Medianews.az
Başınıza meteorit düşsün
228 baxış

Başınıza meteorit düşsün

zamin yeni raz
Dünən internetdə oxuduğum bu xəbəri dəyərli oxucularımla bölüşməyə dəhşətli ehtiyac duydum: “Azərbaycanın ilk veb-saytı olan science.gov.az-ın əməkdaşı Nərgiz Qəhrəmanovaya yeni vəzifə verilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən xəbərə görə, o, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və Elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub”.
Daha sonra yazmışdılar ki, Nərgiz xanım BDU filologiya fakültəsini bitirib, hazırda da Odessa Politexnik Universitetində magistraturada oxuyur. AMEA-nın filoloqu kompüterçiyə necə çevirdiyini bir qırağa qoyaq, ümumiyyətlə, biz Nərgiz xanımı tanımırıq, tanımadığımız adam haqda fikir yürüdə bilmərik. Bəlkə o, hazırda nəsə elmi kəşf edir? Bəlkə o, Nobel mükafatını respublikamıza gətirəcəkdir? Mən sadəcə bu xəbərdən başqa mətləblər öyrəndim.
Örnək üçün AMEA-da “elmin populyarlaşdırılması” adında bir idarənin varlığını bildim. Şok xəbərdir. Bunlar nəinki elmi öyrənirlər, hətta onu xalq arasında yayırmışlar! Bəs necə yayırmışlar? Gəlin bu haqda elə xəbərdə adı keçən AMEA saytına - science.gov.az saytına baxaq. Elə gözəl saytdır, necə deyərlər, iki göz, 3 D formatlı eynək lazımdır tamaşa eləsin!
Məsələn, saytın ən son yenilənməsi dünənə təsadüf edir və 2 xəbərdən ibarətdir. Bunlardan biri Şəmkirdən tapılan qab haqdadır. Oxuyaq: “Arxeoloji tapıntı ağzının kənarlarındakı yuvalara dörd quş fiquru keçirilmiş çölmək tipli qabdan ibarətdir. Təəssüf ki, qabın əsli muzeyə təhvil verilməmişdir. Hazırki qab əslinin qrafik təsviri əsasında muzeyin Bərpa laboratoriyasında bərpaçı-rəssam Əmiryusif Zəvərov tərəfindən gipsdən düzəldilmiş və qara boya ilə rənglənmişdir”. Ta bu qabın əsli hardadır, hansı nazir xaricə satıb, yaxud hansı akademik evində aftafa kimi işlədir - sayt bu haqda bizə heç məlumat vermir. Milli Tarix Muzeyində insanlara Zəvərovun düzəltdiyi qabları “arxeoloji qazıntı” adıyla sırımaq nə dərəcədə düzgündür? Əcəb populyar idarədir!
“10 aprel 2015-ci il tarixdə AMEA İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə ”Saxta erməni soyqırımı: uydurma və gerçəklik" mövzusunda konfrans keçiriləcək" - bu da ikinci xəbərdir. Saxta işlərə bu qədər vaxt ayırınca AMEA İHİ bəlkə Azərbaycanda yüzlərlə siyasi məhbus olmasını da araşdırsın? Əlbəttə, zarafat üçün yazdım. Qorxmayın. AMEA-dan elə qeyrət gözləyəcək qədər səfeh deyiləm.
AMEA xəbərləri 16 fevraldan dərhal 13 fevrala keçir, bunu da başa düşürük - şənbə-bazar alimlərimiz ağır işdən sonra dincəliblər, kabab yeyib çoxlu gəyiriblər. O üzdən, 13 fevral xəbərlərinə baxıb lap həzz alırıq. Buyurun: “AMEA Şamaxı Astrofizika Rəsədxanasında ”Ay fazaları və təqvim hadisələri" mövzusunda regional elmi seminar keçirilib.
Qafqaz Müsəlmanları İdarəsi və İran İslam Respublikası Tehran Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Fuad Nurullah, Tehran Universiteti Geofizika İnstitutunun rəhbəri, doktor Fərhəng Əhmədi və başqaları seminarın əhəmiyyətindən danışaraq, onun işinə uğurlar arzulayıblar.
İki gün davam edən seminarda “Şamaxı Astrofizika Rəsədxanasının 60 illik fəaliyyətinə qısa baxış”, “Ay fazaları ilə bağlı Azərbaycan təqvimlərinin tərtibi”, “Yeni Ayın görünməsinin meyarları”, “Şəri vaxtların müşahidə aspektləri”, “Şəri vaxtlarının və Yeni Ayın hesablanmasının metodları və proqramları” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə dini bayram və mərasimlərin dəqiq tarixinin, vaxtlarının təyin olunmasının vacibliyi vurğulanıb. Mövzular ətrafında geniş müzakirələr aparılıb. Sonra tədbir iştirakçıları rəsədxananın 2-m teleskopu və müşahidələr zamanı istifadə edilən cihaz və avadanlıqla tanış olublar".
Məncə AMEA növbəti seminarını “İnternetə girmək halaldırmı” mövzusuna həsr eləsin. Ukraynada oxuyan populyarizator Nərgiz xanım da seminarı geniş işıqlandırsın.
Ay qopub düşsün təpənizə!
 

Bizə qoşulun