Mübarək ayın sonuna yaxınlaşırıq. Peyğəmbər əfəndimiz (s) Ramazan ayının əsas fəziləti kimi bağışlanma fürsətini xüsusi qeyd edib, “ən bədbəxt adam - Ramazan ayında da Allahın bağışlamadığı adamdır” deyib. Bəs bağışlanmaq üçün ilk növbədə nə gərəkir?
Əlbəttə ki, günahların səmimi şəkildə etirafı, ardınca tövbəyə gəlib Yaradandan sidq-ürəkdən əfv diləmək, tövbənin daha tez qəbul olunması üçün savab işlər görməyə tələsmək. Təbii ki, bu işlərə ən gözəl vəsilə ibadətdir, orucdur.
Söhbət xüsusən günahları da, xeyir iş görmək imkanları da hamıdan çox olan, fəqət, əsla yaxşılıqlara can atmayan, əksinə, daim pisliklərin sırasını artıran və bunun fərqinə varmayan insanlardan gedir. Onlar əbədi “bədbəxt”lər kimi qala bilərlər.
Azərbaycanda savab işlər, xeyirxah əməllər görmək, Axirəti qazanmaq üçün “ideal” şərait var – böyür-başımızda nə qədər ac-yalavac insan, ağır durumda olan qaçqın-köçkün, dərmanına, təcili əməliyyatına pul tapılmayan körpə uşaqlar, normal qidalanmağa gəliri yetməyən ailələr, imkansızlar var.
Bir yanda da dürüst, halal seçki zərurəti, siyasi-vicdan məhbus probleminin mövcudluğu yaxşılıqlara imza atıb, savaba çatmaq üçün başqa böyük fürsətlər açır. Buyur, Allahın razılığını, inayətini almaq istəyirsənsə, hərəkətə keç!
Konkret siyasi dustaqlara gəlincə, bəllidir ki, onların arasında iman adamı, ibadət əhli, ilahiyyatçı kifayət qədərdir – Tale Bağırov, Mövsüm Səmədov, Fəramiz Abbasov, hicab məhbusları Araz Quliyev, Anar Qasımlı və neçə-neçə başqası. Biz hələ onların sırasındakı sıravi ibadət əhlini demirik.
Görəsən, günahsız insanları illərdir zindanlarda, yayın qızmarında, havasızlıq şəraitində oruc tutmaq, ağır və namünasib şəraitdə iftar açmaq, Əhya saxlamaq zorunda qoyanlar öz Axirətləri üçün nə boyda günah şələsi tutduqlarının fərqindədirlərmi? Heç tələsməzlərmi? Allahın bağışlanma fürsəti bitir, bir də nə vaxt bəs? Qismət olacaqmı, fələk qoyacaqmı? Məsələ bundadır.
*****
Olmuş hadisədir. Deyir sovet ateist dövründə əsgərlikdə bir imanlı gənc ibadət yasaq olduğundan, namazını gizlicə ayaqyolu ərazisində qılırmış. Hərbidən qayıtdıqdan sonra gənc tanıdığı din xadiminə belə bir sualla müraciət edir ki, gərəsən, mənim namazlarım qəbuldurmu? Din adamı da qayıdır ki, “sən ayaqyolunda qıldığın namazları mənə ver, mən isə bütün ömrüm boyu etdiyim ibadətləri – sənə!...”
Sözü ona gətiririk ki, haqsız yerə tutulan insanın zindandakı ibadətinin (namazının, orucunun, saxladığı Əhyanın) da Allah dərgahında mükafatı yəqin ki, məxsusi və böyük olacaq. Demək, zindan ibadətlərinə bais olanları da iri “mükafat” gözləyir...
*****
Bəd “mükafat”dan qaçmaq olar, yetər ki, qəlblərdə iman işığı olsun. Bu günlər gərək məxsusən yaddan çıxarılmaya ki, Allah rəhimli olmayanları, zülm edənləri heç sevməz – illah da mömin insanlara, ilahiyyatçılara münasibətdə. Zira, Qurani-kərimdə buyurulur ki, mömini incitmək Allahı incitmək kimidir.
Ağıl vermirik, ancaq “Sən bağışlayarsan, Allah da səni bağışlayar”, deyiblər. Yəni günahsız siyasi dustaqlar düşmən erməniləri Bakıya çağırıb onlara hər cür təhlükəsizlik zəmanəti vermək qədər də bir münasibəti, rəhmi, yaxşılığı haqq eləməyiblər? Tolerantlıq öncə öz təbəələrinə, öz xalqına qarşı olmalı deyil ki?
Bu insanların hamısının Fitr (Ramazan) bayramı üçün öz azadlıqlarına, doğmalarına qovuşdurmaq, ölkəni də, elə hakimiyyətin özünü də ağır bir yükdən qurtarmaq şansı hələ qalır.
Bağışlayın ki, bağışlanasınız.
