Medianews.az
Başımızı aşağı edən liderlik
434 baxış

Başımızı aşağı edən liderlik

zahid yeni razmer Hər mənada olduqca ağır bir ilə, dönəmə qədəm basmışıq. İstər iqtisadi sahələr olsun, istərsə də geosiyasi münasibətlər sferası və ətrafımızda cərəyan edən və edəcək təhlükəli proseslər - bu il Azərbaycana və onun toplumuna ən ağır sınaqlar vəd edir. Bu sınaqlardan uğurla çıxmağın klassik resepti bəlli: ölkədə gec də olsa, təcili şəkildə iqtisadi-siyasi islahatlara başlamaq, milli vəhdəti qoruyub saxlamaq. Əslində birinci təmin edilmədən, o sırada sosial ədalət, qanunçuluq minimum səviyyədə bərqərar olunmadan milli vəhdət də mümkün deyil. Toxlarla ac-yalavacların, harın və zənginlərin işsiz- yoxsullarla hansı vəhdəti ola bilər ki? Bu xüsusda dünya azərbaycanlılarının 31 dekabr sonuncu Həmrəylik Günü indiyədək olanların ən absurdu kimi göründü. Bu absurda manatın ikinci kəskin devalvasiyası ilə yanaşı, əlavə neqativ rəng qatan başqa bir məqam əlbəttə ki, il sonu narkotik alverçiləri əfvlə azadlığa buraxıldığı halda Qarabağ müharibəsi veteranı Tofiq Yaqublu və digər siyasi məhbusların qatı cinayətkarlar kimi zindanda saxlanması oldu. Bax, belə-belə şeylərdə liderlik elədik ötən il... *** Liderlikdən söz düşmüşkən, “Azərbaycan manatı Qazaxıstan təngəsi və Zambiya kvaçası ilə birgə 2015-ci ilin devalvasiyası üzrə lider olub”. Bunu isə artıq biz yox, ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyinin ekspertləri hazırladıqları illik hesabatda qeyd ediblər. Onların hesablamalarına görə, bu göstərici üzrə dördüncü və beşinci yerləri Belarus rublu və Argentina pesosu tutur. Devalvasia liderlərinin siyahısında yeddinci yerdə Ukrayna qrivnası qərarlaşıb. O, ötən il də həmin siyahıda olub. Sən demə, manatımız hətta iqtisadiyyatı defolt həddinə çatan Ukraynanın milli pulundan da çox dəyər itiribmiş. Deməli, neftimiz olmasaydı, iqtisadi durumumuz Ukraynadakından da ağır olacaqmış... Bunlar hələ ilkin simptomlardır. Hələ “Holland sindromu” Azərbaycanda özünü təzə-təzə göstərməyə başlayıb. Vay o gündən ki, ölkədə istehlak qiymətləri Avropada, ABŞ-dakı səviyyəyə çata (bəlkə də artıq çatıb), manat isə Zambiya kvaçasından da betər günə düşə... *** Yuxarıda gözlənilən sınaqlardan yazdıq. Bu sınaqların əsas hissəsi şəksiz ki, hakimiyyət qarşısında durur. Görünür, o da artıq situasiyanın fərqindədir. Hər halda, gömrükdə monopoliyanın yığışdırıldığı haqda gələn xəbərlər belə kövrək təəssürat yaradır. Sözsüz ki, inhisarçılıq, korrupsiya və rüşvət qiymətlərin yüksək olmasına səbəbdir, ancaq yeganə amil də deyil. Başqa, daha mühüm səbəb yerli istehsalın - istər kənd təsərrüfatı, ərzaq məhsulları olsun, istərsə də yüngül və ağır sənaye malları - yoxluğudur. Bu sahələri necə dirçəltməyin yolu dönə-dönə deyilib - iqtisadiyyatın liberallaşdırılması, biznes azadlıqlarının təmin olunması və şəxsi təşəbbüsün stimullaşdırılması, iqtisadiyyatın “qan damarları” sayılan bankların normal fəaliyyətinə şərait yaradılması, bank islahatları. Dövlət aparatında ixtisarlar, büdcədən daş kimi asılı qalan mənasız qurum və fondların, o sırada paralel idarəçilik qurumlarının ləğvi, kəsəsi, idarəetmənin optimallaşması və məhdudlaşdırılması da öz həllini gözləyən məsələlərdir. Bu il üçün ən əsas tezis isə o olmalıdır ki, hamımızı, Azərbaycanımızı dünyada başıaşağı edən liderlik fəlsəfəsindən həmişəlik imtina edilsin və ölkə, oradakı münasibətlər sistemi mücərrəd yox, normal inkişaf axarına qayıtsın. Yaxud qaytarılsın...

Bizə qoşulun