Medianews.az
Berlinə bayraq sancan qəhrəmanları da tuturdular...
220 baxış

Berlinə bayraq sancan qəhrəmanları da tuturdular...

images_dekabr_kose xalid kazimli
Amansızcasına döyülən və xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevlə və bu cinayət işi ilə bağlı həbs olunan futbolçu Cavid Hüseynovla bağlı söz-söhbət, polemika mediada və sosial şəbəkədə davam edir.
Jurnalistin vaxtsız vəfatına görə heyfsilənənlər, bu qətlə görə hiddətlənənlər çoxdur və təbiidir. Ondan geriyə dərdli valideynlər, yaxın qohumlar, həmkarlar və öz nişanlısını itirmiş, həyatı alt-üst olmuş bir gənc insan qalıb.
Ancaq bundan da artıq Cavidə görə heyfsilənənlər var. Onlar bu istedadlı futbolçunun, vətənpərvər oğlanın həbsə düşməsinə, bu səbəbdən karyerasını davam etdirə bilməməsinə üzülürlər.
Qətl işində adı keçən o biri futbolçu Elşən İsmayılovun və fiziki cüssə etibarı ilə o qədər də fərqlənməyən jurnalisti qəddarcasına döyməkdə ona yardım edən dörd gəncin taleyi üçün yanıb-dönən yoxdur.
İnsanlar istəyir ki, bu qətlin bütün məsuliyyəti həmin o beş nəfərin, bir də Rasimi ölümdən xilas edə bilməmiş, daha dəqiqi, öz yarıtmaz müayinə-müalicələri ilə onu ölümlə üzbəüz buraxmış həkimlərin belinə şələləsinlər.
Cavidin bu qətl işinə qarışdırılmamasını arzu edənlər ilk növbədə onun Azərbaycan futbolu üçün önəmli bir sima olduğunu nəzərə alırlar. Amma öz işində nə qədər istedadlı, nə qədər peşəkar olursan, ol, bu, sənə beynində cəmiyyət üçün təhlükəli düşüncələr daşımağa və onu həyata keçirmək üçün konkret addımlar atmağa haqq verməz.
Daha bir arqument Cavidin atasının vətən uğrunda can qoyması, batalyon komandiri olaraq rəşadətlə vuruşması, sonda isə şəhid olması ilə bağlıdır. Bu da önəmli detaldır, ancaq bu, başqa bir sahədə atasız böyümüş oğula üstünlük qazandıra bilər, ölüm işində - əsla. Ona qalsa, ölkədəki milli qəhrəmanların övladları qarşılarına çıxan rəqiblərini sıradan çıxarmaq üçün hər bir qanunsuz yola əl atar və məsuliyyətdən kənarda qalarlar.
Cavidin bayraq, torpaq sevgisinə qarşı heç bir əks fikir söylənə bilməz. Fəqət nəzərə almaq lazımdır ki, SSRİ-Almaniya müharibəsindən sonra tərxis olunan qəhrəmanların bir çoxu cinayət törətdikdə Berlinə bayraq sancmaları, Mozdokdan Drezdenə qədər döyüş yolu keçmələri nəzərə alınmırdı, onları mütləq mühakimə edirdilər.
Bu baxımdan hər şeyi hüquq-mühafizə orqanlarının təhqiqatına, məhkəmə heyətinin mühakiməsinə buraxmaq lazımdır.
Ortada olan odur ki, Cavidə və jurnalistin ölümüylə bağlı həbs olunan digər gənclərə münasibətdə qərəz, siyasi sifariş yoxdur. Hətta onlara qarşı irəli sürülən CM maddələrindən görünür ki, ittiham tərəfi hər xüsusatı nəzərə alıblar. Yəqin məhkəmədə ağırlaşdırıcı və yüngülləşdirici məqamlar da nəzərə alınacaq.
Ümumiyyətlə, Rasim Əliyevin ölümü siyasi qətl səciyyəsi daşımadığından günahkarların törətdikləri əmələ uyğun şəkildə cəzalandırılması problem olmamalıdır.
Burada incə bir məqam var: əgər bu işdəki açar fiqur olan Cavid Hüseynov məsuliyyətə cəlb edilməzdisə, bu iş avtomatik siyasi xarakter alacaqdı. Bundan sonra da o, “aradan çıxarılarsa”, eyni şey olacaq. Bu, birmənalıdır.
Jurnalistin döyüldüyü və vəfat etdiyi ilk günlərdə belə bir tendensiya nəzərlərdən qaçmadı. Hiss olunurdu ki, futbolçu ilə bağlı sərt qərar vermək istəmirlər. Ancaq görünür, işin ağırlığını nəzərə aldılar, hər şeyi ağır-yüngül eləyib belə bir qərara gəldilər ki, “daha bir üstü açılmayan jurnalist qətli” silsiləsini davam etdirməyə gərək yoxdur.
Bir də jurnalisti müalicə edən həkim personalının məsuliyyət məsələsi qalır. Onlar bir az səriştəli, bir az məsuliyyətli və qayğıkeş olsalar, insan həyatına biganə yanaşmasalar, bu gün gənc həmkarımız həyatda olardı və bütün bu həngamə də olmazdı. Yəqin ki, o zaman tərəflər barışıq əldə edər, hazırda həbsdə olanlar yüngül cəzalarla canlarını qurtarardılar, hər şey salam-səfa ilə yekunlaşardı.
Fəqət huşu yerində olaraq xəstəxana çarpayısında uzanmış halda polisə ifadə, jurnalistlərə müsahibə verən Rasim Əliyev heç kəsin gözləmədiyi şəkildə vəfat etdi. O, cinayət yerində ölməmişdisə, onu xilas etmək olardı - hamının gəldiyi yekun nəticə budur.
Səlahiyyətli orqanlar bu istiqamətdə də araşdırma aparmalıdırlar.

Bizə qoşulun