Medianews.az
Gold dialoq
225 baxış

Gold dialoq

zamin yeni raz Dövlət başçısının son günlər imzaladığı saysız-hesabsız sərəncamların - bu sərəncam yağışı da diqqət çəkəndir - içərisindən biri mənə maraqlı gəldi. Sərəncamda “əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək” yeni bir dövlət qapalı səhmdar cəmiyyətinin yaradılması nəzərdə tutulurdu. Qurumun adı isə “AzerGold” olacaq. Məni səhmləri guya dövlətə məxsus olacaq, əslində isə gəlirləri növbəti ofşor hesablara yerləşdiriləcək bu qurumun gələcəyi o qədər də maraqlandırmır. Prinsipcə, Azərbaycanın əlvan metal yataqları da o qədər böyük sənaye potensialına malik deyil. Gədəbəydə, Balakən zonasında, Gəncə tərəflərdə 3-4 yataq var, onları da “Siemens”dən üzübəri, SSRİ də içində olmaqla, yadellilər silib-süpürüb aparıb. Kəlbəcərdəki qızıl yatağımızı da bu saat ermənilər daşıyır. Mən sadəcə quruma qoyulan ada etirazımı bildirirəm. “AzerGold” nə deməkdir? Bəs yapistlər bizim milli dəyərləri, ana dilini-filanı guya sevirdilər? O zaman quruma qoyulan bu əcaib əcnəbi adın anlamı nədir? Niyə “Azər” yox, “Azer”? “Gold” sözü ingiliscə “qızıl” deməkdir, bunu bilirik, ancaq bu qızılı ingilis dövlətimi çıxardır? Üstəlik, “gold” sözündəki “g” hərfi ingiliscə “q” kimi oxunur, bizim dildə isə bu elə yazıldığı şəkildə - “g” oxunur. Yəni qurumun adı azərbaycanca transkripsiyada lap iyrənc səslənir. Azərbaycanda səhmləri dövlətə məxsus xeyli başqa qapalı səhmdar cəmiyyəti var. Örnək üçün, Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, Dəmir Yolu, AzTV və sairəni göstərə bilərik. Ancaq bunların heç birisinin adı prezident sərəncamında ingiliscə yazılmayıb. O cümlədən, “Azer” də yazmayıblar. Hətta “Azərkosmos”da da bu yoxdur. Bəs bu “AzerGold”un izahatı necədir? Prezident Administrasiyasından böyük həyəcan və intizarla cavab gözləyirəm. Ümid edirəm suala görə Kürdəxanı zindanına ezam edilmərəm. Şirkətin adını hər hansı xarici əlaqələr, investisiyalarla yozmaq cəhdlərini də öncədən dağıtmaq istərdim. Ona qalsa Dəmir Yolu və Gəmiçiliyin xarici əlaqəsi daha çoxdur. Başqa yöndən, bizim hələlik tam qüvvədən düşməmiş konstitusiyamızın 21-ci maddəsində ana dilimizdə açıq xəttlə bu cümlə yazılıb: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Dövlət adından yaradılan səhmdar cəmiyyətinə “gold” adı qoymaq həm də konstitusiya pozuntusudur. Dil məsələsini qayırdıq qurtardıq, indi daha köklü problemlərə keçə bilərik. Dünən Prezident Administrasiyası da müxalifət partiyaları ilə görüş keçirib. Hakimiyyət buna “iqtidar-müxalifət dialoqu” adı qoyur, biz də nə ad qoyulmasından asılı olmayaraq hər hansı söhbəti alqışlayırıq. Təki insanlar söhbət eləsin, bir-birinə şıllaq atmasın. Eyni vaxtda Minskdə Ukrayna probleminə adi beynəlxalq görüş də keçirilirdi, hesab edirəm (ta özünüz bilirsiniz - Arif bəyin elədiyi hesabdır bu - Z.H.) Azərbaycanda iqtidar-müxalifət dialoqunun Almaniya-Rusiya-Fransa-Ukrayna dördtərəfli görüşündən qəti fərqi yoxdur. Planet üçün hətta bizimki daha önəmlidir, çünki cəmi 2 ay qabaq PA-da həmin YAP, BİP, BAP, BOP, BOM partiyalarımız arasındakı dialoq nəticəsində planet 2015-ci ilə girdi. Yoxsa girməzdi. Böyük nəticələr var. Üstəlik, bu dialoq Azərbaycanda müxalifət partiyalarının hələ hardasa kolluqda-filanda yaşadığını isbata yetirir. Yoxsa yapistlər həmişə deyirdi müxalifətin nəsli Tasmaniya canavarları, Mavriki dodo quşu kimi kəsilib. Şükür, qalırmışlar. Nəhayət, dövləti iclasda təmsil edən Əli Həsənov daha bir müjdə verib: “İclaslar davamlı olacaq, hər iki aydan bir. Növbəti iclasın mövzusunu da partiyalar arasında müəyyən edəcəyik. Qərara gəlindi ki, hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın, siyahı bütün partiyalara göndərilsin, partiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılsın”. Mən təxminən belə başa düşdüm səsvermə olacaq. Hansı mövzu daha çox səs yığsa onu danışacaqlar. Səsverməyə nəzarət isə Əfruz xalaya tapşırılacaq.

Bizə qoşulun