Medianews.az
Əli damğalıların dağılması
175 baxış

Əli damğalıların dağılması

xalid kazimli kose 1
Riyakarlığın bir mənası yoxdur: Razi Nurullayevin və onun tərəfdarlarının Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin başına gətirdiyi oyunda heç bir tərəfə azarkeşlik etmədən tamaşaçı olmaq yaxşıdır.
Çünki heç bir tərəf azarkeşlik ediləsi qədər doğma və haqlı deyil.
Bu şəxslər dünənə qədər bir yerdəydilər və özlərindən başqa siyasi arenada olan bütün qüvvələrlə ya açıq, ya da gizli şəkildə düşmənçilik aparırdılar, hər kəsi “xain”, “satqın”, “hakimiyyətə işləyən” deyə damğalayırdılar, mediada və sosial şəbəkələrdə psixoloji terror əsdirirdilər.
Amma indi başları özlərinə qarışıb, hazırda bir-birilərinə o cür epitetlər vururlar və artıq kimin kim olduğu bilinmir.
Ortada olan mənzərə budur ki, hər gün bir dəstə cəbhəçi “ölkənin yeganə müxalifət partiyası olan AXCP-ni”, eləcə də bu partiyanın “siyasi arenada yeganə cəsur, prinsipial, barışmaz lideri” Əli Kərimlini tərk edir, “gənc və perspektivli lider” Razi Nurullayevin yanında səf tuturlar.
AXCP-dən qopanlar o qədər çoxdur ki, onlar bir günün içində rayon təşkilatı təsis edib, konfrans keçirirlər, etimad qurultayına nümayəndə seçirlər. Onların sayı heyrət doğurur, sanki bir işarə gözləyirmişlər.
Söz yox, bu işlər öz-özünə baş vermir, istefa verən cəbhəçilərə dil verən, narazılığı körükləyən, onların başqa bir şəxsin yanında toparlanmasını təşkil edənlər var.
Əvvəllər də yazıldığı kimi, bu işdə iqtidarın barmağının olması şəksizdir. Düymə basılıb, göstəriş verilib və dünənə qədər əllərində damğa gəzdirib onu-bunu damğalayan siyasi fəallar görünməmiş bir sürətlə cinah, lider dəyişdirirlər.
3-5 ay əvvəl bu mümkün deyildi. AXCP-dən istefa verdiyi ilk günlərdə, həftələrdə, aylarda Razi Nurullayev bu qədər güclü deyildi. Ancaq indi o, keçmiş partiyasını özək-özək sökür.
Məsələnin ən maraqlı tərəfi dünənə qədər başqa partiyaları “müxalifətçilik ideyası”ba dönük çıxmaqda, “radikal mübarizədən əl çəkib iqtidara qarşı loyallaşmaq”da, “mandat qazanmaq üçün hakimiyyətlə dil tapmağa çalışmaq”da qınayanların, sosial şəbəkədə bu məzmunlu qeydlər yazanların özlərinin bu sayaq sürətlə dəyişməsidir.
İndi məlum olur ki, ittiham və intriqa dağarcıqlarının özləri hakimiyyətlə dil tapmağa çalışırmışlar. Razi Nurullayevin mətbuata verdiyi açıqlamalarda konkret adlar çəkilir və o adamların hansı ritorikadan istifadə etdiyi sözbəsöz göstərilir.
Belə olandan sonra tərəf tutmaq, çəkişən, vuruşan qrupların hansınısa “demokratiya uğrunda mücadilə verən idealistlər, kristal mücahidlər ordusu” adlandırmaq mənasızdır.
Ortalıqda gedən davanın adı mənsəb, nüfuz, mənfəət davasıdır. Sadəcə, tərəflərdən biri daha çevik tərpənib, o birini zəiflətmək hesabına özünə daha sərfəli mövqe qazanıb, daha çox vəd və ənam alıb.
Bu, durum hakimiyyətə sərf edir. O istəyər ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların münasibətləri elə olsun ki, heç vaxt bir araya gələ bilməsinlər, bir-birilə ən adi blok belə qura bilməsinlər.
Bu ölkədə müxalifətçilərin sayı problem deyil, çox da ola bilərlər, əsas odur ki, bir yerdə olmasınlar, vahid strukturda birləşməsinlər, bir lider tərəfindən idarə olunmasınlar. Parakəndə, dağılmış, bir-biri ilə sonu görünməz intriqada olan müxaliflər hakimiyyət üçün təhlükə deyil.
Uzun sürən məqsədyönlü siyasi xəttin, ortaya tökülən külli miqdarda pul-paranın, total səciyyə daşıyan təqib-təzyiqin son nəticəsi budur: ən güclü müxalifət partiyaları belə bölünüblər, bölünürlər. Məşhur, “parçala, hökm sür” devizi tam şəkildə həyata keçirilməkdədir.
Bu durumun yaranmasında bu gün parçalanmaya, sökülməyə məruz qalmış AXCP-nin böyük rolu var. Bu partiyanın liderlərinin apardığı siyasət işləri bu dayanacağa gətirməliydi, axır ki gətirdi. AXCP son illərdə, Allah bilir, neçənci “yarpaq tökümü”nü yaşayır.
Düzdür, radikal ritorikayla, “tezliklə hakimiyyətə gələcəyik” kimi şirin vədlərlə narazı gəncləri yenə cəlb etmək olar, amma müxalifət partiyaları qüvvə toplamağın sınanmış üsullarını bildiyi kimi, hakimiyyət də toplaşanların dağıdıb pərən-pərən salmağın yollarını bilir və o, öz məqsədini reallaşdırmaq üçün effektiv rıçaqlara malikdir.
Müxalifət düşərgəsi tam yeniləşməli, yenidən toparlanmalıdır, yoxsa bundan da çətin olacaq.

Bizə qoşulun