Martın 24-də bir yaxın adamın evində Azərbaycan telekanallarından birində verilən “Qafqaz əsiri” filminə baxırdıq. 49 ilin filmidir, amma sanki yeni çəkilib, mövzunun aktuallığı, yumoru, aktyor oyunu əladır. Bu filmə bəlkə də 20-ci dəfə baxırdıq, amma vaz keçmək mümkün deyildi. Elə bu əsnada bir hadisə baş verdi.
Filmdə Cəbrayıl rolunu oynayan aktyor Frunzik Mkırtıçyanı gördük və qeyd etdik ki, mərhum yaxşı aktyor idi. Ev sahibinin 11 yaşlı oğlu bunu eşitdi və dirəşdi: “Necə? Siz bir erməniyə yaxşı deyirsiniz?”
Biz ona anlatmaq istədik ki, bu erməni məşhur sovet aktyoru olub, 22 il əvvəl ölüb, bu, o ermənilərdən deyil.
Uşaq sözünün üstündə durdu: “Yox, o, ermənidir. Ermənilər bizim düşmənimizdir, torpaqlarımızı işğal ediblər, adamları öldürüblər. Siz bir erməniyə necə yaxşı deyirsiz? Anlamıram...”.
Durum beləydi. Əlbəttə, bu uşaq bilmir ki, ayrıca götürülmüş bir fərd mənsub olduğu millətin, vətəndaşı olduğu dövlətin cinayətlərinə, qəbahətlərinə cavabdeh ola bilməz.
O uşaq gözünü açıb görüb ki, televiziyada Xocalı qətliamında həlak olan insanların meyitlərini göstərirlər, rayonların işğal günlərinin ildönümləri qeyd olunur, oxuduğu məktəbdə bir çox dərs mövzuları Qarabağdan bəhs edir, tədbirlər keçirilir və sair və ilaxır.
Bundan başqa, həmin uşağın sinif yoldaşları yay tətilində ata-anasının doğma yurduna - Şamaxıya, Şəkiyə, Astaraya, Qazağa gedəndə, baba-nənələrinin yanında dincələndə o, atasının kəndinin erməni işğalında olması faktıyla üzbəüz qalır.
İndi bu uşaq onun atasının kəndini işğal edən, babasının evini yandıran, onun millətindən olan insanları öldürən və ümumiləşdirilmiş şəkildə adı “erməni” olan qorxunc düşmənə necə laqeyd qalsın, sevmək bir yana, necə nifrət etməsin?
Deyilə bilər ki, ailədə, məktəbdə faşizm təbliğatı aparmaq, uşaqların beynini başqa bir millətə bəslənilən nifrətlə zəhərləmək olmaz.
Elədir. Ancaq “millətin düşməni” ilə bağlı söhbətlər Afrikadakı zulus, tuareq, Asiyadakı tay, nanay xalqlarına qarşı aparılmır axı. Hər millət özünü ona mütəmadi zərbə vuran, zülm edən xalqın aqressiyasına qarşı kökləyir, sövq-təbii ondan qorunmaq istəyir.
Fransızlar, amerikanlar, almanlar, hollandlar ermənilərə qarşı dözümlü, rəğbətli ola bilərlər, ancaq bizim yerimizdə olsalar, 27 ildən bəri bitməyən hücumlara, terror aktlarına, müxtəlif siyasi, iqtisadi, mədəni, psixoloji basqılara, təxribatlara məruz qalsalar, necə olardılar? Dözümlü ola bilərlərmi?
Çətin olardı. Babasının evi yandırılmış, atası didərgin salınmış oğulun canında bir az qeyrət varsa, o, onun mənsub olduğu xalqla, konkret olaraq onun ailəsi ilə düşmənçilik aparan bir insan toplusuna laqeyd ola bilməyəcək.
Bəs son 22 ildə xalqımızın başına gətirilən müsibətlərin üstündən keçmək, bu barədə yetişməkdə olan nəslə danışmamaq olarmı? Prinsipcə, həqiqətləri gizlətmək olar, amma bu faydalı olmaz.
Məsələn, bizə danışmamışdılar. Biz 31 Mart qırğını haqda sənədli-sübutlu bir şey bilmirdik, bildiyimiz o idi ki, sovet hökuməti qurulmamışdan “erməni-müsəlman davası” olub. Bizə deyən olmamışdı ki, ermənilər Bakıda hökumət qurublar və bu yerin adamlarını kütləvi şəkildə qətlə yetiriblər.
Bu barədə danışmağı, yazmağı bizə qadağan etmişdilər. Arxivlər bağlıydı. Ədiblərimiz isə “erməni-azərbaycanlı qardaşlığı”na dair kitablar bağlayırdılar, müğənnilərimiz “Kür, Araz, Ararat, gözəldir bu həyat” mahnıları oxuyurdular. Sovet dövrünün konyukturası beləydi. Ancaq bu məsələdə ermənilərə başqa bir haqq tanınmışdı, onlar öz övladlarına başlarına gələn müsibətləri danışa bilərdilər və danışırdılar. “Hayes, türkes” söhbəti də əbəs deyildi, ermənilərdə belə bir yanaşma vardı.
1986-cı ildə beş yaşlı erməni oğlan uşağının kirayədə qalan tələbə gənclərə arasıkəsilmədən söyüşlər yağdırmasını təfərrüatı ilə yaza bilərəm, yer çatmır.
İdmançı Bəxtiyar Abbasovun Ermənistan dövlətinin himnini dinləməkdən nümayişkaranə və bir az da naşılıqla imtina etməsinin sirri buradadır. O hadisəyə bir də bu prizmadan yanaşmaq lazımdır.
O idmançının yerində Frunzik Mkrtıçyanın “yaxşı aktyor” adlandırılmasına etiraz edən 11 yaşlı oğlan olsaydı, elə ordaca idman karyerasında son qoyar, daha sərt hərəkət edərdi.
Şillənin acısını onu yeyəndən soruşacaqsan...
