Medianews.az
Azadlıqdakı dustaq – Tofiq Yaqublu...
463 baxış

Azadlıqdakı dustaq – Tofiq Yaqublu...

zahid yeni razmer
Qarabağ veteranı, həmkarımız, gerçək vətənpərvər və ziyalı insan, siyasi məhbus Tofiq Yaqublunun həmişəlik azadlığa buraxılması üçün ölkə prezidentinə ünvanlı çağırışlar günbəgün artır. Sevindiricidir ki, onların arasında hakimiyyətə yaxın şəxslər, deputatlar da var.
Cəmiyyətin, siyasi kəsimin, “Yeni Müsavat” başda olmaqla aparıcı medianın isə məsələdə mövqeyi çoxdan bəllidir – Tofiq Yaqublu bir daha həbsxana divarları arasına qayıtmasın! Buna indi heç vaxt olmadığı qədər motivlər var. Sadalamağa nə lüzum.
Ölkə rəhbəri bir sərəncamla Tofiq Yaqublu mövzusunu gündəmdən birdəfəlik çıxara, qapada bilər. Üstəlik, buna bənzər presedent olub. İllər öncə avtoqəzaya görə həbs edilmiş professor Adil Qeybulla məhz sabiq prezident Heydər Əliyevin ayrıca sərəncamı ilə öz azadlığına qovuşmuşdu.
O zaman heç kim bunu hakimiyyətin geri çəkilməsi, zəifliyi kimi dəyərləndirmədi. Heç kimin də xəncərinin qaşı düşmədi. Tofiq bəylə bağlı da analoji qərar mümkündür. Yanlışı gec də olsa anlayıb düzəltmək – kiçiklik, zəiflik əlaməti deyil və Allaha da xoş gedər.
Bəziləri deyir ki, bəs prosedura var, məhbus gərək özü əfvlə bağlı müraciət eləsin. Daşlaşmış ictimai rəy olan yerdə prosedura, rəsmiyyət arxa plana keçir. Ərizə deyilən şey - cəmiyyətin, ictimai-siyasi xadimlərin mövqeyi, edilən çağırışlar! Məgər konstitusiya da xalq təsdiqləyəndən sonra qüvvəyə minmir? Ən güclü münsif, hakim xalqın özüdür, cəmiyyətdir.
Hər şey o yana, bir Qarabağ döyüşçüsünün siyasi motivlə həbsdə saxlanılması torpaqlarımızın işğalı fonunda ən əvvəl düşməni sevindirir, ölkə adına mənfi xallar əlavə edir, yaşlı-gənc vətənsevərləri üzür, ruhdan salır. Axı, hakimiyyət özü də bəyan edir ki, Qarabağ savaşı hələ bitməyib.
Şəxsən mən əminəm ki, yeni müharibə başlasa, Tofiq bəy tərəddüdsüz-filansız yenə ön sıralarda cəbhəyə can atacaq – bu dəfə dünyadan nakam getmiş qızı Nərgizin yeganə yadigarı olan körpəsini arxa cəbhədə doğmalarına əmanət eləməklə. Çünki onun kimilərin əvvəlki döyüş bacarığı qalmasa da, döyüş ruhları yerindədir və ən azından gənc hərbçilərə güclü mənəvi stimul verə bilərlər. Tofiq bəy böyütdüyü vətənpərvər övladları ilə bunu da artıq sübuta yetirib...
Əslində bu vətəni Tofiq Yaqublu kimi sevənlər çoxluqda olsaydı, indi düşmən Ağdamda vaxtaşırı hərbi təlimlər keçirməzdi. Bu insanları – qızıl genofondumuzu qorumaq, onların ailələrinə hayan olmaq iqtidarlı-müxalifətli, cəmiyyətli hamımızın borcudur. Toplum öz varlığını, iradəsini məhz belə situasiyalarda göstərməlidir...
Qardaş Türkiyəyə baxın, öz əsgərinə, qazisinə, şəhidinə necə sahib çıxır, nə dərəcədə onlara dəyər verir, hansı sayğı-ehtiramı göstərir. Bir millət-iki dövlət deyilikmi?..
Ağır övlad itkisindən sonra da “Vətən sağ olsun!” deyən bir dustaq ölkəsinə, xalqına xəyanət edə, ondan üz çevirə bilməz. Belə insandan xalqa, Vətənə, elə-obaya heç vaxt ziyan gəlməz, pislik keçməz. Tofiq bəy artıq bütün bu parametrlər üzrə irili-xırdalı testlərdən alnı-açıq çıxıb.
Belə bir insan öz xalqına türmədə yox, azadlıqda gərəkdir! Təbii ki, indi həm də böyük ağrı-acı içində olan əzizlərinə, Nərgizinin üzünü belə görə bilmədiyi, qoyub getdiyi tək əmanəti olan körpəsinə lazımdır. Axı, dərd paylaşılanda yüngülləşir deyirlər...
Tofiq bəyi heç olmasa dərdə şərik olmaqdan məhrum eləməyin. Zatən, onsuz da dərdlidir. Dərdinə daha birisini – doğmalarını ovundura bilməmək dərdini əlavə eləməyin, lütfən! Azadlıqdakı dustağı təzədən məhbəsə qaytarmayın, Allah eşqinə.
Mayın 1-nə hələ var...

Bizə qoşulun