Medianews.az
Yetimin papağını qaytaracaqlarmı?
506 baxış

Yetimin papağını qaytaracaqlarmı?

images_dekabr_kose samir sariSiz heç yetimin papağının əlindən alınmasınə, qaytarılmasını və axırda onun necə sevindiyini görmüsünüz?  Mən təxminən 10 il öncə “Gənclik” metrostansiyasının tunelində şəxsən görmüşəm. Hətta bu barədə köşə də yazmışam.  İndi qısa şəkildə o olayı yenidən yazım, sonra mətləbə keçərəm.
Deməli, hadisə belə oldu. “Gənclik”də qatar gözləyirdim. Bir də gördüm ki, sol tərəfimdən şikayət, yalvarış səsləri gəlir. Baxdım ki, təxminən 25 yaşlı, hündürboy, sarışın bir oğlan dövrələmə duran və hırıldaşan 20-21 yaşlı gənclərə yalvarır, “noolar, papağımı qaytarın”. Onlar da papağı bir-birinə atır, məzələnirlər. Oğlanlar güman ki, idman akademiyasının tələbələriydi. Hündürboy oğlan isə heç de yetim deyildi, amma psixi xəstə olduğu bilinirdi. Arada o, başını sütuna söykəyərək ağlamağa başladı. Mən müdaxilə etmək, bunun müqabilində döyülməyi göz altına alaraq xəstə oğlana qahmar çıxmaq istəyirdim ki, gənclərdən biri onun papağını özünə qaytardı. Oğlan dərhal, bir saniyənin içində ağlamağını kəsdi (deyəsən, artistlik edirmiş) və gülümsər sifətlə papağını qaytaranlara ürəkdən təşəkkür etdi.
Bu hadisə yadıma bu gün ona görə düşdü ki, manatın bir gecədə 33 faiz bahalaşmasından iki gün sonra 3 faiz ucuzlaşmasına görə riqqətə gələn oğlanlar var və onlar “Manat bahalaşdı, dollar ucuzlaşdı” kimi başlıqlar verir, yarım saatdan bir xəbəri yeniləyir, anti-ajiotaj, anti-panika, anti-təlaş yaratmağa çalışırlar.
Əlbəttə, bu, saf niyyətdən, xoş məramdan irəli gəlir. Həmkarlar istəyirlər ki, maliyyə bazarında sabitlik yaransın, xəlayiqi sarmış əndişə və narazılıq daha da yoğunlamasın.
Amma yaxşı olardı ki, manatın bahalaşması gerçəkdən də üzüyuxarı, dolları ucuzlaşması isə üzüaşağı meyllənəydi. Ortada bir şey olmayandan sonra hamımız, bütün media əhli sözləşərək “Manat avrodan baha oldu, dollar su qiymətinə düşdü” kimi başlıqlar verə bilərik, amma əlindəki valyutasını dəyişmək üçün banklara axışan camaat adamın yeddi arxa dönəninə söyməzmi? Söyər. Hazırda camaat çox söyüşcüldür.
Bəziləri deyir ki, onlar bunu İP (mediada belə bir tuği-lənət var) üçün, yəni oxucu sayının artmasından ötrü edirlər. Çünki hazırda bu tip xəbərlər çox oxunur. Xalq kompüterin qabağında oturub maliyyə cəbhəsindən qaynar xəbərlər gözləyir. Bu üzdən dollar və manatın güləşməsinə dair isti xəbərlər verərək, çoxlu İP qazanmaq mümkündür. Ancaq xəbərlərin yanlış və ya qeyri-dürüst olacağı təqdirdə ikiqat artıq söyüş qazanmaq da qaçılmazdır.
İndi təsəvvür edirəm, dünənə qədər 78 qəpik olan, bu gün 1 manat 5 qəpikdən gedən dollar sabah 88 qəpik olsa, biz bu yeniliyi metroda papağı özünə qaytarılan oğlan kimi qarşılayacaq, böyük ruh yüksəkliyi ilə bunu dövlətin sadə xalqa atalıq qayğısı kimi qələmə verəcəyik.
Bəs aradakı 10 qəpik ziyan? O cəhənnəmə olsun. Əsas məsələ atalıq qayğısıdır, iqtisadi inkişaf tempidir, əhalinin rifah halının qayğısına qalmaqdır, 10 qəpikdən bir şey çıxmaz.
Amma olmur, biz bir az küyçü camaat olduğumuzdan əlində əmtəəsi olan hər bir şəxs hesab edir ki, malının qiymətini qaldırmasa, müflis olacaq.
Yaşıl dolların qiyməti qalxıb deyə kəndlərdə sarı samanın, qırmızı ətin, narıncı portağalın, sarı kökün, ağ almanın, yaşıl ispanağın qiyməti niyə qalxmalıdır ki? Bu mallar dollarla başa gəlir?
Sovet vaxtı belə şeyin adına möhtəkirlik deyirdilər və bu cür edənləri tutub cəzalandırırdılar. O hökumətin bircə şeyi yaxşıydı ki, qəfildən varlanmaq, başqalarını talamaq istəyənləri tutub ağzıbirə salırdı.
Ancaq indi elə deyil, vəzifəsindən istifadə edib bir gecədə varlanmaq istəyənlərə qoruq-qaytaq yoxdur. Ona görə də onlar o gün bir gecədə hamımızın cibinə girdilər.
Hazırda papağı başından götürülmüş oğlan kimiyik, gözləyirik qaytarsınlar. Qaytaranda neçə gündən bəri başımızın açıq qaldığını, bu üzdən əsəbiləşdiyimizi, naxoşladığımızı vecimizə almayacağıq.
Təki papağı qaytarsınlar...
 

Bizə qoşulun