Medianews.az
Qorxu filmləri
229 baxış

Qorxu filmləri

zamin yeni razBiz əslində bu respublikada çox şeyləri bilirik, eyni zamanda çox şeyləri bilmirik. Bəzi bildiklərimizi isə guya bilmirik. Hər halda özümüzü elə aparırıq. Misal üçün, Şəmkirin keçmiş icra başçısının törətdiyi qanunsuz əməllər haqda 10-12 il qabaq dastanlar yazılırdı. Ancaq təzəlikcə onun repressiyasının qurbanlarından biri türmədə hamilə qalıb uşaq doğanda elə bil Pandoranın yeşiyi açıldı. (Qədim yunan mifologiyasına görə Pandoranın qutusunda çoxlu bəlalar, xəstəliklər varmış, qutu açılıb bunlar yer üzərinə dağılır). Hamı guya şoka düşdü. Etiraf edim ki, mən özüm də yüngülvari titrətmə oldum: Aslan Aslanovun 2003-cü ildə tutdurduğu adamların siyahısını görəndə. Adam bütöv bir nəsili uşaqlı-böyüklü, qocalı-qadınlı türmələrə basıbmış!
Yaxşı, tutaq ki, icra başçısı əmr elədi, arvad-uşağı konsentrasiya düşərgəsinə yığıb apardılar. Bəs bu əmri yerinə yetirən polislərdə, prokurorlarda, zindan işçilərində və sairə saysız-hesabsız şər mexanizmlərində, vintciklərində ədalət, insaf, vicdan, əxlaq yox idimi? Demək yox imiş. Gözlərinin qabağında bu qədər vicdansızlığa susan şəmkirliləri deputatxanada Etibar Hüseynov, Mübariz Qurbanlı kimiləri təmsil eləməyə göndərilibsə, bu da təsadüfdürmü? Yoxsa Füzuli, Kürdəmir, Gəncə, Binəqədini... təmsil edənlər daha yönlüdür?
Dəfələrlə başıma gəlib, istəsəniz siz də bu eksperimenti aparın: sosial şəbəkədə Yer kürəsini, dünyanı, hətta Azərbaycanı tənqid edin. Heç kimin vecinə olmayacaq. Ancaq hansısa rayon, məhəllə haqda güldən ağır söz yazın - çaqqal ulaşması düşəcək. Çünki bu, cəmiyyət deyil, ümumxalq, bəşəri təfəkkürü çox zəif bir toplumdur. Mağarasını fikirləşir, qalanı cəhənnəmə olsun. Lamiyəni tutublar? Əcəb ediblər. Mənim bacım deyil. Türmədə zorlayıblar? Gərək ora düşməzdi. Neyləmək olar, taledir. Qismətdir.
Bayaq 2003-cü ili havadan xatırlatmadım. Yadınıza gəlirmi həmin ildəki hoqqalar? İstəsəniz bu da bir bəraət olsun bizə: “Əşşi, başımız o boyda hoqqaya qarışmışdı, Şəmkir hardan yadımıza düşəydi?”
Penitensiar sistemin uydurduğu versiyalar isə hətta telekanalizasiyaların səpmiş üzünə yaxmağa da yaramadı. O qədər gülünc versiyalar uydurdular ki, neçə gündür zarafatcıl oxuculardan məktublar alıram: “Uzun illərdir evliyik, uşağımız olmur, Mədət müəllimin perinatal-penisentiar sistemindəki tibbi xidmətdən yararlanmaq üçün nə edək?” Nə edəcəksiniz, bir-iki dəfə hökumətin əleyhinə danışın, sizi tutub türməyə salsınlar. Ondan sonra içəridə görüşün, ya da bir-birinizə qabda toxum göndərin. Türmələrimiz inkubator sexləri kimi bir yerdir, yapistlər oralarda yeni insan tipləri yetişdirirlər.
Dünən bir başqa dərdi qazıb çıxarmışdılar. Gəncədə arvadını öldürən manyak yaxalanıb. Məlum olub bu, onun öldürdüyü 2-ci arvadıdır, bir arvadı da 2004-cü ildə öldürübmüş! Bəs bu 11 ildə niyə bir köpəyoğlu soruşmayıb ki, o ikinci arvad hardadır? Üstəlik, bu manyak ümumən 3 dəfə evlənibmiş, hər dəfə də özündən 10-20 yaş cavan qızları alırmış. Bu qızların ağlı hardadır? Təhsilsizlik, cəhalət, kasıblıq, mövhumat... Bunlardan törəyir bütün problemlər. Ancaq sən Gəncədə bu mövzularda konfrans, seminar eləmək istəsən yüzlərlə “lələ” çıxar, sənin ağzını partladıb qana bülənd eləyər. Hələ şəhəri qeyri-rəsmi “İmamzadə şəhəri” elan eləməklərini demirəm.
Bircə Alfred Hiçkok çatışmır ki, bu qətl, zorlama, psixoloji terror səhnələrindən qorxu filmləri çəksin. Məsələn, Gəncədəki olaydan“Psixo” filmi çıxar. Şəmkir olayını isə “Quşlar” filminin remeyki kimi ssenariləşdirmək mümkündür - qarğaları keçmiş icra başçısı hesab eləsək...

Bizə qoşulun