Medianews.az
Testdən keçməyən dostlar
450 baxış

Testdən keçməyən dostlar

zahid yeni razmer
Mətbuatın 140 illik ildönümü bayram ovqatından daha çox, marığa yatmış kəmfürsətçilərin yersiz hay-küyü və dedi-qodusu hesabına gərgin notlarla yadda qaldı. Bayram bitib, amma qovğa hələ də davam edir, çünki daşımız ağırdı.
Gözlənildiyi kimi, hədəfə yenə “Yeni Müsavat” gətirildi. Sanki bu ölkəyə, onun milli-ictimai maraqlarına, müstəqil mətbuatın inkişafına heç bir töhfəsi olmayıbmış kimi qəzetimizə şablon təbrikləri belə bəziləri çox gördülər, əvəzində nalə-nifrinin dozasını elə bir həddə qaldırdılar ki...
Uman yerdən küsərlər. Əfsus ki, dostların heç də hamısı yubiley testindən, bu yubiley ətrafında baş verən məlum olaylardan dolayı sınaqdan çıxa bilmədilər, insaf ölçüsünü itirdilər, yaşananlara strateji olaraq yanaşa bilmədilər – emosiya imkan vermədi.
Hətta siyasət uzmanı sayılanlardan hissə qapılıb da uzağı görməyən, yaraşdırmadığımız açıqlamalar eşitdik. Halbuki, gercəkdə bir şey dəyişməmiş və dəyişməsi gözlənilmir də. “Yeni Müsavat” 22-23 iyula kimi hansı yolda idisə, ondan sonra da eyni yolu davam etdirir. 
Bunu ən ümumi şəkildə dostumuz Hacı İlqar belə təqdim edib. Sitat: “Rauf Arifoğluna qarşı “xəyanətkar damğası vurma” kampaniyasını çox mənfi dəyərləndirirəm. Rauf Arifoğlunun siyasi fəaliyyətdən uzaqlaşma və tənqidçi jurnalistika yönündə təmərküzləşmə seçim hüququnu tanıyıram. Ona “Əməkdar  jurnalist” adı verilməsinə gəldikdə, ölkədə müasir jurnalistikanın formalaşmasına verdiyi böyük töhfəyə görə Rauf bəy bu adı faktiki olaraq illərdir daşıyır. Və bunun rəsmiləşdirilməsinin qəbul etməsini ölkə mediasının mövcud böhranlı durumdan xilası üçün etdiyi manevr kimi qiymətləndirirəm. İnanıram ki, Rauf Arifoğlu əqidəsinə və prinsiplərinə sadiqdir və strateji olaraq, heç bir geriləməyə yol verməyəcək”.
*****
Biz də zatən, onu deyirik. Təkcə demirik, həm də işimizlə göstəririk. O zaman yersiz haray-həşir nə üçündür? Qəzetin kursunda strateji olaraq nə dəyişib axı son günlərdə? Heç nə. Dəyişiklik varsa, o da malisəf, “Yeni Müsavat”ın dostlarının səfindədir.
Özləri bilər. Hər halda heç bir ciddi siyasətçi, hakimiyyətə iddialı şəxs ölkənin ən reytinqli nəşri və portalına, onun kollektivinə, ümumən mediaya düşmən kəsilməz. Bəlkə də mətbuatla dost olmadan hakimiyyətə gəlmək mümkündür, ancaq iqtidarda uzun müddət qalmaq – YOX! 
*****
İşə bax, gözləmədiyimiz yerdən yubileylə təbrikləri aldıq, ancaq ayaqlarına balaca bir daş toxunan kimi məlhəmi birinci bizdən istəyən və həmişə də təmənnasız alan “dostlardan” (artıq onları dırnağa salmaq olar) səs çıxmadı. Kiçik, xoş bir sözü bizə çox gördülər. Yəni o boyda “məlhəmlər”, sizə işlətdiyimiz “rivanol”, “marqansovka”lar bir “salam”a dəymədi?
Hələ harasıdır, təbrik əvəzinə qınaq, ittiham eşitdik. Cəbhə qaraguruhuna qoşulub qırğıların çörəyinin üstünə yağ sürtdülər “dostlar”. İsti aşımıza yubiley günlərində soyuq su qatdılar. Ad çəkməyəcəyik, işin içində olanların hamısı kimlərdən söhbət getdiyini bilir. Arifə işarə də bəsdir.
Bu xüsusda illərdir xətir-hörmətini saxladığımız siyasət adamlarında “əli kərimləşmə” getməsini heç istəməzdik. Zira, bu günün sabahı var...
*    *    *    *    *   
Ancaq biz kinli deyilik. Bağışlayırıq. Fəqət, Nelson Mandellanın sözü ilə desək, bağışlasaq da, yaddan da çıxarmayacağıq. Belə şeylər yaddan çıxmır - bizim də ayağımıza daş dəyəndə “dostlar”ın bundan həzz alması unudulmadığı kimi.
Sağlıq olsun! Çalışın ayağınıza bir də daş dəyməsin. Məlhəm tapılmaya bilər...   
 

Bizə qoşulun