Heç kəs inanmadı. Bu "yalançının evi yandı" məsələsi də deyildi. Hətta bu, zindanbaşıların ilk yalanı olsa belə, yenə heç kəs inanmayacaqdı.
Çünki ictimaiyyət və media Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məhkum qadın Lamiyə ilə bağlı həqiqətləri söyləyəcəyini gözləyirdi.
İnsanlar bu həqiqətlərin nədən ibarət olduğunu aşağı-yuxarı bilir. Ortada xeyli şahid ifadələri, məhbəs qayda-qanunlarını bilən, yatıb-çıxan şəxslərin, tibb mütəxəssislərinin rəyləri var. Onlarda xırda-para yanlışlar ola bilər, amma yalan yoxdur.
Hamı bilir ki, bir məhkum qadının ürəyi istədiyi vaxt məhbəsdə, dörd divar arasında özünə seksual partnyor tapması mümkün deyil. Məhbəs lüks otel deyil, məhkum da nömrəsinə rəqqasələr dəvət edə biləsi milyonçu deyil.
Ona görə də Lamiyə Quliyevanın hamilə qalmasının, sonradan ana olmasının zorlama aktının nəticəsi olması versiyasına inananlar çox idi.
Ondan qisas almaq, onu zorlatdırmaq istəyən ortadadır və adı da isimin bütün hallarında çəkilir.
Zatən, gənc qadının sifariş əsasında 3 dəfə (ikisi heç nə üstündə) məhkum edilməsi faktı ortadadır və bunlardan sonuncusu hakimlərə belə ədalətsiz görünüb - hökmü ləğv ediblər.
Lamiyənin Elnur Rəsulov adlı məhkumdun hamilə qalmasından öncə ictimai rəyi hazırlamaq üçün ortaya hamiləliyin süni mayalanma yolu ilə baş tutması versiyasının mediada qeyri-dəqiq, qərəzli və vicdansızcasına yaydırılmasından sonra belə bir açıqlamanı güman etmək olardı.
Elə də oldu. Penitensiar Xidət mediada gedən absurd, cəfəng olduğu qədər də murdar və iyrənc bir versiyaya əl atdı.
Belə bir hadisənin baş verməsi tibb elmində inqilabi çevriliş sayıla bilər, ancaq ədliyyə sistemi üçün ləkədir - sperma ləkəsindən də betər.
Bəziləri hələ əvvəldən Lamiyənin məhbəsdə ana olması məsələsinə onsuz da istehza, lağlağı predmeti kimi yanaşırdı, penitensiar xidmət son açıqlaması özünü daha da gülünc günə qoydu.
Belə anlaşıldı ki, gümanlar düzmüş, məqsəd uşağın atasını tapmaq deyilmiş, ört basdır etmək, kiminsə böynuna qoymaq imiş.
Həm də bu "boynuna qoyma" prosesi ilə aparılmalıydı ki, dölün Lamiyənin boyuna düşməsi çox da kriminal səciyyə daşımasın, tutulan, işdən qovulan olmasın.
Əks təqdirdə xeyli adamın yaxası əldə qalacaqdı. Zorlama hadisəsi olubsa (belə anlaşıldı ki, olub), zorlamada iştirak edənlər, ona şərait yaradanlar, xəbəri olub göz yumanlar - bir xeyli adam məsuliyyətə cəlb edilməliydi.
Zorlama hadisəsi olmayıbsa, hər şey "ürək-könül məsələsi" çərçivəsində baş veribsə belə, yenə iki məhkumun görüşünü təşkil edənlərdən, ona göz yumanlardan, bundan məlumatlı olub xəbər verməyənlərdən haqq-hesab sorulmalıydı.
İndi isə hamı sudan quru çıxır. Heç demə, hər şey rəvan və hamardır: intim görüş olmayıb, platonik eşq sperma mübadiləsi ilə yekunlaşıb.
Bəs spermanı törədicidən alıb dişiyə kim çatdırıb - heç olmasa, onun da adını elan edəydilər.
Bu xalqın, medianın başına corab hörmək cəhdidir və buna nə cəmiyyət, nə də mətbuat inanmır, inanmayacaq. Başqa vaxt sifət qorumaqdan danışanlar da gərək sussunlar və öz vicdansızlıqlarını davam etdirib, haqq-ədalətin ağzına daş basılmasında iştirak etməsinlər.
"Nə oldu, qəzetlər Lamiyənin uşağının atasını tapmadımı" kimi rişxəndli sualları tez-tez səsləndirənlər də bilsinlər ki, məqsəd uşağın atasının kim olmasını öyrənmək deyil, bu, Elnur da ola bilər, istənilən ad daşıyan başqa kişi də. Əsas məsələ 15 yaşından məhbəs köşələrində iztirab çəkdirilən o binəsib qadının başına hansı qanundankənar işlərin gətirilməsini olduğu kimi öyrənib ortaya qoymaqdır.
Hələ bu qalmaqal bununla da sonuclanmır. Orta ranqlı bir məmurun ayrıca götürülmüş bir rayonda necə fironluq etməsi, insanlarla orta əsrlər xanı kimi davranması, bunun nəticəsində nə qədər insanın taleyinin şil-şikəst edilməsi məsələsi də gün işığına çıxmalıdır.
Mövcud iqtidar komandası əlində bomba partlamış, xirtdəyə qədər nəcis çuxuruna girmiş üzvlərini bu sayaq qoruyarkən, baş vermiş və artıq faş olmuş cinayətlərin də ört-basdır edilməsinə rəvac verir. Seçki ilində bu, çoxmu uğurlu addımdır?
Əksinə olmalıydı. Bu işdə birinci, ikinci, üçüncü dərəcəli rolu olan hər bir kəs məsuliyyətə cəlb edilib cəzalandırılmalıydı.
Başqa vaxt, mentalitet-mentalitet deyirlər. Bizim mentalitetimizdə namus cinayətinə göz yummaq varmı?
