Medianews.az
Əsəbi əsgərin atası
177 baxış

Əsəbi əsgərin atası

zamin yeni raz
Hazırda ölkəmizin gündəmində bir neçə aktual mövzu fırlanır. Bunlardan birincisi odur ki, telekanalizasiyada işləyən əkiz bacılar Balakənin Naxçıvanda yerləşdiyini söyləyiblər. İkincisi ondan ibarətdir ki, deputatxana üzvü yol polisinə dana deyibdir. Üçüncüsü tarixi abidəmizə - Qız qalasına aiddir.
14 fevralda bir hotel qalanın başında sevgililərə kürü və şampan qonaqlığı qayırır, cəmi 100 min manata. Öncədən deyim bütün yerlər tutulub. Pensiyaçı qoca və qarılarımız xüsusilə bu tarif paketinə maraq göstəriblər - “Sevgililər günü”ndə özlərinin qızıl-brilyant toylarını qeyd eləmək istəyən çoxdur.
Müsavat Partiyasında da qurultaydan sonrakı təmizləmə işləri yüksək sürətlə aparılır. Başını qaldıranı vururlar. Zarafat edirəm, heç kimi vurmayıblar - patron almağa vəsait yoxdur. Sadəcə, təzə başqan köhnə başqandan qalma problemləri aradan qaldırmaqla məşğuldur. Bizim ölkədə isə əsas problem həmişə insanlar olmuşdur. “Təzə başqanı bəyənmirsən! Part! ADR qurursan? Adə, sən bəyəm Rəsulzadə yolundasan? Part! Bunu da aşırtdıq. Əlhəmdüllah, rəbbülaləmin! Qələbə bizimdir, olmuşuq əmin!”
İntəhası adam fikirləşir ki, əks danışanları qova-qova o boyda partiya (müsəlmanlar milyard yarımla, yapistlər 1 milyard yeni iş yeri ilə ölçüldüyü kimi Müsavat da “yüz ilin partiyası” ilə ölçülür) məşhur lətifədə deyilən kimi, kirə çıxsın. Bu isə bizə yaraşmaz. Məncə, qovulanların hamısını geri qaytarsınlar, dəxi 20-30 il partiyadaxili söz azadlığından həzz alaq, qırğın getsin. Yoxsa indi elə bil təkqapı oyun gedir. Ümid edirəm bu yazıdan sonra məni partiyanın Divanına çağırmazlar. Qorxaq adamam, yolda ürəyim partlayar, ölərəm. Sonra deyərlər Rəsulzadə-Elçibəy yolunda bir şəhidimiz də var. Məncə, xalqımız bunu istəməz. Xalqımız məni sevir. Mən də xalqımızı sevirəm.
Ölkə daxilində bu cür əmin-amanlıq şəraitinin yaranması, əlbəttə, cəsur generalımız, paşamız, sərkərdəmiz, Koroğlumuz, Cavanşirimiz, Babəkimiz... Yox, yaxşısı budur Babəki yazmayaq hələ, nəsə ortada mübahisə var. Uzun sözün qısası, Zakir müəllimin xidmətləridir. O gələndən bəri cəbhə xəttində böyük irəliləyişlər var. Məsələn, deputat Zahid Oruc demişkən, bəzi yerlərdə hətta 20 qarış qabağa getmişik. Dünən isə xəbər yayılıb ki, bir əsgər ağır yaralı hospitala qoyulub, əsgərin atası deyir oğlumu polkovnik komandiri vurub. MN cavab atəşiylə əsgər atasını dərhal susdurub (bunlarda da başqan dəyişikliyi keçən ildən əməllicə hiss olunur - ordudan pis danışanı dərhal susdururlar, daha Fəvvarələr bağına yığışmağa imkan verilmir). Ancaq nazirliyin açıqlamasında bir hissə mənə çox maraqlı gəldi. Sitat: “Aydın Tarverdiyev oğlunun məsuliyyətdən yaxa qurtarmasına çalışmaq məqsədilə böhtan xarakterli xəbərlər yayır və ictimaiyyətə qeyri-dəqiq, qərəzli məlumatlar verir. Halbuki söhbət zamanı əsgərin atası oğlu Çingiz Tarverdiyevin uşaq vaxtlarından əsəbi olduğunu bildirib. Bundan əlavə, o qeyd edib ki, oğlu Çingiz Tarverdiyev hərbi xidmətə gəlməmişdən əvvəl də davranışlarında aqressiv olub. Əsəbiləşəndə özünü idarəetməni tez-tez itirir, bu səbəbdən də atasının sağ əlinin barmağına balta ilə xəsarət yetirib, iki qardaşına bıçaqla hücum edərək onları da bıçaqlamaq istəyib”. Sitatın sonu.
MN demək istəyir, bu əsgər elə qabaq da dəli olub. Bəs bunu orduya niyə aparmısınız? Üstəlik, cəbhə xətti kimi vacib yerə. Ancaq belə sadəlövh sualı avamlar verər, biz avam deyilik. Əsəbi oğlanları cəbhə xəttinə göndəriblər ki, düşmənə qan uddursunlar. Zakir müəllim bunun avtobioqrafiyasına (guya tərcümeyi-hal yazanda bizim dildə olurmuş) baxanda görüb atasının sağ əlinin barmağını baltalayıb - dəqiqliyə baxın, əsgər haqda hər şeyi bilirlər, bəlkə də kəşfiyyat rotası evə gedib! - ondan sonra qərara alınıb bu cür qiymətli kadrın yeri məhz ön cəbhədir.
Bəs indi bu niyə yaralanıb və atası günahı polkovnikin üstünə atır? Çox sadə səbəbdən: elə bunu atası özü yaralayıb! O vaxtkı baltanın qisasını almaq üçün gizlicə, qaranlıqda, səhər saat 5 radələrində cəbhə xəttinə yaxınlaşıb, uşağı vurub qaçıb.
Lənətə gələsən səni... Elə bilir bununla nəyəsə nail olacaqdır.

Bizə qoşulun