Medianews.az
Evlərinin önü yonca...
510 baxış

Evlərinin önü yonca...

images_dekabr_kose samir sari.
Əvvəlcə elə bildim, zarafat edirlər. Dedim, evyıxma prosesini də musiqi sədaları altında edərlərmi. Sonra xəbərin videosunu gördüm. Baxıram ki, budur, bir tərəfdə söküntü gedir, ekskavatorçu mişar daşlarından hörülmüş divarı çalovuşun ağzına verib yerə yıxır, bir tərəfdə də üç musiqiçi (qarmonçalan, zurnaşalan və nağaraçı) şaxıyan günəşin altında, tozun-torpağın içində şən bir hava çalırlar. O tərəfdə də söküntü-yıxıntı işlərinə rəhbərlik edən sevimli Hacıbala Abutalıbov müdrikcəsinə müsahibə verir.
Analoqu olmayan, eyni zamanda tragikomik bir mənzərəydi. Ağır seyidlərin cəddinə, çörək, duz, qənd kimi gündəlik tələbat mallarının bərəkətinə and içə bilərəm ki, bu yaşa çatmışam, hələ belə evdağıtma əməliyyatı görməmişəm.
İndiki gənclər bilməz, bizim vaxtımızda seçki günü zurna-balaban piləməsi, nağara döyəclənməsi halları olurdu. Bir də görürdün, bəzi seçki məntəqələrində səsvermə başlayanda sazəndələri dəvət ediblər, onlar da məntəqənin qabağında “Qaytağı”dan, “Şalako”dan, “Nazilə”dən-zaddan bir çalırlar və bir az yalaka, bir az da fıy adamlar ortalığa düşüb oynayarlar, mərəkədə şadlıq-şənlik əmələ gətirirlər. Daha sonra camaat, yəni işə yollanan zəhmətkeşlər şən musiqi sədaları altında məntəqəyə daxil olur, ciddi-ciddi düşünüb seçim edir, seçki bülletenindəki yeganə namizədə səs verib çıxırdılar. Belə günlər vardı.
Amma kiminsə evi yıxılanda, söküləndə, yananda musiqi çalınmazdı. Bir də olardı, kiminsə cavan, subay, nişanlı oğlu qəflətən öləndə onu musiqi ölü götürər, qəbristanlığa kədərli havalar, mərsiyə, bayatı oxuya-oxuya aparardılar. Bu iş üzrə ixtisaslaşmış manıslar vardı. Elə oxuyardılar, millət tökülüşüb kütləvi şəkildə ağlayardı.
Təxminən  ev sökülməsi də o cür kədərli hadisədir. Təsəvvür edin, adam bir ətək xərc çəkib, 100 minindən, 1 milyonundan keçib özünə ev tikdirib, içində bir gün yaşamamış sən gəlib bunu verirsən ekskavatorun çalovuşunun, türkün sözü, kəpçəsinin ağzına, hələ bir şən musiqi də çaldırırsan ki, sümüyünə düşən adamlar ortalığa girib oynasın. Prinsipcə, evi dağıdılan şəxs kasıbyana adam olsaydı, yəni olan-olmazı həmin sökülən ev olsaydı, o havalanaraq oynaya bilərdi. Yaxşı ki, Hacıbala müəllim pullu adamların evini sökdürür, onlar da ağır adamlardır, zurna səsi gələn kimi qol götürüb süzmürlər.
Bununla belə, əgər ev sökülərkən canlı musiqi çalınması şərtdirsə, bunsuz mümkün deyilsə, sazəndələrin repertuarına əl gəzdirmək gərəkdir. Məsələn, onlara tapşırmaq olar ki, şən musiqi çalmayın, “Ayrılıq” çalın. Yaxşı olar ki, hətta müğənni də cəlb edilsin və o oxusun: “Fikrindən gecələr yata bilmirəm”-zad.
Situasiyaya uyğun başqa musiqi nömrələrimiz də var. Birinin sözləri dəqiqliyi ilə yadımda deyil, amma xanəndə oxuyurdu ki, bir sən ol, bir mən, bir uçuq kaha, heç zad istəmirəm taledən daha. Qoy evi yıxılan adam da bunu dinləyib şükür eləsin ki, canı salamat olandan sonra uçuq kaha da bəsidir. Təki Vətən sağ olsun! Dövlətçiliyimiz əbədi olsun! Yaşasın qanunun aliliyi!
Sonra da deyirlər ki, Hacıbala Abutalıbov vəzifəsindən götürülsə, istefa versə yaxşı olar. Xeyr. Olmaz. İstefadan söhbət gedə bilməz, merimizin boynuna diri mar (özü də gürzə) salsan, yenə istefa verməz. Amma onu vəzifəsindən götürsələr, problem yaranar. İstəyirsiniz, “Paytaxt meri üstünə benzin töküb özünü yandırdı” xəbəri dünyanı dolaşsın, biabır olaq? Vallahi, edər. Bu, prinsip məsələsidir. Edər, uf da deməz. Fədakar adamdır.
Həm də onu vəzifədən götürsələr, bu qədər maraqlı, məzəli xəbərləri biz hardan taparıq. Millət bir ayın içində elə darıxar ki, bəlkə də üsyana qalxar.
Vaxt gələcək, Abutalıbovun çıxışları, müsahibələri, qərarları, hərəkətləri bir diskə yığılacaq, tirajlanacaq və  insanlar onları alıb qanıqara vaxtlarında tamaşa edib güləcəklər. Açığı, Siyavuş Aslanla Hacıbaba Bağırovdan sonra insanlara bu qədər gülüş bəxş edən ikinci bir sənətkarımız yoxdur. Qədrini bilək.
P.S. Evləri sökəndə “Ninnə yarım” türkmən xalq mahnısı da çaldırmaq olar, içində “Evlərinin önü yonca”, “Evlərinin önü lalə”, “Evlərinin önü yalçın” kimi sözlər var. Emosional ovqat yaradar.

Bizə qoşulun