Medianews.az
Kadrlar üçün təmizlik testi
173 baxış

Kadrlar üçün təmizlik testi

zahid yeni razmer
Azərbaycanda icra başçılarının növbəti hay-küylü yerdəyişməsi (rotasiyası) baş verirkən bizimlə oxşar durumda olan Ukraynada sakitcə və gerçək kadr islahatları davam edir. Prezident Pyotr Poroşenko bacarıqlı və cəmiyyətdə müsbət reputasiyası ilə tanınan şəxsləri açar vəzifələrə yerləşdirmədən ölkənin xilasının mümkün olmayacağını hər halda yaxşı dərk edir.
O üzdən Poroşenko hətta xaricdəki təcrübəli kadrları, siyasətçi və iqtisadçıları da Ukraynaya dəvət eləməkdən çəkinmir, onlara vətəndaşlıq verir ki, Rusiyanın təcavüzü nəticəsində yaranmış indiki böhranlı durumdan xalqı və dövləti maksimum qısa müddətdə, minimum itkilərlə çıxara bilsin.
Onlardan biri də Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidir. Yeni vəzifədə olduğu cəmi bir neçə ay ərzində Saakaşvili az iş görməyib. O sırada vilayətdə korrupsiyanın kökünün kəsilməsi yönündə radikal addımlar atıb və atmaqdadır. Artıq mühüm nəticələr də var. Əks təqdirdə gürcü siyasətçinin Ukraynanın baş naziri təyin edilməsi üçün ölkə boyu petisiya (imzatoplama kampaniyası) başlamazdı.
Deməli, Saakaşvili fəaliyyəti ilə təkcə odessalıların yox, ümumən ukraynalıların rəğbətini qazana, etimadını doğrulda bilib. Hərgah, təvazökarcasına baş nazirlikdən imtina edəcəyini söyləyib və qərarını da belə izah edib ki, “baş nazirlik üçün bütün keyfiyyətlərə malik olmasına, ələlxüsus maliyyə sistemindən baş çıxarmasına, dürüst insan olmasına və oliqarxiya maraqlarından tam azad olmasına baxmayaraq, Ukraynada bu problemlərdən daha yaxşı baş açan insanlar var”.
Ukraynadakı islahatların, ələlxüsus ordu quruculuğu sahəsində, silahlı qüvvələrin, milli təhlükəsizlik sisteminin təzədən təşkili məsələlərində qazanılan ciddi uğurlar - bunu Qərb mütəxəssisləri artıq etiraf edirlər - Azərbaycan üçün məxsusi önəm daşıyır sözsüz ki. Birinci ona görə ki, Ukrayna kimi Azərbaycan da müharibə vəziyyətindədir, ərazisinin bir qismi işğal altındadır, biz Ukrayna ilə hətta ortaq təcavüzkara (Rusiya) malikik.
İkincisi, korrupsiya hər iki ölkədə kifayət qədər dərin kök salan iqtisadi-sosial, ictimai-siyasi bəladır. Belə rejimlərdə isə təmiz kadrlar tapmaq və onların düzgün işləməsi üçün mühit formalaşdırmaq asan deyil. Lakin mümkünsüz də görünmür - yetər ki, ölkə rəhbərliyinin bundan ötrü iradəsi və qətiyyəti olsun.
Effektli kadr siyasəti isə həm də operativ və özünü doğruldan ixtisarlar, büdcəyə əlavə yük olan paralel strukturların və ölü strukturların ləğvi, bütün səviyyələrdə səmərəli və şəffaf idarəçilik deməkdir. Bunun da ilkin şərti əlbəttə ki, ədalətli təyinatlar, şəffaf seçkilər, şəffaf tenderlər və kadr seçimi üçün şəffaf müsabiqələrdir.
Qoy müharibə amilini heç kim bəhanə gətirməsin. Böyrümüzdəki Gürcüstan örnəyi öz yerində, Ukrayna təcrübəsi də göstərir ki, müharibə vəziyyətində belə iqtisadi-siyasi, kadr islahatları aparıb ölkənin yerdə qalan ərazinin və əhalisinin normal inkişafını təmin eləmək mümkündür.
Korrupsioner kadrların yerdəyişməsi ilə, “toplananların yerini dəyişməklə”, 1-2 qismən təmiz kadrla isə buna nail olmaq istisnadır. Xalqın narazı olduğu problemli kadrların yerinin dəyişməsi elə problemlərin yerinin dəyişməsi deməkdir. Özümüzü aldatmayaq.
Ən ümdəsi isə, kadr islahatlarına “yuxarıdan” ehtiyac duyulmasıdır. Saakavilinin kadr üçün sadə təmizlik testi də elə bundan ibarətdir ki, bir müəssisənin, idarənin, təşkilatın işçisinin təmiz işləməsi üçün ilk növbədə onun müdiri, rəisi, rəhbəri təmiz, dürüst işləməlidir. Beləcə, aşağıdan yuxarı... Yoxsa bataqlıdan çıxmayacağıq.

Bizə qoşulun