demokratın hakimiyyətdə olması əhalinin böyük bir hissəsinin həyatında kardinal dəyişiklik etmir: “Buna görə də Donald Tramp onlara qeyri-standart siyasətçi kimi görünür. Halbuki, onun qeyri-standartlığının özü belə təhlükəlidir. Başlıca səbəb burdur. Yoxsa Trampın heç seçki platforması da yoxdur. O, yalnız öz rəqiblərini təhqir etməklə, aşağılamaqla, şər-böhtan, ağ yalanlar danışmaqla, belə bir populizm yolu ilə cəmiyyətin xeyli hissəsinin diqqətini cəlb edə bilib. Bunun nə ilə qurtaracağını zaman göstərəcək. Ancaq istənilən halda bir şey aydındır ki, bu seçki yarışı dünyanın bir-birinə qarşı dayanan iki qütbü arasında gedən mübarizədir. ABŞ-nin qlobal güc olaraq təsirini, imkanlarını nəzərə alsaq, bu, məhz iki qütb arasında gedən mübarizədir. Ona görə də putinlərin, netanyahuların, orbanların məhz Donald Trampın hakimiyyətə gəlməsini istəmələri təsadüfü deyil”. Nailə QASIMOVA

Bizə qoşulun