Medianews.az
Rus tankı üstündə “5-ci kolon”çular
200 baxış

Rus tankı üstündə “5-ci kolon”çular

zahid yeni razmer
Azərbaycanda Rusiyaya bağlı “Avrasiya hərəkatı” yaradılmasının 40-ı çıxmamış Moskvanın ölkəmizdə hərbi baza qurmaq istədiyi haqda xəbər gəldi. Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalına inansaq (diqqət edin - nazirliyin ayrıca TV-si var), Kreml 3 il öncə bağlanmış Qəbələ RLS-in yerində daha modern bir stansiya qurmaq niyyətindədir.
Bu iki hadisə arasında şübhəsiz ki, ciddi bağlılıq var. Bu da ondan ibarətdir ki, Rusiya Gürcüstan kimi, ölkəmizi də öz siyasi-hərbi orbitinə qaytarmaq üçün arsenalındakı siyasi, hərbi, ideoloji xarakterli bütün təsir, təzyiq və inandırma üsullarını artıq tam gücü ilə işə salmış kimi görünür.
Söhbət həm də şimal qonşumuzun “5-ci kolon”çulardan və ölkəmizdəki təsir agentlərindən gedir. Deyəsən, onlar indi maskalanmağa, kamifulyaj olunmağa belə lüzum görmürlər - sanki özlərini münbit bir mühitdə hissi edirlər.
İnanmaq istərdik ki, bizim gördüyümüz təhlükələri, müşahidə elədiyimiz neqativ prosesləri hakimiyyət də müşahidə edir, görür və həmin qüvvələr ən azından nəzarətdədir. Ona görə ki, Kremlin “5-ci kolon”çuları və rus hərbçiləri (bazaları) müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz üçün İŞİD-dən və İŞİD-çilərdən (İŞİD-in Azərbaycandakı simsarlarından) heç də az qorxulu deyillər.
Maraqlıdır ki, rəsmi Bakı hələlik nə “Avrasiya hərəkatı”na, nə də rusların Azərbaycana hərbi cəhətdən yenidən qayıdış planına - Qəbələ RLS-i məsələsinə reaksiya verməyib. Başa düşülür əslində: Moskva belə məsələlərə olduqca həssas yanaşdığından, üstəlik, son illər Qərblə (ABŞ-la) zədələnən münasibətlər fonunda Rusiya ilə ikitərəfli münasibətlər xeyli istiləşdiyindən, hakimiyyət hər hansı formada Kremldə qıcıq yaratmaq istəmir.
Ancaq unutmayaq ki, “qırmızı xətt” deyilən anlayış var. Bu da müstəqilliyimizin və suverenliyimizin sərhədlərinə gedib dirənir. Bir də təbii ki, Qarabağ məsələsinə.
“Qırmızı xətt” həm də budur ki, Moskva Azərbaycanın 24 illik müstəqilik dövründə əlində ən çox imkan ola-ola, Qarabağ probleminin həllinə zərrəcə töhfə verməyib. İndi təzədən ölkəmizdə öz hərbi bazasını bərpa eləməyin qarşılığında guya nəsə edəcəkmi? Etsəydi, məntiqlə elə Qəbələ RLS-in icarə müddətinin artırılması ilə bağlı danışıqlar gedəndə edərdi də. Belə bir şey isə baş verməyib.
Buradan bir daha aydın olur ki, ortada Azərbaycanın faydasına hansısa Qarabağ sövdələşməsi və ya bazarlığı yoxdur. Dəqiq olan odur ki, Rusiya hələlik incə üsullarla da olsa, Azərbaycanda hərbi cəhətdən mövcudluğunu bərpa eləmək xətti götürüb və heç də Qəbələ RLS-lə kifayətlənmək fikri yoxdur.
İş ondadır ki, Moskva həm də sülhməramlı adı ilə Dağlıq Qarabağda, Azərbaycanda hərbi mövcudluğunu bərpa eləmək fikrindədir. Bundan ötrü də Bakının razılığı lazımdır. Ancaq təkrarən sual ortaya çıxır: nəyin qarşılığında bu mümkün olacaq, şimal qonşumuzun bizə vəd elədiyi o qiymətli “priz” nədir ki, onun xətrinə buna getmək olar?
Ağıla yönlü bir şey gəlmir - hakimiyyətin özəl və ya cari maraqlarına hesablanmış “priz”lərdən savayı. Hər halda, yaşayarıq, görərik. Bircə bu “XI qızıl ordu”nu çağırmaq məsələsi olmasın. Onda rus tankı üstündə “5-ci kolon”çular röya yox, gerçək də ola bilər.
Deyirik, bəlkə bir az da Azərbaycanda rusiyayönlü “5-ci kolon”çuların ovuna çıxılsın?

Bizə qoşulun