Medianews.az
Ronaldonun 210 milyonu, bizimkilərin 200 mini...
277 baxış

Ronaldonun 210 milyonu, bizimkilərin 200 mini...

images_xalid bey s Azərbaycanda gənc futbolçuların maaşlarına limit qoyulması barədə xəbərlərin mediada yer aldığı günlərdə məşhur futbolçuların sərvəti haqqında da başqa bir informasiya yayılmışdı. Məlum olur ki, bütün dünyada hər kəsin tanıdığı Ronaldo, Messi, Neymar, İbrahimoviç, Runi kimi futbolçuların hər biri milyonçudur. Həm də elə belə milyonçu yox. Yəni onların hərəsinin 5-6 milyon dolları yoxdur, hər biri 100-200 milyon dollarlıq varidata sahibdir. Bu adamlar yaxşı futbol oynamaları ilə yanaşı öz bizneslərini də düzgün idarə etməyi, etdirməyi, menecerləri, prodüserləri, agentləri vasitəsilə doğru-dürüst yatırımlar etməyi, alqı-satqı əməliyyatları aparmağı yaxşı bacarırlar. Öz adları marka olan bu şəxslər yeni-yeni brendlər yaradır, sərvətlərini artırmaqda davam edirlər. Bununla belə, onlar nə qədər varlı-hallı, zəngin olsalar da, qudurmurlar. İndən belə heç işləməsələr, heç futbol oynamasalar da, həyat təminatları olan bu insanlar həftədə ən azı beş gün butsularını, tuman-köynəklərini geyib yaşıl sahələrə çıxır, ya məşq edir, ya da rəsmi oyunlarda iştirak edirlər. Bir sözlə, bu adamlar nə hazırda malik olduqları sərvətə, nə qazanmış olduqları şöhrətə, nə də yetişdikləri ustalıq səviyyəsinə qane olmurlar, daima inkişaf etmək istəyirlər, hər zaman irəli getmək üçün öz üzərlərində daha səylə işləyir, formada qalmağa çalışırlar. Ümumiyyətlə, bir onlar deyil, dünyanın dörd bir yanında futbol təsərrüfatında çalışan gənc insanlar bu bahalı şouda, milyardlarla dolların fırlandığı biznes sahəsində çəkdikləri əziyyətin, tökdüklərin tərin qarşılığı olaraq qazandıqları pulları səmərəli istifadə etməyə çalışırlar. Hətta afrikalı futbolçular Avropada qazandıqları milyonlarla öz ölkələrində milyonçu sahibkara çevrilir, özlərinin, yaxın çevrələrinin, bəzən bütövlükdə öz xalqlarının həyatını dəyişməyə səy göstərirlər. Corc Vea, Droqba, Eto,o bu cür idmançılardandır. Bəs bizdə necədir? Bizdə hər sahədə olduğu kimi, bu sahədə də fəlakətdir. Tam bir başıpozuqluq, qeyri-müəyyənlik, cahillik. Bizim futbolçular, eləcə də digər idmançılar qazandıqları pulu xərcləməyi, ondan düzgün istifadə etməyi bacarmırlar. Bu fakt olaraq göz önündədir. Əcnəbi futbolçuların bir həftədə qazandıqları pul bizim idmançıların əlinə bir ayın, bir ilin zəhməti müqabilində yetişəndə dərhal dağıdıcı effekt verir. Çox pul, yüksək maaş bizim idmançıların həyatlarını və təfəkkürlərini tezliklə dəyişir. Onlar ləngimədən bahalı avtomobillər alır, gecə əyləncəsinə qapılır, məşqi azaldır, zərərli vərdişlərə qurşanırlar. Burada olimpiya çempionu olaraq ölkəmizə qızıl medallar gətirmiş, bir gecədə hamının sevimlisi olmuş, vətənə qayıtdıqdan sonra hər cür qayğı görmüş, mükafat almış çempionlarımızın qısa müddətdə necə pozulduqlarına, idmandan uzaqlaşdıqlarına aid xeyli fakt sadalamaq olar. Zatən, bütün bu faktları idmanla maraqlananların, dövri mətbuatı izləyənlərin hamısı bilir. Bu cür “bir atımlıq barıt”ı olan idmançılar çoxdur. Amma onlar startda belə deyildilər. Kaısb və ortabab ailələrdə böyüyən bu gəncləri maddi imkanlarının birdən-birə artması korladı. Onlar ərköyünləşdilər, hamıdan rəğbət, hörmət görməyə, ənamlar almağa öyrəşdilər, həyatlarının məqsədinə çatdıqlarını zənn etdilər və yanıldılar. Bu gənclərin qazandıqları maddi vəsait bir ömrə bəs edəcək miqdarda deyil. Ronaldo kimi 210 milyonları, bahalı kontraktları yoxdur. Hərəsinin ən uzağı 100-200 min manat pulu var və bu məbləğ iki-üç illik eyş-işrətə bəs edir. Onlar peşəkar idmandan ayrılandan sonra nəinki bu pulun üstünə pul gəlməyəcək, hətta o, sürətlə tükənəcək. Bunu onlara başa salan biri lazımdır. Gənc idmançılar bilməlidirlər ki, il ərzində qazandıqlarının yarısını, bəzən hamısını superbahalı maşına verib ora-bura çırpınca, gecə klublarının daimi müştərisinə çevrilincə, öz idman karyeralarını bacardıqca uzunömürlü və uğurlu etmək, qazandıqları sərvəti idmandan sonrakı həyatlarında səmərəli xərcləməyi düşünsələr daha yaxşı olar.

Bizə qoşulun