Medianews.az
Ayıq başla inflyasiya
213 baxış

Ayıq başla inflyasiya

Mənə elə gəlir, bizim parlamentdə oturanların çoxu müxalifətçidir. Daim xalqı hökumətdən narazı salmağa çalışırlar. Ancaq seçki olanda rəqəm açıqlanır, deyilir, deputatların çoxu hakim partiyadan seçildi. Bilmirsən nəyə inanasan. Əgər bunlar doğrudan YAP üzvləridirsə, niyə YAP-ı yıxmaq istəyirlər? Özünüz baxın, son aylarda hökumət bir neçə dəfə qiymət qaldırıb. Qaz, su, benzin, rüsum, nə bilim, daha hansı şeylər. Saydıqca qurtarmır. Nəticədə əhalidə müəyyən narazılıqlar ortaya çıxır. Məsələn, onlar evdə, mətbəxdə, hətta bəziləri hamam otağında yüksək səslə inflyasiya əleyhinə dağıdıcı çıxışlara yol verirlər. Bizim bir qahım var, dünən tualetdə hökuməti nə təhər tənqid eləyibsə, divardan kafel qopubdur. Bu dərəcədə kəskin çıxışlar vardır. Ürəyində söyən radikallara da rast gəlinir. Elə müxalifət cəbhəsində də birləşmə meylləri artır. Bunlardan xüsusi qeyd edə bilərik Əli İnsanovun Haqq Ədalət Partiyasını. Əli müəllim hazırda ömrünü xalqımız yolunda məşələ çeviribdir. Ürəyini çıxarıb əlində tutub, Danko kimi. Üsyankar kütlələrin önündə gedir. Təzəlikcə Əli müəllim partiyanın baş qərargahında Müsavat lideri Arif Hacılını rəsmi səfərlə qəbul etmişdir. Görüş Rəsulzadə-Elçibəy-İsa Qəmbər-Bərdə-Ağcabədi-Beyləqan yolunun müasir işıq dirəkləri ilə təmir edilməsinə həsr olunmuşdur. Əslində Əli müəllimin siyasətə qarışmağında haradasa elə hökumət günahkardır. Adam peşəkar tibb işçisidir. Özü də infeksiya, ciyər, cız-bız mövzuları üzrə. Mənim yaxşı yadımdadı, 1990-cı illərdə “Vasmoy” tərəfdə Əli müəllimin bir xəstəxana obyekti var idi, orada camaatı yaxşı iynələyirdilər, dərisini soyurdular, əlil girən qaçaraq çıxırdı. Xəstəxananın həyətində əla kababxana açmışdı, iyi palatalara vurur, həyat eşqini artırırdı. İndi sən həkim çatışmazlığı, pandemiya fonunda bu cür kadrı niyə amansız virusla mübarizəyə cəlb etmirsən? O da bekar qalır, Sonanın uşaqlarına qoşulur. Əli müəllimin kabinetdə başının üstünə Rəsulzadə, Elçibəy, Arif Hacılı və Zəlimxan Məmmədlinin portretlərini asmasına gələndə, açığı, bir kinofil olaraq bu hadisə mənə baş rolda Brendan Freyzerin oynadığı “Mumiya” filmini xatırlatdı. Orada təxminən oxşar personaj vardı, boynundan bütün dinlərə aid nişanlar asmışdı, yerinə görə tətbiq eləyirdi. Özü də uğurla. Ümid eləyək, Əli müəllimin partiyası gələn dəfə seçkiləri qazansın. Hamısını. Nəhayət, bu ölkədə haqq və ədalət olmalıdır. Cəbhə açdıq, bərabərlik və yenilik elədik, alınmadı. İndi haqq-ədalət zamanıdır. Üstəlik, Əli müəllim gənc və perspektivli siyasətçidir, onun yaşıdları Amerikada prezident işləyir. Rəhbər olsa hamımıza qızıl külçəsi və villa verəcək. Gör mənasız söhbətlərə qoşulub hara gəldik çıxdıq. Halbuki yazmaq istəyirəm ki, Milli Məclisin spirtin və tütünün aksizlərini qaldırmağa hazırlaşması xəbərləri hökumət içində destruktiv qruplaşmalardan xəbər verir. (Heyf deyildi, qabaqlar oliqarx nazirlər olanda tez-tez belə temalarda vərəvürd edərdik. İndiki uşaq-muşağı qruplaşma lideri qoymaq da olmur, oxucular gülməkdən ölür, reytinqimiz düşür). Bu, xalqı hakimiyyətə qarşı qaldırmaq cəhdidir, əlim qurusun yazdığım yerdə. İzah edim. Camaat onsuz “kefdən içmir”, siqareti də özlərini və dərdlərini boğmaq üçün istifadə eləyir. İndi sən bunları bahalaşdırmaqla nəyə nail olacaqsan? O biri qiymətlərin bahalaşmasına ayıq qiymət verən kütlənin yetişməsinə! Stalin müharibə vaxtı tapşırmışdı, hər əsgərə araq payı da vardı. İçirdilər, almanların anasını ağladırdılar. Həyatda bir çox şeylər var ki, onları ayıq başla qəbul etmək olduqca çətindir, biri elə bizim Məclisin tərkibidir. Hazırkı şəraitdə araq-papirosu bahalaşdırmaq özünün oturduğun budağa balta çalmaqdır.

Bizə qoşulun