Medianews.az
“Dönməz” oğlanların döngəsi...
391 baxış

“Dönməz” oğlanların döngəsi...

samir sari kose 1
Dünən dost və qardaş saytlardan birində çalışan ağıllı və qəşəng bacılardan biri şəxsimə böylə bir sual ünvanlamışdı: "“Yeni Müsavat” qəzetinin  baş redaktoru Rauf Arifoğlu mətbuata aıqlamasında müsavatçı jurnalistlərin qərarı ilə bağlı suala belə cavab verib:  “Özləri bilərlər. Mən bir neçə ay öncə onlara ”qalın" deyə xahiş etdim. Çünki təşkilatda vəziyyət fərqli idi. İndi kimsəyə “gedin” deməyəcəyəm. Hər kəs özü qərar verəcək". Bununla  bağlı nə deyə bilərsiniz?".
..
Mən bu suala səmimi, ağıllı, hətta, təvazokarlıqdan Dərnəgüldəki “Kəmalə-Nərmin” şadlıq evi qədər uzaq olsa da, deyim ki, müdrik cavab verdim. Yazdım: “Bir neçə ay öncə doğrudan da siyasi fəaliyyətimi, yəni partiya üzvlüyümü dondurmaq istəyirdim. Bu, partiyadan çıxmaq, istefa vermək anlamına gəlməsə də, söz-söhbətə səbəb olacaqdı deyə məsləhət olmadı, Rauf bəylə məsləhətləşdik ki, daha uyğun zamana qədər belə addım atmayım. Ancaq indi Rauf Arifoğlu bu addımı atmaqda qərarlı və israrlıdırsa, onda gərək mən daha uyğun zamanı gözləyim. Yoxsa kampaniya səciyyəsi daşıyar, doğma, əziz partiyamıza zərbə olar”.
İndi həmin o “daha uyğun zaman” nə vaxt gələcək, bilmirəm. Bəlkə heç yerli-dibli gəlmədi. Hətta ola bilər ki, o zaman gəlsin, amma bu sətirlərin müəllifi yenə məsləhətə qulaq assın, radikal addım atmasın, sinninin bu vədəsində, ölkədəki ictimai-siyasi durumun belə bir dövründə təzədən durub partiya-partiya oyunu oynamaq istəməsin. Ondan da keçən yerdə, hazırda siyasi fəaliyyəti donmuş halda olan müəllif belə bir bəyanat versə, nə olacaq, verməsə, nə olacaq.
Bir də dost var, düşmən var, “Filankəs partiyasından istefa verdi” tipli xəbərlər birinciləri kədərləndirir, ikinciləri isə sevindirir. Kədərlənənlər salamı kəsirlər, ikincilər isə bu cür xəbərlərə görə elə sevinirlər ki, az qalırlar çırtıq çalıb oynasınlar. Dombalaq aşmaq istəyənlər də olur, sadəcə, ya arlanıb aşmırlar, ya da aralanıb aşırlar.
İndiyəcən yüzlərlə partiyasından istefa verənin xəbərini yazmışıq, müzakirəsini aparmışıq. Çoxu öz doğma, əziz partiyasından çıxarkən partiyadaşları ilə dalaşıb çıxıb, qarşılıqlı söyüşlərin qiymətində kəskin ucuzlaşma, defolt yaradıblar. Sonra da tuşlu-tuşundan dağılışıb gediblər öz kəsbkarlıqlarının dalınca.
İllərdir adama demokratiya dərsi keçən, partiyaya, müxalifət düşərgəsinə, haqq yoluna, əqidəyə, prinsiplərə sədaqətdən dəm vuran, bu sayaq ülvi şeylərdən danışa-danışa onsuz da tükü seyrəlməkdə olan başımızı keçəl eləyən onlarla “fədakar”, “əzabkeş”, “dönməz”, “satılmaz” funksioner olub, bir gün, türkün sözü, basıblar imzalarını bəyanata, gediblər - biri xaricə mühacirətə, biri iqtidar düşərgəsində xırda bir vəzifəyə, biri iqtidaryanlı təşkilatda baş dolandırmağa və sair və ilaxır.
Adama deyərlər, lotular, yolunuzdan dönəcəkdinizsə, liderinizə, partiyanıza vəfalı olmayacaqdınızsa, ta bizi niyə terror edirdiniz. Budur, biz burdayıq, amma siz ilk döngədə dönüb aradan çıxdınız. Həm də gedəndə sakitcə gedə bilərdiniz, elə gedərdiniz ki, getməyinizi kimsə bilməzdi, tozanaq qoparmazdınız.
İndi AXCP sədrinin gənc müavini istefa verib, peşəkar və sosial mediada bu geniş müzakirə olunur. Açıb qəzetlərə, saytlara baxıram, hərə bir versiya irəli sürüb, amma “Azadlıq” qəzeti bu xüsusda kəlmə də yazmayıb. Heç elə bil bu partiyada belə bir adam yox imiş. Dünənə qədər qəzetin səhifələrindən düşməyən, “möhtəşəm mitinq”lərin aparıcısı olan siyasi funksionerin belə bir mühüm addımından necə yazmamaq olar? Bəs peşəkarlıq? Bəs xəbər siyasəti? Bəs oxucu marağı? Xalq hər şeyi bilməlidir axı...
Bizim vecimizə də deyil. Hansı partiyadan nə qədər adam çıxır, çıxsın, yazırıq. Artıq belə şeylərə görə inciyib-eləyən də yoxdur. Çünki bilirlər ki, cidanı (xəbəri) çuvalda gizlətmək mümkün deyil, ortada yayılası xəbər varsa, o mütləq yayılacaq. Kosmos, peyk, internet, Facebook əsridir, xəbər də damardan çıxası qan kimi şeydir, mütləq çıxacaq.
Lap axırda bir vacib xüsusatı qeyd edək: əgər biz nə vaxtsa partiyamızdan çıxsaq, atışma, qırğın gözləyənlər buna ümid olmasınlar, elə şey olmayacaq, umsuq olacaqlar. Partiyadaşlıq olmasa da, dostluq, yoldaşlıq əbədidir, dönməzdir, sarsılmazdır. Onu da unutmayın ki, körpü yolun bir hissəsidir.
P.S. Körpü söhbətini yozmaq istəyənlər sərbəstdir.

Bizə qoşulun