Medianews.az
27 apreldən başlayan işğal
409 baxış

27 apreldən başlayan işğal

zahid yeni razmer
Üzüntülü bir ay yaşayırıq. Aprel onsuz da ağır ay idi, üstəlik, bu arada iki həmkarımızın, yaxın dostumuzun və əqidədaşımızın ailələrinə, ələlxüsus da vicdan məhbusu Tofiq Yaqubluya üz verən ağır itkilər onu bir az da qəmli-kədərli elədi...
*****
Zatən, 100 ildir türklərə qarşı əsassız və həyasız iddialarla yaşayan mənfur ermənilər onsuz da aprel ayını az qala, özününküləşdirmiş, matəm ayına çevirmişdilər, bu yandan da Avropa Parlamenti kəmfürsət millətin əlinə daha bir bəhanə verdi - aprelin 24-ünü Avropa məkanında “hüzn günü” kimi qeyd eləmək haqda qərar çıxarmaqla.
Təbii, xristian təəssübkeşliyindən qaynaqlanan bir qərar idi bu. Ermənilər xristian dinin daşıyıcısı olmasaydılar, heç kəsin yadına düşməyəcək, “it dəftəri”ndə belə adları olmayacaqdı, nə Fransua Oland, nə də Putin aprelin 24-də İrəvana ayaq belə basmayacaqdılar.
Necə ki, fransızların soyqırıma məruz qoyduğu ərəblər (əlcəzairlilər), yunanların və ermənilərin ötən əsrdə qırıb-çatdıqları yüz minlərlə Türkiyə və Azərbaycan türkü, rusların qətliama və deportasiyaya məruz qoyduqları Qafqaz xalqları (çeçenlər, çərkəzlər, qaraçaylılar və s), habelə Krım tatarları və Azərbaycan türklərinin faciəsini Qərb, Avropa on illərdir görməzlikdən gəlir.
Yəni bir araşdırmaçının sərrast qeyd elədiyi kimi, arxivlər açılsa, əslində türklər ermənilərdən yox, ermənilər türklərdən üzr istəməli olarlar. Eləcə də fransızlar genosidə məruz qoyduqları ərəblərdən, ruslar Qafqaz xalqlarından və Krım tatarlarından üzr diləmək zorunda qalarlar. Hələliksə, fələyin çarxı tərsinə fırlanır...
*****
Qayıdaq, aprelin miras qoyduğu ağır mənəvi-siyasi yükə. Bu ayda sözsüz ki, bizim üçün Çanaqqala zəfəri kimi fərəhli təqvim istisnadır. Ancaq qara 27 aprel də var. Nə vaxt ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyət - müstəqil Azərbaycan Demokratik Respublikası bolşevik Rusiyasının hərbi təcavüzü nəticəsində süqut edib. Həmin süqutun, daha doğrusu, işğalın altını 24 ildir müstəqil olsaq belə, hələ də çəkirik.
Hələ də Cümhuriyyətin varisi olan indiki Azərbaycan Respublikası heç olmasa, Sovetlər Birliyindəki ərazisini, öz sərhəd bütövlüyünü təmin edə bilməyib. Hələ də Azərbaycan erməni-rus işğalı ilə üz-üzədir. Ona görə ki, bu ittifaq, lap dəqiqi, Moskva təkcə Cümhuriyyətdən Zəngəzuru qoparıb Ermənistana peşkəş etməklə kifayətlənməyib, eyni zamanda Azərbaycan SSR-in “bətni”nə DQMV adlı gec partlayan mina qoymaqla 1988-ci ildən başlayan yeni fəlakətlərə, dağıntılara, məhrumiyyətlərə zəmin yaradıb.
*****
Beləcə, ötən əsrin əvvəllərindən, 20-ci illərdən başlayan işğal davam edir. Çünki son yüz ildə dost-düşmənlərin səfində ciddi dəyişiklik baş verməyib. Bu gün də erməninin arxasında onun ənənəvi və sadiq havadarları - Rusiya və Fransa (Avropa) dayanıb. Bu gün də dünya Azərbaycan ərazilərinin işğalını görməzlikdən gəlir, erməni hansı cinayətləri törətsə belə, Xocalı soyqırımına imza atsa belə, Qərb dünyası onun başını sığallayır, Azərbaycandan çox Ermənistanın dərdinə şərik olur, erməniyə, qahmar çıxır, ona siyasi-mənəvi havadarlıq edir.
Əslində bu, heç havadarlıq da deyil. Daha çox - 100 il öncəki kimi, ermənidən yenə türk dünyasına, Türkiyəyə və Azərbaycana qarşı sınanmış maşa, alət qismində istifadə eləməkdir. Satılan varsa, alan niyə olmasın ki?
Bu alverin bitdiyi yerdə, Azərbaycana, qardaş ölkəyə qarşı ermənidən alət kimi yararlanan məkrli güclərin və mərkəzlərin işğalçılıq siyasətindən bezdikləri məqamda 27-də başlayan işğal da bitəcək.

Bizə qoşulun