Medianews.az
Basatı gözləyərkən
155 baxış

Basatı gözləyərkən

zamin yeni raz

“Gözüm, gözüm yalnız gözüm! Sən yalnız gözlə mən Oğuzu sındırmışdım"

(“Dədə Qorqud” dastanından)

Dünən bir xəritəmiz hazırlanıb, bu münasibətlə tədbirdə PA-nın şöbə müdiri Əli Həsənov çox tarixi söz deyibdir: “Bu xəritənin hazırlanması Qarabağ probleminin ədalətli həllinə töhfə verəcəkdir”.
Biz buna heç şübhə eləmirik. 21 ildir yapistlər hakimiyyətdə idilər və niyə bir qarış torpaq ala bilməyiblər? Xəritə yox idi! Məsələ bu qədər sadədir. İndi Qarabağın yolunu-yolağasını tapdıq. 21 il də xəritəni öyrənməyə gedər, inşallah, ona qədər də ya xan ölər, ya xəritə cırılar.
Ümumiyyətlə, xəritələşdirmə, kodlaşdırma kimi işlərə biz ciddi diqqət ayırmalıyıq. Təzəlikcə bu yöndə görkəmli filosof-patoloqoanatom-politoloq-geopolitik-araşdırmaçı-qarışdırmaçı alimimiz Sərdar müəllim Cəlaloğlu (ən son elmi araşdırmalarından biri Eynşteynin gicbəsər olmasının isbatına həsr edilmişdir-Z.H.) maraqlı təşəbbüs irəli sürdü. Bəy dövlət başçısına müraciətində yazırdı: “Azərbaycanda milli kodlaşdırmaya ehtiyac var. Biz Nadir şahı, Qacarı, Səttarxanı dünyaya tanıtdırmalıyıq. Bu yöndə dövlət proqramları hazırlasanız qəşəng olardı”.
Əlbəttə, Nadir şah Yunus Oğuzun bostanıdır və Sərdar bəy niyə bu mövzuya girir - ilk baxışdan anlaşılmır. Ancaq milli kod vacibdir axı! Biz Səttarxanı dünyaya tanıtdırsaq, nəticədə “20 yanvar” metrosunun üstündə “Sumqayıt! Sumqayııııt! Qabaq yer! İndi çıxırıq!” tipli geopolitik anlaşılmazlıqlar da çözülər. Böyük adamlar belədir. Sərdar Cəlaloğlu Qacarı, Cəmil Həsənli Anarı dünyaya tanıtdırsa, bəlkə bizim heç Əli müəllimin xəritəsinə ehtiyacımız olmaz, ermənilər qaçar gedər, Qarabağ bizə qalar. Sən öl vurmuram, səni istəməyənlər ölsün! Vallah! Billah!
Hələ gör multikulturizm, mollalar və “hamımız naxçıvanlıyıq” məsələləri üzrə dövlət müşaviri Kamal Abdulla neyləyib. Dəhşətdir. Adam birbaşa senzuranı yarıb. Dövlətin yarıtmaz repressiv siyasətini darmadağın edib. Əsl yazıçı istedadı budur, yenə sən ölmə! Axırıncı dəfə Azərbaycanda belə möhtəşəm hadisə Fikrət Qocanın Kürdəmir pambıqçılarının ağır vəziyyətini nəzərdə tutub yazdığı “Vyetnam, balanam sənin!” poemasında olmuşdu. İndiki gənclər, əlbəttə, belə şeyləri qanmazlar. O vaxt sovet senzurasını yarıb şeir, roman qayırmaq, orda əzilən xalqın səsini vermək böyük ustalıq tələb edirdi. Misal üçün, Rəsuz Rza “Sarı dana” şeirinə görə nə qədər təzyiq görmüşdü! Hətta bir il Soçiyə gedə bilməmişdi, azğın bolşeviklər onu putyovkasız qoymuşdu. O cümlədən, çox adamlar bilmir, əslində Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsindəki su bakı” romanı (bəli, senzura axırıncı iki sözü kəsib!) sovet “xruşşovkalarında” yaşayan zəhmətkeş insanların dama çıxmaq üçün JEK-dən icazə alması probleminə həsr olunmuşdur.
Nə isə, qayıdaq Kamal müəllimin hərəkətinə. Bugünlərdə Kamal Abdullanın rəhbərliyi altında “Dədə Qorqud” dastanındakı Təpəgözə həsr olunan beynəlxalq iclas olub. Qısa arayış verim ki, “Basatın Təpəgözü öldürməsi boyu” dastanın Avropada ilk dəfə çap edilən boyudur. 1815-ci ildə bunu bir alman alim edibdir. Əlbəttə, Azərbaycan həqiqətlərini dünyaya tanıdan həmin alim Fridrix fon Ditsin adı daim qəlbimizdədir, nə olsun ki, indi AzTV demişkən, Almaniya dağılır? Biz yalnız qara rəngləri görməyək.
Uzun sözün qısası, Kamal müəllim tədbiri “Təpəgöz boyunun aşkara çıxmasının 200 illiyi” adıyla keçirdib. Bax, yazıçı cəsarəti, milli qeyrət, vətən yanğısı da elə burdadır! İzah edim.
Qeyd elədiyim kimi, əslində dastanın 8-ci hissəsi olan o boyun adı “Basatın Təpəgözü öldürməsi”dir. (Orijinalda “Basat Dəpə gözi öldürdügi boyı bəyan edər, xanım, hey!” adlanır). Yəni Kamal müəllim istəsə tədbirdə vurğu Basat üzərində də qurula bilərdi. Amma o, Təpəgözü qabağa çəkir! Demək istəyir ki, hazırda ölkəmizdə Təpəgöz bir sistem var, oğuz elini basıb yeyirlər, dörd oğlu olanın iki, üç oğlu olanın iki uşağını cəbhə xəttinə basıb vurdururlar. Yüzlərlə təpəgözlər icra hakimiyyətlərində, məktəblərdə, xəstəxanalarda, hüquq mühafizə sistemində oturub xalqımıza qan uddururlar.
Basat isə yoxdur. Olsa Kamal müəllim tədbirdə onun da adını çəkərdi.
 

Bizə qoşulun