Medianews.az
Kriminal aləmin şitilliyi
361 baxış

Kriminal aləmin şitilliyi

xalid kazimli kose 1
Bu gün işə gələndə (yəni yazının yazıldığı gün) yolun kənarında çiyinlərindəki idman çantaları ilə irəliləyən 13-14 yaşlı dörd yeniyetmə gördüm. Öz aralarında söhbət edə-edə, güman ki, idman zalına məşqə gedirdilər və əl-qol hərəkətlərindən jestlərindən belə anlaşılırdı ki, söhbətləri də idman barədədir.
Doğrusunu deyim ki, əvvəllər bu cür uşaqları görəndə məndə pozitiv qənaət yaranırdı. Fikirləşirdim ki, məhəllədə, tində avara-avara durub gəlib-gedənə sataşmalarındansa, zərərli vərdişlərə aludə olmalarındansa, yeniyetmə və gənclərin idmana meyllənməsi daha yaxşıdır. Həm özləri sağlam olar, həm də cəmiyyət üçün təhlükə törətməzlər.
Son vaxtlar isə bu rəydə müəyyən dəyişikliklər əmələ gəlib. Hazırda cəmiyyət üçün təhlükə törədənlərin sırasında keçmişdə idmanla məşğul olmuş adamlar xüsusi çəkiyə malikdir.
Onlar yarımçıq, uğursuz idmançılardır. Məşğul olduqları idman növündə ciddi bir nailiyyətləri yoxdur, ölkə birinciliyində, Avropa və dünya miqyaslı yarışmalarda fərqlənməyiblər. Amma onlar da yaxşı yaşamaq, iş-güc yiyəsi olmaq, adlı-sanlı idmançılar kimi firavan həyat sürmək istəyirlər.
Bəs necə etsinlər, nə etsinlər? Heç nə. Əllərindən gələn bir iş yoxdur. Çoxu adını yazmaqda çətinlik çəkir. Xarici dil bilmirlər, ali savad, xüsusi istedad yiyəsi deyillər. Olanlarınkı əzələdir. Bir də başqa insanlardan fərqli olaraq əlbəyaxa döyüş növlərindən beş-altı fənd bilirlər.
Ona görə də onların öz dolanışıqlarını fiziki üstünlüklərindən yararlanmaqla təmin etmək istəmələri təbiidir və qaçılmazdır. Bu isə əvvəl-axır yarımçıq idmançıların yolunu kriminal aləmə istiqamətləndirir.
Hazırda ölkədə gənc idmançılar nəsli var, onların işi-gücü çayxanalarda, barlarda toplaşaraq, uzun-uzadı kimin haqlı (rus dilindəki kriminal jarqonla desək, “prav”), kimin haqsız (“neprav”) olmasını ayırd etməkdir. Belə gənclərin xüsusi ritorikaları, ədaları, jarqonlardan ibarət məhdud leksikonları var.
İstənilən gün onlar hansısa kütləvi dava-dalaşa qarışa, kimisə şil-küt edə və həbsə düşə bilərlər.
Son vaxtlar bu kimi hadisələr çox olur - fiziki qüvvəsinə, öyrəndikləri döyüş fəndlərinə güvənən gənclər bir saat sonralarını düşünmədən ağılsız hərəkətlər edir, xərəkdə xəstəxanaya və ya qolu qandallı şəkildə təcridxanaya aparılanda dərin peşmançılıq yaşayırlar.
Göz önündə olan odur ki, bir zamanlar bir-birinin ardınca açılan olimpiya-idman komplekslərinin gənclərimizi kriminal aləmdən uzaqlaşdıracağınızı düşünərkən, yanılmışıq. İdmana bu şəkildə aşırı önəm verilməsi onları təhsildən yayındırır, sonda kriminala yönləndirir. O komplekslər kriminal aləmin şitilliyi rolunu oynamaqdadır.
 
Çünki idmançılar 30-35 yaşda karyeralarını bitirir, bekar qalırlar. Hamısı da məşqçi olası, supermarketlər şəbəkəsi işlədəsi deyil ki... Əldə-ovucda olan beş-on manat da qurtarır və onlar yaşayış uğrunda mübarizəyə başlayırlar.
Təcrübə göstərir ki, “idman ölkəsi” kimi tanınmaqdan ötrü milyonlar xərcləməyin mənası yoxdur. İdmançıların bu qədər çoxluğu yalnız hərbi təyinat üçün yararlı ola bilər.
Əvəzində intellektual gənclərimiz ildən-ilə azalır. Ana dilini bilməyən, az qala yazıb-oxumağı bacarmayan yeni nəsil peyda olub.
Bir çox qeyri-mədəni ölkələrdə olduğu kimi, bizdə də idman və savad bir-birinə tərs mütənasibdir. Yüksək intellekti olan gənclərimiz cüssəcə zəif, məharətli idmançılarımız isə intellekt sarıdan kasaddırlar. Biz intellektual idmançılar yetişdirə bilmirik.
Heç kəs deməsin ki, dünyanın hər tərəfində belədir. Elə deyil. İngiltərənin, Almaniyanın, Fransanın kitab yazan, veriliş hazırlayan idmançılarını bir kənara qoyur, qardaş Türkiyədən misal gətirirəm.
Türkiyənin məşhur futbolçusu Hakan Şükürün karyerasının son iliydi. “Qalatasaray” hansısa komanda ilə oynamışdı, oyundan sonra Hakan Şükürdən açıqlama alırdılar. Hakan Şükür kəkələmədən, rəvan bir təhkiyə ilə jurnalistə elə bir intellektual cavab verdi ki, şərhçi Ömər Üründül belə bir ifadə işlətdi: “Baxın, Hakan necə gözəl danışdı, hazır millət vəkilidir”. Ondan 1-2 il sonra Hakan Şükür doğrudan da millət vəkili seçildi.
Bizim ən savadlı danışan idmançımızın ifadəsi isə adətən belə olur: “Allahın köməkliyi ilə qalib gəlib, bayrağımızı qaldıracağıq”. Bunu da yüz dəfə təkrarlayıblar deyə, artıq trafaret halına gəlib.
Məncə, əsas diqqəti idmana yox, təhsilə vermək lazımdır.

Bizə qoşulun