Medianews.az
“Hər şey pis olacaq” - “Nə yaxşı!”
170 baxış

“Hər şey pis olacaq” - “Nə yaxşı!”

xalid kazimli kose 1
Tez-tez olur, xüsusilə də son vaxtlar dünya mediasında bu cür xəbərlər yayılır:
“Neftin qiyməti rekord həddə ucuzlaşdı”.
Hamı kimi, biz də yazırıq, sayta, qəzetə yerləşdiririk və istər saytın şərh bölümünə, istərsə də sosial şəbəkədəki səhifəmizə şərhlər gəlir:
“Əla! Nəhayət, neft pullarının qudurtduğu adamlar bir az kasıblayar”;
“Çox gözəl! Bu xalqa bu da azdır. Qoy lap 20 dollara düşsün!”;
“Neft baha gedəndə nə xeyir gördük ki, ucuzlaşanda da nə görək?”
“Bu neft bizim başımızın bəlasıdır, yalnız ziyanını görürük”.
Neftin ucuzlaşması xəbəri, təbii ki, başqa xəbərlərin də media səhifəsində görünməsinə yol açır. Onlardan biri, ən başlıcası belə olur: “Neftin ucuzlaşması ölkə əhalisinin güzəranına mənfi təsir edə bilər”.
Yenə şərhlər gəlir:
“Cəhənnəmə eləsin! Onsuz da yaman gündəyik”;
“Bundan artıq nə pisləşəcək ki...”;
“Belə olsa yaxşıdır. Bəlkə ondan sonra bu xalq ayıla, ayağa qalxa, haqqını tələb edə”.
“Allah eləsin, yavan çörək umuduna qalaq”.
Bir neçə gün keçir, bu dəfə hər bir neft ölkəsi üçün “ürəkaçan xəbər” sayıla biləcək informasiya yaylır: “Neftin qiyməti artmaqda davam edir – Azərbaycan nefti 1,5 dollar bahalaşıb”.
Şərhlər artır:
“Boş şeydir, artmayacaq, yenə düşəcək”;
“Cəhənnəmə artsın. Qoy neft milyardlarını basıb yeyənlər sevinsin”;
“Davamlı artsa, hakimiyyət yenə vəziyyətdən çıxacaq, Allah eləsin, neft bahalaşmasın”;
“Camaata nə xeyri var? Hamısı böyüklərə çatır. Səfasını onlar görür, cəfasını biz çəkirik”.
Daha bir neçə gün keçir, neftin bahalaşmamasını arzu edənlərin kütləviliyindən olmasa da, bu arzu doğrulur, dünya bazarında neftin qiymətinin artması prosesi dayanır, düşmə başlayır. Bəd xəbərə şad şərhlər sellənir.
Ancaq ekspertlər də boş dayanmırlar, prosesin bir ay, altı ay, bir il sonrasını proqnozlaşdırmağa çalışır, analizlər aparır, proqnozlar verirlər. Biri də belə olur:  “Neftin qiymətinə dair sensasion proqnoz: 1 barel 90 dollardan az olmayacaq”.
İlk baxışdan, bu, şad xəbərdir. O deməkdir ki, manatın dəyərdən düşməsi prosesi dayanacaq, inflyasiya səviyyəsi təkrəqəmli olacaq, güzəranımız pisləşməyəcək.
Lakin bir xeyli adam bu şad xəbərə adekvat reaksiya vermir, əksinə, ittiham dolu neqativ şərhlər yazırlar:
“Bloombergdə, CNBC-də sanballı təhlilçilərin səsləndirdiyi nikbin proqnozlar neftin barrelinin 40, bədbin proqnozlar 10 dollar olacağını göstərir. Neftin qiymətini redaktormu müəyyənləşdirir?”;
“Bunlar həmişə belə yazırlar, yalandan xalqa ümid verirlər”;
“Aydın məsələdir, sifariş alıblar ki, belə yazıb camaatı sakitləşdirsinlər”;
“Neftin bahalaşmasından, 90 dollar olmasından heç bir söhbət gedə bilməz”.
Neçə müddətdir bu cür davam edir: neftin bahalaşacağı, xalqın güzəranının pisləşməyəcəyi xəbəri qəzəblə, top-tüfənglə,  neftin ucuzlaşacağı, müvafiq olaraq ölkə əhalisinin güzəranının pisləşəcəyi xəbəri isə məmnunluqla qarşılanır.
Daha pisi odur ki, birinci tip xəbərləri yazanlar satqınlıqda ittiham olunur. Sanki dünya birjalarında neftin qiymətini biz qaldırırıq, ya endiririk...
Bu, bir Azərbaycan fenomenidir, ancaq manqurtluqla, mazoxizmlə əlaqəsi yoxdur. Sadəcə, bir çox insanlarda belə bir qənaət var ki, ölkədəki bu anormal durum yalnız hər şeyin dözülməz dərəcədə pis olacağı təqdirdə dəyişə bilər.
Hesab olunur ki, “itirməyə zəncirdən başqa bir şeyi qalmayan” və “qılınca çarpmaqdan qorxmayan ac”lar kütləvi şəkildə ayağa qalxıb ölkədə siyasi dəyişiklik mühiti yarada bilərlər.
Belə bir şey bəlkə də baş verə bilər, amma hər şeyin pis olmasını arzulayarkən, ortada yaranacaq xaosu, böyük depressiyanı, vətəndaş qarşıdurmasını,  digər sarsıntı və dağıntıları da nəzərə almaq lazımdır.
Neftin hesabına milyardlar, yüz milyonlar yığanların bir neçə milyardı, yüz milyonu əskilsə, bundan çox əziyyət çəkməzlər, amma yüz minlərlə insan var ki, aylıq qazancı 100 manat azalsa, bu, böyük faciə deməkdir.
Gün o gün olsun ki, “Neftin qiyməti sabitləşdi, vətəndaşların güzəranı pisləşməyəcək” tipli xəbər hamı tərəfindən məmnunluqla qarşılansın, sərt təpkilər doğurmasın.

Bizə qoşulun