Medianews.az
Nisbi sabitliyin qiyməti
408 baxış

Nisbi sabitliyin qiyməti

zahid yeni razmer
Bakı ilə Vaşinqtonun arasında yenə “qara pişik” qaçıb. Bunu təkcə iqtidar mediasından yox, paytaxtımızda keçirilən Qlobal Forumdakı ab-havadan da sezmək mümkün oldu.
Məsələn, Forumdakı müzakirələr zamanı Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov açıq şəkildə ABŞ-ı nəzərdə tutaraq və ittihamedici formada bildirdi ki, “Azərbaycanı Liviyaya, Suriyaya çevirmək istəyirlər”, “Bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz” və s.
Təbii ki, bu, cənab Novruzovun şəxsi mövqeyi deyildi. Sərt ittiham “Azərbaycan” qəzetinin, Bəxtiyar Sadıqovun təxəyyülünün məhsulu da sayıla bilməzdi şübhəsiz. Bu, artıq hakimiyyətin mövqeyi, rəsmi yanaşması idi. Deməli, narahatlıqlar, Qərb sarıdan şübhələr qalır və ciddidir.
Bu şübhələrlə əlaqədar Ağ Evdən və ABŞ-ın Bakıdakı səfirliyindən gələn reaksiyalar bəllidir. Bəs Bakı nədən yenə rahatsızdır? O nədir ki, tərəflər onunla bağlı anlaşa bilmir və münasibətlərdə vaxtaşırı kolliziyalar yaşanır? Axı onsuz da hazırkı və gələcək neft-qaz kəmərlərinin yönü Qərbə doğrudur.
Məntiq diktə edir ki, problem Bakının hələ də strateji seçim etməməsi və universal (ümumbəşəri) dəyərlərə münasibətinə ilişib qalıb. Qərb, ABŞ Azərbaycanın Allah eləməmiş, Suriyaya çevrilməsini, yəni burada vətəndaş müharibəsinin qızışmasını arzularmı? Yenə əlahəzrət məntiq diktə edir ki - yox!
Bir mühüm səbəbi qeyd elədik - indiki və gələcək neft-qaz boru xətləri, Azərbaycana yatırılan çoxmilyardlıq sərmayələr. Bura Azərbaycandakı mümkün qarışıqlığın pis-yaxşı demokratik idarəçiliyin oturuşduğu qonşu Gürcüstana labüd və neqativ təsirlərini də əlavə edin.
Belə durum ən çox kimin karına gələcək? Əlbəttə ki, “bulanıq suda balıq tutmağı sevən” Rusiyanın. Demək, Azərbaycanı qarışdırmaq ittihamları getdi işinin dalınca. Yerdə nə qaldı? Nə qaldısa - o. Yəni təməl haqlar sarıdan gözləntilər.
Bax, bu, “qara pişiyi” oraya salan yetərincə inandırıcı motiv qismində görünür. Daha dəqiqi, istisna deyil ki, ABŞ, Qərb Azərbaycanda bir az da demokratik stabilliyin bərqərar edilməsində maraqlı olmağa başlayıb ki, heç olmasa, Moskvanın ölkədaxili durumu müdaxilə imkanları zəifləsin. Hər halda demokratik ölkələrin təcrübəsi göstərir ki, təməl insan haqlarının qorunduğu ölkələr ən dayanıqlı ölkələrdir və onların daxildən tarazlığını pozmaq qat-qat çətindir.
Gerçəkdən də, hər şeyi sabitliyə qurban vermək çıxış yolu sayılmaz. Xofla, qadağalarla, korlanmış seçkilərlə dövlət yalnız müəyyən müddətə öz sabitliyini saxlayar, çünki belə sabitlik ilk növbədə konkret şəxsiyyətlərin iradəsinə söykənir, oturuşmuş və demokratik sistemə yox.
Buna nisbi sabitlik də demək olar. Necə ki, SSRİ həmin nisbi sabitlikdən sonra təlatümlər və bəlli bir aqibət yaşadı...
***
Azərbaycan isə 24 ildir müstəqil olsa da, nə yazıq ki, hələ demokratik ölkə deyil. Hər il beynəlxalq təşkilatların yaydığı hesabatlarda o, bir qayda olaraq qeyri-azad, siyasi-iqtisadi, biznes azadlıqlarının təmin olunmadığı, media azadlıqlarının məhdudlaşdırıldığı ölkə kimi, Rusiya, Orta Asiya dövlətləri ilə eyni cərgədə təqdim olunur.
Azərbaycan dünyəvi məmləkət sayılsa da, demokratik ölkə sayılmır, təkcə ona görə ki, yox ki, həbsxanasında bir siyasi məhbusun olması artıq o ölkəyə qeyri-demokratik yarlığı qazandırır - bizdə isə onların sayı 10-u keçib - həm də o səbəbə ki, Azərbaycanda hakimiyyət hələ bir dəfə də olsun seçkilər yolu ilə dəyişməyib. Beynəlxalq standartlara görə isə, hakimiyyəti bircə dəfə seçki yolu ilə, legitim şəkildə dəyişməyən ölkələr demokratik deyil.
Bəlkə bu haqda düşünək? Axı Qarabağ məsələsi də insan haqlarına ilişgili problem hesab edilir. Məgər indiyədək biz separatçı bölgənin erməni sakinlərində sabitlik amili ilə özümüzə qarşı pozitiv stimul yarada bilmişik? Təbii ki, onları ən çox düşündürən məqam Azərbaycanın tərkibinə qayıdacaqları təqdirdə təməl haqlarının təmin edilib-edilməməsindən yanadır.
Unutmayaq ki, ermənilərin öz işğalçılıq, separatçılıq hərəkətlərinə dünyanın gözündə haqq qazandırmaq üçün ən əvvəl elə Azərbaycanda insan haqlarının pozulması faktlarından istifadə edirlər.
Nəhayət, bizə nisbi yox, demokratik sabitlik müqəddəs Qarabağ savaşına görə, “X anı”nda xalq-hakimiyyət vəhdətinə arxayın olmaq üçün gərəkdir. Azdır?

Bizə qoşulun