Bəlkə də bu günlərdə ən doğru iqtisadi-siyasi addım siyasi məhbusları əfv etmək olardı. Çünki onları güclənən manatın hesabına, neft pullarının havasında tutmuşdular. İndi manat düşüb, neft pulu ölüb, camaatı zindanda saxlamağın mənası yoxdur. Çoxsaylı büdcə zəhmətkeşləri, paket maaşları qəfil kəsilən yaltaqlar ordusu da, məncə, bu addımı dəstəkləyər, prezidentin ətrafında daha sıx birləşərlər.
Siyasi məhbusları buraxıb təzədən tutmaqla Mərkəzi Bankın valyuta kurslarına maraqlı izahatlar da vermək olar. Örnək üçün, manatın 33 faiz ucuzlaşmasını hüquq müdafiəçisi İntiqam Əliyevin belinə yükləmək mümkündür. Sən demə, o, öz mühasibi ilə əlbir olaraq xaricdən maliyyələşir, milli manatımızı yıxmaq üçün qara qüvvələrdən dollar alırmış! Hələ jurnalist Xədicə İsmayılı demirsən! Onu hətta həftədə bir dəfə əvf edib təzədən tutmaq olar. Qoy bu da “siyasi məhbusun əfvi kursunda dalğalanmalar” adıyla ədəbiyyata düşsün, BDU-nun hüquq fakültəsinin tələbələri Roma hüququ yerinə bunu öyrənsinlər. Bizə Romanın nə dəxli var? Sezarı çoxdan öldürüblər. “Xədicə İsmayıl qanunsuz sahibkarlıqla məşğul imiş” - prokurorluq bəyəm belə demirdi? İndi məlum olsun ki, Xədicə xanım Amerikadan gələn gizli işpiyonlarla əlbir olub (o casusların bir hissəsini stolun altında gizlənən deputat Ceyhun bala qətiyyətlə ifşa etmişdi) dolların kursunu süni şəkildə qaldırırmış.
Yeri gəlmişkən, bu “süni şəkildə qaldırmaq” da maraqlı ifadədir, hər dəfə belə qiymət artımları olanda hökumət ortaya atır. Misal üçün, benzini özləri guya təbii qaldırır, amma hansısa zəhmətkeş benzinin qiymətindəki artımı satdığı malın üstünə gələndə bu olur süni. Yaxud Elman müəllimin bir gecədə manatın üçdə birini cırması təbii imiş, ancaq orta statistik Filman müəllim dükanda qiyməti artıranda süni hərəkət edirmiş.
Çox maraqlı yanaşmadır. Onlar nə etsələr təbii, camaat nə etsə süni çıxır. Hətta İqtisadi İnkişaf Nazirliyi adında bir zırıltı qurumun varlığı da adətən bu zəhmətkeşlərin qiymət artımlarına “süni” yarlıkı yapışdıranda ortaya çıxır. Qurum bəyan edəndə ki, qiyməti süni qaldıranların ağzını cıracağıq, o zaman camaat deyir, bah, belə nazirlik də var, şükür sənə ya rəbb! Hardasan, ay Fərhad Əliyev... Gəl nazirliyinin cəlalına bax... (Yəni Cəlal Əliyevin Mirşahin müəllimə dediyi kimi yaxşı sözlər de).
Bir az özümüz də düz eləmədik. Keçən il SİAR adında təşkilat sorğu qayırıb, Azərbaycanı dünya xoşbəxtlik indeksində 5-ci yerə çıxarmışdı. Birinci yerdə isə xalqın lüt gəzib kokos qozu yediyi Fici ada dövləti durmuşdu. Azərbaycanda rəyi soruşulanların 85 faizi “mən xoşbəxtəm” demişdi. Nəticədə göz dəydi. Sizə lazım idimi? Məncə gələn dəfə soruşan olanda yalandan “bədbəxtlik basıb, torpağımız düşmən əlindədir, seçkilər saxta keçir, gələcəyə heç bir ümid yoxdur, özümüz də ilk fürsətdə xaricə qaçırıq” demək lazımdır. Qoy dünyada elə bilsinlər biz xoşbəxt deyilik, ağzının suyunu axıdan, gözünü bərəldənlər olmasın.
Maliyyə bazarında sabitliyi bərpa etmək üçün zəruri addımlar sırasında aşağıdakıları da təklif edə bilərəm, niyə paxıllıq olsun, dövlət hamımızındır, fəxr edirəm ki, azərbaycanlıyam:
Valyuta dəyişmə məntəqələrini hasarlamaq.
Mərkəzi Bankın ətrafını dairələmə fəvvarə eləmək. (Orta əsrə aid salnamələrdə qala müdafiəsi zamanı ətrafda su kanalı qazılması tipində).
Manatı möhkəmləndirmək üçün onu söküb təzədən yığmaq. Dənizkənarı bulvara daş döşənməsi işində bu metod uzun zamandır yüksək səmərə verir - ordan nə valyutalar çıxarılıb...
Manatı daha da möhkəmləndirmək üçün onu alkoponla üzləmək, laqonda ilə qaşımaq, manatdan dollara, avrodan manata sərbəst hərəkət üçün bunlar arasında analoqu olmayan yerüstü və yeraltı keçidlər qayırmaq.
Hələlik bunlarla idarə edin, mənə ayrılan yer bitdi, inşallah, növbəti saylarda başqa səmərəli təkliflərimi yazaram.