İki gün öncə tanınmış publisist, araşdırmaçı, yazıçı Əlisa Nicat “Hürriyət” qəzetinin saytında “Rauf Arifoğlu yeni ampluasında” başlıqlı yazı dərc etdirib.
Yazıda bu cür fikirlər var: “Heç vaxt görməsək də, çoxdan tanıdığım və bir-birimizə rəğbət hiss etdiyim “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu orden alandan sonra iddia edir ki, ona gələn təbriklərin sayı minlərlədir”.
1-cü düzəliş: Qəzetimizin baş redaktoru heç bir orden-medal almayıb, onun aldığı “Əməkdar jurnalist” fəxri adıdır və o adı bir döş nişanı müşayiət edir. Həm də R.Arifoğlu həmin adı Milli Mətbuat Günü münasibəti ilə alan 140 jurnalistdən biridir.
Əlisa müəllim yazır: “Maraqlısı orasıdır ki, Raufun orden taxıldıqdan sonra “prezidentlə dostluq əlaqələrimiz başlayır” - sözlərinə cavab olaraq İlham Əliyevin – “Təmənnalı dostluq?” atmacasına Rauf heç nə demədən hədsiz acı bir həb kimi uddu”.
2-cü düzəliş: Həmin görüşdə prezidentlə baş redaktor arasında belə bir dialoq olmayıb. Əlisa müəllim yanılır. Sözü gedən dialoq “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə İlham Əliyev arasında olub və bu dialoq heç də “hədsiz acı bir həb kimi” yox, təbəssümlə müşayiət olunan mükalimə olub. Həmin gün bu barədə ölkədəki qəzet və saytların hamısı yazmışdı.
Tanınmış yazardan daha bir sitat: “Beləliklə, müxalifətin ən möhkəm nümayəndələrindən biri öz 30 illik səngərindən çıxıb qarşı tərəfin səngərinə keçərək, dünənki silahdaşlarına atəş açmağa başladı”.
3-cü düzəliş: İmzasına hörmət edən publisist “30 illik səngərindən çıxıb qarşı tərəfin səngərinə keçərək, dünənki silahdaşlarına atəş açan” müxalifətçi-qəzetçinin “giliz”lərini göstərməliydi, heç olmasa həmin yazıların elekton bağlantılarını və ya başlıqlarını verməliydi. Bunların heç biri yoxdur. “Yeni Müsavat” qəzeti sözü gedən “orden”dən əvvəl necə və nə yazırdısa, elə yazır.
Əlisa müəllim qəzetçiİərin də qaydına qalır: “İndi ən çətin və ən ağır vəziyyət isə “Yeni Müsavat”ın iki istedadlı və sarsılmaz, əqidəli əməkdaşının vəziyyətidir. Başqa heç yerdən gəlirləri olmayan bu ailəli adamlar neyləyəcəklərini bilmirlər. Axı ya Raufun dalınca gedib onun hərəkətlərini təkrar etməli, ya da çıxıb harasa getməlidirlər. Getməyə isə yer yoxdur. Ailə də hər gün yemək istəyir”.
4-cü düzəliş: Qəzetimizin istedadlı, sarsılmaz, əqidəli əməkdaşları heç də iki deyil. Yaxşı olardı ki, Əlisa müəllim onların adını çəkəydi və yazdıqlarına baxaydı. Hər kəs görə bilər ki, elə bir sıxıntı yoxdur, kim nə istəyirsə, yaza bilir və “çıxıb harasa getmə”lərini şərtləndirən situasiya yoxdur.
Görkəmli publisistin proqnozu belədir: “Raufun bu dəyişikliyi sözsüz ki, “Yeni Müsavat” qəzetinin alıcılarını da qəzetdən uzaqlaşdıracaq. Axı, bundan sonra qəzetdə nə yaza biləcəklər? O şeyləri ki, onları “Azərbaycan”, “Yeni Azərbaycan”, “Respublika” və başqa onlarla qəzetlər daha açıq və aydın yazırlar”.
5-ci düzəliş: Əlhəmdülillah, hələ ki elə bir təhlükə yoxdur. “Ordenlə təltif”dən sonra “Yeni Müsavat” qəzetinin tirajı azalmayıb, musavat.com saytının ziyarətçiləri isə yay günləri olmasına baxmayaraq artmaqdadır. “Yeni Müsavat” isə adları çəkilən qəzetlərdən yerlə göy qədər fərqlənməsində davam edir.
Müəlimin son mülahizəsi: “Əvvəlki kimi yazılar dərc etmək isə təhlükəli və gülməli olar. Orden alırsan, pul alırsan, sonra da tənqid edib pisləyirsən?”
6-cı düzəliş: Bax, əsas məsələ də budur, hakimiyyətdən “orden” alasan və tənqidi jurnalistika mövqeyini tərk etməyəsən.
Kim belə bir şeyin olduğuna inanmırsa, qəzet və saytımızı izləməkdə davam eləsin. Özü hər şeyi görəcək.
Ona qalsa, Əlisa Nicatın bu yanlışlıqlarla dolu yazısını sevə-sevə təkrar dərc edən “Azadlıq” qəzeti də hakimiyyətdən (KİV DDF-dən) külli miqdarda pul (307 min 400 manat) əməkdaşlarına iki mənzil (bir başa Prezidentin fərmanı ilə) alıb və tənqid yazmaqda davam edir. O necə olur?
İndi gələk bu məsələnin üstünə, tanınmış müəllifin yazısındakı bariz xətaları görə-görə onu dərc edən “Azadlıq” qəzetinin bu hərəkətindən bəhs edək.
Yazının əsas sütunu olan mülahizə İlham Əliyevlə Akif Aşırlının arasında olan dialoqun Rauf Arifoğlunun adına çıxılmasıdır və bu söhbətin əslini media mühitində hər kəs bilir. Bunu bilə-bilə həmin yazını dərc etmək açıq qərəz, düşmənçilik nümunəsidir.
Hətta redaksiyaya düzəliş xarakterli zəng olunandan sonra da həmin yazını saytın arxivində saxlamaq isə yosunlamış qərəzin, maniakal kin-küdurətin göstəricisidir.
Tutaq ki, Əlisa müəllim ahıl adamdır, yaddaşı o qədər də iti deyil, siz necə, 15-20 gün öncə olub-bitmiş, bütün medianın dilinə düşmüş hadisəni nə tez unutdunuz? Hətta yadınıza salandan sonra da xatırlamadınızmı?
Bu qədər yanlışlıqığın, yalançılığın onsuz da yaman gündə olan reputasiyanıza zərbə vuracağını düşünmürsünüzmü? Oxucularınız, ictimaiyyət deməzmi ki, sizin obyektivliyiniz bu qədərdir.
Hiddət, qəzəb, qərəz qəzetinizin faktiki sahibi və baş redaktoru olan Əli Kərimlinin gözünü o qədər tutub ki, yanlışınızı düzəltməyinəz belə imkan vermir. Elədirsə, davam edin. Bu, bizə uyar. Təki bütün arqumentləriniz elə bu cür yalan-yanlış olsun. Hesab edin ki, həmin dialoq Əliyevlə Arifoğlu arasında olub və baş redaktor doğrudan da orden alıb.
