Medianews.az
Saxta profillərlə siyasət
158 baxış

Saxta profillərlə siyasət

images_dekabr_kose xalid kazimli
AXCP-dən istefa verən və ondan iki-üç gün sonra ürəyini deşən sözləri “Yeni Müsavat”a danışan Razi Nurullayevin söhbətinin bir hissəsində mən də iştirak etdim.
Adamın ürəyi dolu idi, danışdıqca danışırdı, onun rəvan təhkiyəsini hərdən suallarla bölməli olurduq.
Əslində Razi bəyin dediklərində bizim üçün yeni şeylər az idi. Biz ölkənin siyasi arenasını da, onun əsas fiqurantlarının xasiyyət, iş, mübarizə üsullarını da, demək olar ki, incəliyinə qədər bilirik.
Bununla belə, mətbəxdən çıxıb gələn şəxslə mətbəxin havasını gendən duyanların təəssüratları eyni deyil. Razi Nurullayev verdiyi müsahibədə və ertəsi gün keçirdiyi brifinqdə bildiklərimizi daha da cilaladı və daha aydın mənzərə yaratdı.
İndi bəziləri deyir ki, o, indiyə qədər niyə susurdu, niyə danışmırdı. Yox, susmurdu, özünə yaxın hesab etdiyi şəxslərə bir çox şeyləri danışırdı, sadəcə, ictimailəşdirmirdi, müsahibə vermirdi. İndi isə zərbə alıb və danışmağa məcbur olub.
Bir daha sübut olunur ki, ölkədəki aparıcı partiyaların daxilində yaradılmış atmosfer ideal deyil, hamısında problemlər var.
Hazırda müxalifət partiyalarının içindəki ziddiyyətləri qabardan hakimiyyət təbliğatçıları YAP-ın daxilindəki totalitar Çin modelini müdafiə etmək qüdrətində, bu barədə nəsə demək imkanında deyillər.
Ölkənin ən totalitar, avtoritar rejimə malik partiyası məhz YAP-dır. Bu partiyada heç kəsin adi söz demək, mübahisə etmək haqqı yoxdur, heç kim özündən yuxarıdakı pillədə duranın sözünü çevirə bilməz, heç kəs rəsmi kursla uzlaşmayan kəlmə kəsmək iqtidarında deyil, hamı rəhbərliyin iradəsi qarşısında “ləbbeyk” deməlidir.
Ancaq məlum olur ki, bəzi müxalifət partiyalarında da bənzər mühit yaradılıb. İndiyədək rəy plüralizminin, partiyadaxili demokratiyanın hökm sürdüyünü güman etdiyimiz partiyalarda avtoritar idarəçilik bərqərar edilib: partiya sədri hər şeyə nəzarət edir, hər kəs onun göstərişlərinin qeyd-şərtsiz icraçısıdır, seçkili orqanlara sədrin barmaq tuşladığı funksionerlər seçilməlidir və sair və ilaxır.
Nurullayevin söhbətindən belə anlaşıldı ki, onun keçmiş partiyasında hətta sosial şəbəkə üzvü olan partiyadaşların fəaliyyətinə belə total nəzarət var: hamı bir-birini izləyir, kim kiminlə virtual dostluqdadır, kim kimin qeyd və şərhlərini bəyənir və s.
Bəlkə də hesab edirlər ki, belə olmalıdır, başqa çıxış yolu yoxdur. Amma bu, siyasi partiya mühiti deyil, daha çox dini sektalara və mafioz təşkilatlara xas strukturlaşma, idarəetmə üsuludur.
Fikir verin, bir adam bir partiyaya üzv olur, 7-8, bəzən 15-20 il can-başla çalışır, məhrumiyyətlərə dözür, təqib-təzyiqlərə məruz qalır, sıxıntılar çəkir, xidmətinin beş qəpik qiyməti olmur, amma elə ki, adam yolunu ayırmaq istədi, yaxud partiyanın kursu ilə üst-üstə düşməyən bir söz dedi, dərhal belinə xain, satqın damğası vurulur. İllərlə çörək kəsdiyi, yol getdiyi silahdaşları onların bütün əziyyətinin üstündən xətt çəkir, düşmən gözündə görür, şəxsiyyətini təhqir edir, ləkələməyə çalışırlar.
Son illərdə onlarla, yüzlərlə siyasi fəal, partiya funksioneri bu “dəyirman”dan keçib, cəmiyyətə “üstü unlu” buraxılıblar.
Bu üzdəndir ki, nə qədər funksioner, siyasi fəal öz partiyasından səssiz-səmirsiz ayrılır, bəyanat vermədən, öz addımını ictimailəşdirmədən bir küncə çəkilir, passivləşir, sıradan çıxır. Əksəriyyət söyülməkdən, xain adlandırılmaqdan, mənəvi-psixoloji terrora məruz qalmaqdan qorxur.
Bu üsullarla ölkədə nə demokratik mühit yaratmaq olar, nə siyasi uğur qazanmaq. Onsuz da siyasi baxımdan passiv olan ölkə ictimaiyyəti bu cür siyasi təşkilatların daxilini görür və bir az da məsafəli davranır, ona qoşulmaq istəmir.
Nurullayevin açıb dediyi “saxta profillər” məsələsi isə heç bir dəftərə-kitaba sığan deyil. Yəni yalnız virtual müstəvidə şiddətlənən siyasi mübarizə ilə, bu cür fəaliyyətlə uğur qazanmaq, ona ümid etmək mümkündürmü?
Belə görünür, yeni təşkilatlanmaya, yeni qüvvələrə ehtiyac var.

Bizə qoşulun